Ramin Hacılı: “Dədə Qorqud olmaq istəyənlər çoxdu...“
Bizi izləyin

Qırmızı.az

Ramin Hacılı: “Dədə Qorqud olmaq istəyənlər çoxdu...“

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı mayın 9-da paytaxtda təşkil elədikləri "Avropalı Gəzintisi"nin məqsədinə çatdığını deyib. Ramin Hacılı Publika.Az-a bildirib ki, məqsəd beynəlxalq təşkilatlara Azərbaycan gəncliyinin barbar yox, insidentsiz yürüş keçirməyə qabil olduğunu, Avropaya inteqrasiyanı dəstəklədiyini çatdırmaq olub:

"Yürüşə 500-ə yaxın iştirakçı qatıldı. Bütün səfirliklər, eləcə də ATƏT və başqa beynəlxalq təşkilatlar məqsədimizdən xəbər tutdu. Gəzinti ilə bağlı qarayaxma ilə məşğul olanlar ona müxtəlif adlar qoyurlar. Onların işi görülmüş işə böhtan atmaqdır. Bizdə Dədə Qorqud olmaq istəyənlər çoxdur, hamı bir-birinə ad qoymağı xoşlayır".

Avropaya inteqrasiya kursunu və qərb dəyərlərini daim müdafiə edən təşkilatların, partiyaların fəalları nədən tədbirə laqeyd yanaşıb? AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov yürüş vaxtı "daha ciddi qayğılarla" məşğul olduğunu deyib: "Avropa dəyərləri mənim üçün müqəddəsdir. O yürüşü təşkil edən təşkilata iradlarım var. Bu haqda kifayət qədər yazmışam. Sifarişlə baş tutmuş heç bir layihədə mənim iştirakım ola bilməz".

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı "Avropalı Gəzintisi"nə dəvət olunmadığını deyib: "Mən Azərbaycan Avropa Hərəkatının üzvü deyiləm. Dəvət alsaydım gedərdim. İstənilən təşkilatın Avropa düşüncəsini təbliğ edən bütün addımlarını dəstəkləyirəm.

Bu cəmiyyətdə elə insanlar var ki, bekarçılıqdan işləri başqalarını bir səbəb tapıb ittiham etməkdən ibarət olur. Tutaq ki, həmin yürüş sifarişidir, nə olsun? Avropa dəyərlərinin sıxışdırılmasından narazı qalan insanlar həmin dəyərlərini təbliğ edən tədbirləri də qəbul edə bilmirlər. O cür insanlara vaxt sərf edib sözünü dinləmək yersizdir"

ADP-nin Gənclər Təşkilatının sədri Cəmil Hacıyev tədbiri bulvar gəzintisi adlandırıb: "Biz ADP olaraq heç kimə qadağa qoymuruq, hamı istədiyi tədbirə qatıla bilər. ADP gənclər təşkilatı yürüşə müşahidə məqsədi ilə qatılmışdı".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm