İstanbul nəhəng “Shopping Festival“ ərəfəsində
Bizi izləyin

Qırmızı.az

İstanbul nəhəng “Shopping Festival“ ərəfəsində

Azərbaycanlılar alış-veriş yarışında birinciliyə şanslıdır

Xəbər verildiyi kimi, gələn ay Türkiyənin İstanbul şəhərində "İstanbul Shopping Festival" keçiriləcək. Türk Hava Yolları (THY) ötən həftə Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən 30 nəfər jurnalisti bu tədbirin hazırlıq işləri ilə tanış olmaq üçün İstanbula topladı. Qeyd edək ki, "Gündəlik Teleqraf" qəzetinin və Publika.az saytının əməkdaşının da iştirak etdiyi səfər proqramı "İstanbul Şopping Festival"ın əsas sponsoru olan THY şirkəti ilə tanışlıqla başladı. THY mətbuat müşavirliyinin əməkdaşı Metin Aytek və digər əlaqədar qurum nümayəndələrinin iştirak etdiyi tədbirdə şirkətin baş direktoru Temel Kotil mətbuat nümayəndələri ilə görüşdü. Şirkətin fəaliyyəti barədə media nümayəndələrinə ətraflı məlumatlar verən Temel Kotil THY-nin Afrika, Amerika, Asiya, Avropanın ən müxtəlif nöqtələrinə, Avstraliyaya, eləcə də Türkiyə daxilinə çoxsaylı reyslər həyata keçirdiyini bildirdi.

O dedi ki, 78 il əvvəl cəmi 5 təyyarə ilə fəaliyyətə başlayan THY-nin aviasiya parkında hazırda 180 təyyarə var. Ötən ay THY aviasiya üzrə dünyanın ən yüksək mükafatlarından biri olan "2012 Freddie"də iki istiqamət üzrə mükafat qazanıb.

Bundan əvvəlsə THY Avropanın "Ən yaxşı hava yolu" elan edilib. Mülki aviasiya sektorunda keyfiyyəti qiymətləndirən "Skytrax"ın dəyərləndirməsinə görə THY 3 kateqoriyada "Avropanın ən yaxşı havayolu" mükafatını alıb.

İstanbul – Gəncə - İstanbul reysi açılır

Təməl Kotil tədbirdə Azərbaycanla əlaqələrdən də danışdı. THY-nin hazırda Bakıya gündə 4 dəfə reyslər təşkil etdiyini bildirən T. Kotil

bu reyslərin sayının daha da çoxalmasını arzuladıqlarını bildirdi. O, yaxın vaxtlarda fəaliyyətə başlayacaq İstanbul-Gəncə-İstanbul reysi barədə də bizə məlumat verdi.

"Rəhbərlik etdiyiniz şirkət Azərbaycana gerçəkləşdirilən reyslərdə uçuş qiymətlərini aşağı sala bilərmi" sualına cavab olaraq T. Kotil bildirdi ki, THY hər zaman ən keyfiyyətli, ən ucuz xidmət göstərməyi düşünür: "Uçuşların sayı artdıqca qiymətlər enir. Bizim tək bir məqsədimiz var – insanlar bizim xəttimizlə uçsunlar. Təki uçuşlarımızın sayı çox olsun"...

Sonra media nümayəndələri THY-nın İkram Mərkəzinə baş çəkdilər. Burada media nümayəndələri hər gün həyata keçirilən reyslərdə minlərlə insana təqdim olunan müxtəlif çeşidli, yüksək keyfiyyətli yeməklərə, çörəklərə, içkilərə, şirniyyatlara baxış keçirdilər.

Daha sonra THY-nin çoxsaylı qurumlarının arasında önəmli bir yeri tutan, milyonların istifadə etdiyi təyyarələri idarə edənlərin hazırlandığı Uçuş və Təlim Akademiyası ilə tanışlıq başladı.Burada pilotların təlim keçdiyi 9 ədəd - "Boinq 777" tipli simulyatorlar (məlumata görə, onların hər birinin qiyməti 50 milyon dollar təşkil edir) barədə ətraflı məlumat verildi. Simulyatorlarda təyyarənin eniş, qalxış, uçuş vəziyyətləri nümayiş olundu. O da qeyd olundu ki, burada bir pilotun hazırlanması üçün minimum 3 il vaxt lazım gəlir.

Jurnalistlər İstanbul Akvariumunda

Səfər proqramının ilk gününün sonuncu ünvanı isə nəhəng İstanbul Akvariumu oldu. Düz bir il əvvəl fəaliyyətə başlayan akvariumun ziyarətçilərinin sayı yüz minlərlədir. Qeyd edək ki, 2003-cü ilə İstanbul bələdiyyəsi tərəfindən elan olunmuş tenderdə qalib gəlmiş 4 böyük şirkət tərəfindən qurulan akvarium hazırda dünyanın ən böyük Tematik Akvariumu hesab olunur.

Qara dəniz, Bosfor boğazı, Mərmərə dənizi, Dardanel boğazı, Ege dənizi, Süveyş kanalı, Aralıq dənizi, Cəbəllütariq boğazı, Panama kanalı, Sakit okean, Amazon ovalığı və s. bölümlərdən ibarət olan akvariumda adı çəkilən su məkanlarında yaşayan bütün balıq növlərinə, su canlılarına, bitkilərinə rast gəlmək mümkündür.

İstanbul akvariumu ən yeni nəsil texnologiyalarından istifadə olunmaqla yaradılıb.

Bu akvarium bir sıra yeniliklərinə görə dünyada birinci sayıla bilər. Akvarium ziyarətçilərinə türk, ingilis və bir sıra başqa dillərdə əhatəli məlumatlar verilir. Hər sahə ayrıca olaraq özünəməxsusu şəkildə səs və işıq effekti ilə təmin olunub.

6.800 kubmetr su həcminə malik akvarium 100 hektar ərazidə yerləşir. "Qara dəniz"dən başlayıb "Sakit Okean"a qədər uzanan 1,2 kilometr uzunluğunda gəzinti sahəsində 1.500 çeşid, 15 min dəniz və quru canlısı ilə rastlaşmaq mümkündür...

4D texnologiyalı simulyator...

Mətbuat nümayəndələrinin növbəti gün proqramı isə İstanbul Şopping Festivalın əhatə etdiyi bir yerlə "Sapphire Seyirterası"ndan başladı. İstanbulun Levent səmtində yerləşən bu bina Türkiyənin, eləcə də Avropanın ən hündür binası sayılır. Dünyanın ən tanınmış markalarının alış-veriş məkanı kimi tanınan bu yerdə eyni zamanda 4 D texnologiyalı simulyator yerləşir. Bu simulyatorda qonaq olan media nümayəndələri ən yüksək nöqtədən İstanbulun möhtəşəm tarixi binalarını izləyib, onlara "daxil olub", "toxunub", binaların "ab-havasını hiss edə biliblər".

İran birinci, Azərbaycan ikinci... Amma bu dəfə birinciliyə iddialıyıq

Daha sonra jurnalistlər İstanbulun nəhəng alış-veriş mərkəzlərindən olan "Kanyon"a yollandılar. "İstanbul Shopping Festival"ın təmsilçiləri ilə görüş də burada təşkil olunmuşdu. "İstanbul Shopping Festival-2012"nin İcra Komitəsinin həmsədri Hakan Kodal dedi ki, festivala ölkə xaricindən 1 milyona yaxın turistin gəlməsi gözlənilir. Turist axını daha çox Türkiyənin çevrəsində olan ölkələrdən olacaq. "Buraya Azərbaycan da daxildir. Festivalda Azərbaycandan olan dostlarımızı gözləyirik", - deyən H. Kodal ötən il bu festivalda alış-veriş edən ölkələr arasında İran İslam Respublikasının birinci, ölkəmizinsə ikinci yerdə olduğunu vurğuladı: "Bu dəfə isə Azərbaycanın birincilik əldə edəcəyini gözləyirik".

O, bildirdi ki, festivalda bütün dünya və Türkiyə markaları iştirak edir və onların hər birinin özəl təqdimatları olacaq. 9-29 iyun tarixlərində İstanbula gələnləri 50 faizlik endirimli alış-verişlə yanaşı, gecə saatlarınadək davam edəcək konsertlər, ziyafətlər gözləyir: "Küçələrdə böyük konsertlərimiz keçiriləcək. Yerli və xarici müğənnilərin çıxışları olacaq. Bu, möhtəşəm bir festival olacaq".

Festivalın siması isə ötən il olduğu kimi, bu dəfə də Azərbaycanda da hamının yaxşı tanıdığı Kvanç Tatlıtuğ və model Soner olacaq.

İstanbul Shopping Festivalın baş direktoru Füsun Sönmez isə xarici ölkələrdə festivalın tanıdılması üçün bir sıra addımların atıldığını qeyd etdi: "Bu həftə festival təşkilatçılarının Dubayda, mayın 15-də Bakıda, mayın 17-də isə Belqradda tanışlıq tədbirləri nəzərdə tutulur". O, həmçinin festivala Azərbaycanın ötən ilki Evrovision təmsilçisi Nigar Camalın qatılması üçün danışıqlar aparıldığını da bildirdi.

Qeyd edək ki, sözügedən festival İstanbulun "Kozzy", "Kanyon", "Historia Fatih", "Neomarin", "Carrefour İçerenköy", "Palladium", "A Plus Ataköy", "Capitol", "İstinyePark", "Torium", "Marmara", "Metrocity", "Akmerkez", "Profilo", "İstanbul Power Outlet", "City’s Nişantaşı", "Sapphire Çarşı", "Optimum Outlet", "Cevahir", "Carousel", "Pendorya", "Akbatı", "Trump Tower Malls" və s. alış-veriş mərkəzlərini və çoxsaylı mağazaları əhatə edəcək.

Ötən ilki festival 40 gün davam edib. Bu il 9-29 iyun tarixində keçiriləcək festivalsa 21 gün davam edəcək. Festivalın hədəfi 7 milyard lirə qazanc əldə etməkdir. Bu il ikinci dəfə keçiriləcək festivalda iştirakçıların sayının ötən illə müqayisədə xeyli artacağı gözlənilir.

İstinyede moda dünyası…

Festivalın təşkilatçıları ilə görüşdən sonra qonaqların "İstinye Park"la tanışlığı başlanıb. İstanbulun ən böyük ticarət mərkəzlərindən biri olan "İstinye Park" haqqında elə ilk baxışdan aparıcı dünya və Türkiyə modalarını yaxından təqib etdiyi təəssüratı yaranır.

THY ilə başlanan, nəhəng alış-veriş məkanları ilə davam edən səfər proqramında sonuncu gün İstanbulun qədim tarixinə ekskursiya ilə başa çatdı. THY çox maraqlı proqramında bu məqamı da diqqətdən kənarda qoymadı. Mətbuat təmsilçiləri İstanbulun, eləcə də dünyanın böyük tarixi məkanları olan Topqapı Sarayı, Ayasofya Muzeyi, Sultan Əhməd Camisi, Misir Çarşısı ilə tanışlıq fürsətini qaçırmadılar...

Leyla

İstanbul-Bakı-İstanbul

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm