Şirkətlər sosial sərmayə proqramlarına maraq göstərmirlər
Bizi izləyin

Qırmızı.az

Şirkətlər sosial sərmayə proqramlarına maraq göstərmirlər

“Ölkədə Korporativ Sosial Məsuliyyətlə (KSM) bağlı vəziyyət və təşəbbüslər rüşeym səviyyəsindədir. Biznes təşkilatları bu sahədə fəal mövqe nümayiş etdirməkdə maraqlı görsənmirlər”. Publika.Az-ın məlumatına görə, bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı Fainə Hənifəyeva deyib.

Onun sözlərinə görə, mövcud situasiyanın təhlili göstərir ki, KSM qavrayışı şirkətlərin fəaliyyət istiqamətlərindən asılı olaraq fərqlənir: “Banklar, mobil rabitə operatorları, neft şirkətləri KSM-lə bağlı fəal olsalar da, az sayda şirkət bu sahədə aydın strategiyaya malikdir”.

Faina Hənifəyevanın sözlərinə görə, şirkətlərin sosial məsuliyyəti və cəmiyyət qarşısında öhdəlikləri ilə əlaqədar cəmiyyətin özündə də məlumatlılıq səviyyəsi aşağıdır: “Bir çox hallarda KSM ölkədə fəaliyyət göstərən xarici və iri yerli korporasiyaların təşəbbüsləri kimi özünü büruzə verir. Hökumət də KSM-ə iri şirkətlərin menecment konsepsiyası kimi yanaşmağa meyllidir. Nəticədə KSM cəmiyyətdəki problemlərin həll edilməsindən çox, iri korporasiyaların şəxsi təşəbbüsündən doğan ara sıra xeyriyyəçilik tədbirləri formasında həyata keçirilir”.

Fainə Hənifəyeva həmçinin Azərbaycanda Korporativ Məsuliyyət sahəsində xüsusi qanunun olmadığını da qeyd edib: “Rəsmi mənbələrin məlumatına görə, belə bir qanunun qəbulu hazırda aktual sayılmır. Belə ki, hökumət hesab edir ki, KSM məcburi yolla tənzimlənməməlidir”.

Layihə menecerinin sözlərinə görə, biznes-sahibkarlıq nə qədər uğurludusa, cəmiyyət də bir o qədər uğurlu olur: “Sosial sərməyə proqramlarının geniş yayılması təkcə biznes adamlarının təşəbbüsü kimi görünməməli, ictimaiyyətdən gələn bir tələb olmalıdır. Sosial layihələrlə bağlı maarifləndirmə, təbliğat işi yalnız sahibkarlara aid edilməməli, daha geniş miqyasda aparılmalıdır”.

Korporativ Sosial Məsuliyyət (KSM) menecment konsepsiyası olmaqla şirkətlərin biznes əməliyyatlarında və tərəfdaşları ilə münasibətlərdə sosial və ətraf mühit məsələlərini nəzərə almasını əks etdirir. KSM-ə şirkətin bu məsələlərlə bağlı fəaliyyətləri daxildir: Təşkilatı idarəetmə; insan hüquqları; əmək təcrübələri (təhlükəsizlik, iş şəraiti, insan inkişafı və s.); ətraf mühit; istehlakçılarla bağlı məsələlər (təhlükəsizlik, ədalətli marketinq, istehlakçılara xidmətlər); ədalətli fəaliyyət prinsipləri; ictimai inkişaf və cəlb olunma (sosial investisiya, təhsil və mədəniyyətin inkişafı və s.).

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm