Azərbaycanda kişilər qadınları necə məhv eləyir?
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda kişilər qadınları necə məhv eləyir?

1902-ci ilin 10 oktyabrında Lev Tolstoyun xanımı Sofya Andreyevna gündəliyində yazmışdı: "Mən Lev Nikolayeviçin əsərlərinin ümumi mülkiyyətə verilməsini axmaqlıq və düşüncəsizlik hesab edirəm... Mən Lev Nikolayeviçə demişəm ki, əgər o, məndən əvvəl ölsə, onun arzusunu yerinə yetirməyəcəm və əsərlərinin hüququndan imtina etməyəcəm".

Məhz bu səbəbdən Tolstoyun ailəsində münaqişə baş verdi. Sofya Andreyevna üçün ailənin maraqları və dəyərləri birinci yerdəydi. O, uşaqlarının maddi cəhətdən təmin olunmasının qayğısına qalırdı. Tolstoy isə hər şeyi paylamağı və səyyah olmağı arzulayırdı.

Ardı-arası kəsilməyən münaqişələr Tolstoya əziyyət verirdi və arvadının psixi tarazlığını pozurdu. Sonda Tolstoy ailəni tərk edərək səyahətə getməli və ömrünün son günlərini Ostapovo stansiyasının rəisinin evində keçirməli oldu. Elə orda da həyata "əlvida" dedi.

Bir dəfə türk jurnalist dostum Hakan Akpinarla Tolstoyun son günlərindən danışırdıq. Bu hadisəni ona deyəndə, "olamaz, Tolstoya bu yapılırmı? Aşağılık kadın seni (Sofya Andreyevnanı nəzərdə tuturdu)" - dedi və xeyli təəssüfləndi. Dostumun rus qadınlar barədə təsəvvürləri dağılmışdı. O ana qədər Hakana elə gəlirdi ki, rus qadınlar kişilərin ilham mənbəyidir və dahi rusların hamısı rus qadınının fədakarlığı sayəsində bu zirvəyə qalxıblar.

Bir müddət əvvəl Seymur Baycanın "Yaradıcı şəxsin qadını necə olmalıdır?" məqaləsini oxuyanda orda rus, erməni, yəhudi qadınların ərlərinin yaradıcılığına necə dəyər verdiyini, bunun fonunda azərbaycanlı qadınların ərlərinin yaradıcılıq ruhunu necə məhv etdiyini ehtiva edən fikirlərə rast gəldim.

Seymur bir çox məqamlarda haqlı idi. Onun məqaləsində üstüörtülü bəhs edilən məşhur şair-yazıçı-rəssam-tərcüməçinin ailəsi barədə deyəsən, təqribən bilirəm. O adamın xanımı ərinin maaşını almaq üçün redaksiyaya özü gəlirdi və təsisçiyə də tapşırmışdı ki, maaşı ona verməyin. Bir dəfə də qabağında araq butılkası redaksiyanın bufetində dostları ilə yeyib-içərkən həmin qadının içəri şığıyıb ərini o qədər adamın qabağında yerdən yerə vurduğunu, isterika içərisində bağırdığını, qızı xəstəxanada ola-ola maaşı alıb kef elədiyi üçün ərinin ünvanına bütün epitetləri yağdığını gözlərimlə görmüşdüm...

Mənsə Azərbaycan kişisinin nə qədər istedadlı, nə qədər yaradıcı qadını məhv elədiyini misallarla izah eləmək istəyirəm. Biz uşaq olanda bacımla birlikdə hər gün kəndimizin klubuna gedirdik. Orda yeganə piano vardı. Klub müdiri qonşumuzun qızı idi və imkan verirdi ki, pianoda nəsə çalmağı öyrənək.

Bacımın musiqi duyumu məndən daha yaxşı idi. Atam bizdə musiqiyə olan marağı görüb yaxınlıqda musiqi məktəbinin olmamasına heyfslənirdi. Dəfələrlə məktəbdə musiqi dərsinin rəsm müəlliminə həvalə edilməsinə qarşı çıxmışdı və rayonun maarif şöbəsindən tələb etmişdi ki, kənd məktəbinə musiqidən başı çıxan bir adamı müəllim göndərsinlər. Təbii ki, bu arzular yerinə yetmədi.

Atam günlərin birində kəndimizin dükanından bizə akkardeon aldı. Axşamlar özü əsgərlikdə öyrəndiyi "Katyuşa"nı, müxtəlif əsgər mahnılarını, marşları çalıb zümzümə edərdi. Bacım da qarmonda çalmağı həvəslə öyrənirdi. Bundan əlavə, onda rəsm çəkmək qabiliyyəti də vardı. Çəkdikləri şagirdlər arasında keçirilən rəsm üzrə respublika simpoziumunda, ayrı-ayrı müsabiqələrdə birinci yerə layiq görülmüşdü.

Onun musiqi və incəsənətə meylliliyi professional təhsili də bu sahədə almasına gətirib çıxardı. Bədii rəhbər və xor dirijorluğu ixtisasına yiyələndi. Əvvəllər müəllimi Əfsər Cavanşirov atamı yanına çağırıb bacımın çox istedadlı olduğunu, onun təhsilini davam etdirməsi üçün səylərini əsirgəməməsi lazım gəldiyini bildirmişdi. Təbii, kəndimizdə xor dirijoru heç kimə lazım deyildi.

Bacım dəmiryol idarəsində məsul vəzifə tutan bir gənclə ailə qurdu. Onun musiqi və rəssamlıq barədə gələcəyə hədəflənmiş böyük arzuları elə nişanlı olduğu vaxtdaca dəfn edildi. Gələcək həyat yoldaşı bacımı sənətdə yox, mətbəxdə görürdü. Baxmayaraq ki, bacımı ilk dəfə xora dirijorluq edəndə görüb vurulmuşdu...

Bacıma illər sonra lütf edib kəndimizin məktəbində musiqi dərsi deməyə icazə verdilər. Onun sayəsində kənddə uşaqlar musiqinin, notun nə olduğunu öyrənə biliblər. İndi bacım ərinin maşınına oturanda qulağına tıxamaq üçün pambıq götürür. Çünki dəfələrlə ərinin maşınındakı meyxana, toyxana disklərini qırsa da, müqaviməti bir effekt verməyib. Axırda çarəni bu cəhənnəm əzabından qismən xilas olmaq üçün qulağına pambıq tıxamaqda tapıb. Bakıya yolları düşəndə həyat yoldaşı Rafaellə Coşqunun konsertinə gedir, bacım isə Opera və Balet Teatrına...

Bacım bu ölkədə ərin məntiqsizliyinə, mənasız qısqanclığına, səbəbi heç nə ilə izah olunmayan peşə seçiminə müdaxiləyə mübtəla olmuş yeganə qadın deyil. Belə misallar ölkəmizdə yüz minlərlədir. Azərbaycanın tanınmış simalarından olan elmi rəhbərim bir dəfə etiraf elədi ki, özünün elmi nailiyyətlərinə, elmlər doktoru dərəcəsinə çatmasına, BDU-nun professoru olmasına görə yalnız və yalnız həyat yoldaşına borcludur.

Çünki gələcəyin professoru Ermənistandan Bakıya, sonra da Moskvaya təhsil dalınca gedəndə, onun orta məktəbi yeni bitirmiş xanımı kənddə həm uşaqlarını böyüdürmüş, həm də ərinin yaşlı valideynlərinin qulluğunda dururmuş. O, əri elmlər namizədi dərəcəsinə çatana qədər kənddə qalıbmış ki, ərinin valideynlərinə sonadək xidmət eləsin. Bizim professor xanımının fədakarlığından ağız dolusu danışsa da, bəndənizin "bəs bir ömür sizə xidmətçilik eləmiş xanımınızın öz həyatı nə oldu?" sualını qəzəblə qarşılamışdı.

Əcəb söhbətdir, qadın öz həyatını ərinin şöhrətlənməsinə, uşaqlarının böyüdülməsinə, ailənin yaşlı nümayəndələrinin qulluğunda dayanmağa həsr eləyir. Bunun müqabilində isə ər ona sadəcə, minnətdarlıq edir...

Azərbaycanda xeyli diplomlu ev qadını tanıyıram. Bibim ali məktəbə rüşvətsiz girməyin nadir hallarda mümkün olduğu sovet dövründə Xalq Təsərrüfatı İnstitutuna savadı ilə daxil olmuşdu. Onun savadına aşiq olan kəndimizin riyaziyyat müəllimi bibimlə evləndi. Əvvəlcə bibimi qiyabi şöbəyə keçirdi. Sonra heç sessiyalara qatılmağa da qoymadı.

Bibimin əvəzinə imtihanları əmim verməli oldu. Diplomu də əmim aldı. Sonra da bibimin diplomu qayınanasının sandığında çürüdü. Bibim daha əvvəl də Kooperasiya texnikumunu bitirmişdi. O iki diplomlu və savadlı bir qadın olmasına baxmayaraq, beş uşağını meşədən yığdığı zoğal və şabalıdı satmaqla böyütdü. Bu günsə o diplomlar və savad ona gərək deyil.

O biri bibim isə stolüstü tennis üzrə respublika çempionu olmuş, SSRİ birinciliyinə vəsiqə qazanmışdı. Əri onun idman karyerasına birdəfəlik son qoydu. Üstündən 25 il keçəndən sonra bibim təsadüfən sovxozlarına gələn rayon prokuroru ilə tennis oynamışdı. Və ona bir dəfə də olsun, udmaq şansı verməmişdi. Prokuror bu mahir tennisçi qadının ərinin o kəndin ən vecsiz adamlarından biri olduğunu öyrənəndə heyrət etmişdi...

Azərbaycanda nə qədər potensial mühəndis, təyyarəçi, jurnalist, hüquqşünas, iqtisadçı, memar qadın məhv edilib. Bacılarımdan biri arxeoloq olmaq həvəsinə düşəndə, onu bu fikirdən ilk daşındıran adam, elə məktəbimizin coğrafiya müəllimi olmuşdu. Atama demişdi ki, arxeologiya qadın peşəsi deyil, bu fikri onun başından çıxar. Azərbaycanlı qadın ən yaxşı halda, müəllim, həkim, bağça tərbiyəçisi, kitabxanaçı ola bilir.

Rusiyada alver edən tanışlarımızdan birinin evində kompüter və internet var. Amma BDU-nun Kibernetika fakültəsini bitirib evdar qadın olan arvadına və qız uşaqlarına bundan istifadə etmək yasaqlanıb. Səbəbini kişi belə izah edir: "Birdən hansısa pornosayta baxarlar". Niyə kişilərə bu saytlara baxmaq olar, qadınlara yox? "Qadının əxlaqı pozularmış". Sonra da elə həmin kişi rus qadınlarının məharətlərindən ağzı köpüklənə-köpüklənə danışır.

Bir dəfə müasir yazarlardan bir neçəsi ilə birlikdə söhbət edirdik. Söhbət gəlib ailə qurmağa çıxdı. Onlar bu ölkədə öz standartlarına uyğun qadın olmadığını dedilər. Ərkyana gənc qadın yazarlardan birinin adını çəkdim. Sual verdim ki, niyə evlənmirsiz onunla? Hərəsi ağzını bir yana büzdü. Halbuki bayaqdan mütaliəli, az-çox dünyagörüşü olan, azadlıqlara, sərbəst hərəkətlərə üstünlük verən qadınları arzulayırdılar. Biri isə dedi ki, onu hamı tanıyır, sonra bizə yaxşı baxmazlar. Deməli, azad seksin təbliğatçıları özləri belə, bakirə qız axtarışındadırlar.

Azərbaycanın bəzi rayonlarında və Bakı kəndlərindən qız uşaqlarına yuxarı siniflərdə oxumağa icazə vermirlər. O körpələr evlərində oturub adaxlılarını gözləyirlər. Sonra da qeyrət dağarcığı olan atalar o qızları 13-15 yaşlarında ərə verirlər. Ərləri də çox vaxt onları dədə-anasının yanında qoyub Rusiya bazarlarına veyillənməyə gedirlər. Bəzən qayıdırlar, ailələrinə qəpik-quruş göndərirlər, bəzən də illərlə batıb qalırlar orda.

Qaynana-qaynata yanında qocalmağa məhkum edilmiş o körpələrin uşaqlıqları, gənclikləri, gələcəklə bağlı ümidləri, yüksək arzuları hamısı məhv olub gedir.

İndi bu qədər qadağalar içində yaşamağa məhkum edilmiş Azərbaycan qadınından Fatmanisədən artıq adam olmağı tələb etmək paradoks deyilmi?

Ülkər Abdullayeva

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm