Fransa və Ermənistan seçkiləri nə vəd edir?
Bizi izləyin

Qırmızı.az

Fransa və Ermənistan seçkiləri nə vəd edir?

Fransada prezident dəyişikliyi baş versə də, Ermənistanda qüvvələr nisbəti dəyişməyib. Prezident Serj Sərkisyanın rəhbəri olduğu Ermənistan Respublikaçı Partiyası üstünlük qazanıb.

Publika.Az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Fransada keçirilən prezident seçkilərindən sonrakı gözləntilərə toxunub. O, prezident Nikola Sarkozinin hakimiyyəti dövründə Dağlıq Qarabağ probleminin həllində önəmli rol oynamadığını bildirib. Onun sözlərinə görə, Sarkozinin ermənipərəst mövqeyi Cənubi Qafqaza səfərində də nəzərə çarpıb: “Bütün günü Ermənistanda oldu, qondarma soyqırım abidəsini ziyarət etdi. Bakıda bir neçə saat olan Sarkozi Şəhidlər Xiyabanına baş çəkmədi, Dağlıq Qarabağ probleminin ədalətli həlli barədə heç nə demədi.

Ölkəsinə qayıtdıqdan sonra isə qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəzanı nəzərdə tutan qanun layihəsini parlamentin gündəminə gətirdi”.

Elxan Şahinoğlu təəssüflə bildirib ki, seçkilərdə qalib gələn Fransua Olland da seçkiqabağı kampaniyada ermənipərəst mövqeyini ortaya qoyub: “O da sözügedən qanun layihəsinin yenidən parlamentin gündəminə gətirəcəyini, Türkiyənin Avropa Birliyinə üzlüyünü əngəlləyəcəyini deyib”.

Analitik Ollandın Cənubi Qafqaz siyasətinin Sarkozidən fərqli olacağını düşünmür: “Cənubi Qafqaz siyasəti kontekstində Fransua Ollandın fərqli bir siyasət ortaya qoyacağını gözlımirəm”.

Ermənistandakı parlament seçkilərinin nəticələrinə gəlincə, Elxan Şahinoğlu hesab edir ki, saxtakarlıqların olmasına baxmayaraq seçkilərin nəticələri prezident Serj Sərkisyan üçün önəmli oldu. Ekspert seçkilərin prezident üçün önəmini gələn il keçiriləcək prezident seçkiləri ilə izah edib: “Seçkilərin ilkin nəticələrinə görə birinci yeri prezidentin Respublika Partiyası, ikinci yeri Köçəryanın nəzarəti altında olan “Çiçəklənən Ermənistan” Partiyası qazandı.

Sarkisyanla yanaşı Köçəryanın da prezidentliyə iddiası var və Rusiyanın yeni seçilmiş prezidenti Putinin də dəstəyinə ümid edir. Eks-prezident bir neçə gün bundan əvvəl ilk dəfə hakimiyyətin siyasətini kəskin tənqid edib. Bu seçkilərin nəticələri Sərkisyana həm də Köçəryanın prezidentlik iddiasından əl çəkməsinə imkan verir. Çünki seçkilərə ikisinin də qatılması hakimiyyətin parçalanması anlamına gələcək”.

Seçkilərinin nəticələrinin Azərbaycana mümkün təsirlərinə gəlincə, ekspert hesab edir ki, hansısa dəyişiklik gözləmir: “Müxalifət böyük səs çoxluğu qazansaydı, Levon Ter-Petrosyanın parlamentdə şansları çox olsaydı, o zaman Ermənistanın siyasətində müəyyən dəyişikliklərdən danışmaq olardı. O, Sərkisyan və Köçəryandan fərqli olaraq Qərb dünyasına daha bağlıdır. Petrosyan vaxtilə Dağlıq Qarabağ problemi ilə bağlı mərhələli həll planını qəbul etməyə, Azərbaycanla münasibətləri normallaşdırmağa hazır görünürdü. Parlament seçkilərində uğur qazana bilsəydi gələn ilki prezident seçkilərində şansı ola bilərdi.

Amma indiki halda heç nə dəyişmədi, həmin qüvvələr yenə də hakimiyyətdə qaldı. Deməli, işğalçılıq siyasəti əvvəlki tempdə davam edəcək”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm