• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qadınlar bir–birinin ətini niyə “yeyirlər“?

Qadınlar bir–birinin ətini niyə “yeyirlər“?

Qadın yaranmışların ən zərifi, ən gözəli, ən qeyri-müəyyənidir. Qadınlar haqda belə bir söz var, alimlər qadınların nə düşündüyünü tapan kimi, qadınlar fikirlərini dəyişdilər. Başqa bir söz də var ki, qadını başa düşməyə yox, onu sevməyə çalış...

Qadın-kişi münasibətlərinin anlaşılmaz tərəfləri həmişə müzakirə mövzusudur. Ancaq iki qadının bir-birinə münasibəti isə daha qapalı mövzu olduğu üçün ora həmişə hamı buraxılmır.

Kişilər həmişə qadın həmrəyliyindən danışır. Feministlər isə kişilərin ən qatı düşmənləridir. Amma bu həmrəylik realda özünü doğrultmur. Feministliyi yerə qoyub, vicdanı götürsəm, etiraf edərəm ki, qadınlar bir-birlərinin uğurlarını həmişə sevinclə qarşılamır. Qadın qısqanclığı başqa qadına qarşı çevriləndə bu, qısqanclıq yox, paxıllıq olur. Sizi bilmirəm, mən hələ saçlarının gözəlliyinə paxıllıq elədiyi üçün dostunun evinə gəlib saç şampununa xlor qarışdıran kişi görməmişəm. Bu hadisə keçən il Türkiyədə baş verib. Həbs olunan qız bunu neçə müddətdir ki, planlaşdığını deyib...

Pas dəmiri yeyən kimi, paxıllıq da insanı çürüdür.

Qadın dostluğu nadir hallarda uzunmüddətli olur. Bu qısa müddətliyə isə səbəb qadınların rəfiqələrinin uğurlarına dözümsüzlüyüdür. Qadınların bir-birlərinə qısqanc münasibətinə səbəb heç də həmişə maddi

üstünlüklərlə bağlı olmur. Ailə və ya iş həyatındakı uğurlar, xarici görünüşdəki fərqliliklər belə qadınları düşmənə çevirə bilir.

Qadın qısqanclığı, hətta nə vaxtsa rəfiqə olmuş qadınların daha sonralar da paxıllıq silsiləsini davam etdirməsi ilə bağlı tanınmış xanımların münasibətini öyrənirəm. Mənə bir daha aydın olur ki, hansı işlə məşğul olmasından aşlı olmayaraq qadın elə qadındır. Gündəlik problemlər, dost saxtalığı, qadın qısqanclığı onu həmişə izləyir.

"Biz Allahın yanında da "sinifdə qaldıq""

Telejurnalist Ayşə Kərimova:

"Özüm də daxil olmaqla, bütün qadınların içi qaranlıqdır. Ən işıqlı qadının belə xislətində paxıllıq var. Bu, yaradılışdan belədir. Adəmi də cənnətdən eləyən elə Həvva idi. Maraq, qadağanolunmuş nə varsa, qadınları özünə çəkir. Biz Allahın yanında da "sinifdə qaldıq", imtahanı keçə bilmədik. Mifik dastanlara baxın, heç küpəgirən kişi obrazı var? Yox! Paxıllıq, küpəgirənlik qadının xislətindədir. Qadınların dostluğunun irəli getməməyinin səbəbi də elə bu paxıllıqdır"

"Paxıllıq hissi də tərbiyədən irəli gəlir"

Psixoloq Dəyanət Rzayev:

"Qadınların bir–birlərinə qarşı paxıllıq hissinin olmasının kökündə komplekslər dayanır. Həmin komplekslər də intriqalara səbəb olur. Paxıllıq hissi əslində lazımdır. Bu, düzgün istiqamətləndirilərsə, inkişafa yol açır, əksinə isə insanları içindən yeyir. Qadınların, yoxsa kişilərin daha çox paxıl olduqlarını sübut edən hansısa tədqiqat aparılmayıb. Qadınların özlərinə məxsus hər şeyi şişirdərək rəfiqəsinə çatdırması, ərləri, var-dövlətləri haqda danışması öz həmcinsində paxıllıq yaradır.

Başqa nüans isə karyera qurmaq şansı olan, istədiyi kimi geyinməyə "razılıq" alan qadınlara qarşı belə hisslər daha çox olur. Həyatında etmək istədiklərini edə bilməyən insanda, qadın və ya kişi olmasından asılı olmayaraq həmin şeylərə nail olmuş həmcinslərinə qarşı mənfi emosiyalar yaranır. Kişilərdə bu hisslər daha çox maddi əsaslarla yaranır. Qadınlarda isə xarici görünüşdən tutmuş ərlərinə qədər hər şeyin müqayisəsi gedir. Əslində isə hər şeyin kökündə şəxsin tərbiyəsi və mənəvi əxlaqı dayanır. İnsanda xarakter nə qədər xarakter güclüdürsə, tərbiyə ilə problem yoxdursa, belə hisslər də azdır".

"Başqasını qısqanmaq yerinə, özünü inkişaf etdirmək lazımdır"

Millət vəkili Jalə Əliyeva:

"Paxıllıq hissi mənə o qədər yaddır ki, bu haqda danışmaq da çətindir. Məncə, insana Allah nəyi qismət edibsə, hansı taleni yazıbsa, elə orda da qalmalıdır. Başqasının paxıllığını çəkmək yerinə insan öz üzərində işləsə, daha çox uğur qazanar. Paxıllıq qadın olsun, ya kişi, fərq etməz insanı içindən parçalayıb yeyir. Amma elə xüsusiyyətlər var ki, kişilərdə onları görmək insanı sarsıdır. Qadının öz həmcinsinin arxasınca danışması bəlkə də normaldır. Amma bir də görürsən ki, hansısa kişi qadını müzakirə edir. Bu, məncə, ən dəhşətli vəziyyətdir".

"İnsanlar bir–birlərinə ağılı və istedadı bağışlamırlar"

Şair–tərcüməçi Səlim Babullaoğlu:

"Qadınların (və elə kişilərin də) qısqanclıqlarının adətən iki imperativi olur: eşq və peşəkarlıq.

Amma düşünmürəm ki, bu təkcə qadın-qadın münasibəti üçündü, bu insan xislətidir.

İnsan zəiflikləridir. Sizə dünya ədəbiyatından iki örnək verim, Mopassanın "Gombulça" (Pışka) hekayəsi və Dino Buzzatının "Yazıçının sirri" hekayəsi. Bu hekayələri oxumağı tövsiyyə edirəm. Məncə, insan dürüst olanda cinsin və münasibətin əhəmiyyəti olmur. İnsanlar hər şeyi bir birinə bağışlayır. Əgər qarşısındakı ondan gözəldirsə bağışlayır, zəngindirsə bağışlayır. Bütün bunları gec də olsa , çətində olsa bağışlayır. Amma ağılı və istedadı bağışlamırlar. Bu kontekstdə olan qısqanclıq və həsəd çox dəhşətli olur, uzun ömürlü olur. Və qısqanclıq edən adamı içəridən yeyib dağıdır".

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR