• USD 1,7369 0,00% EUR 1,8716 0,00%
    • GBP 2,1974 0,00% RUB 0,0274 0,00%

Uzanan kəsilmiş ayaqlar, dirilən şəhidlər...

Uzanan kəsilmiş ayaqlar, dirilən şəhidlər...

Əhaliyə pensiya və müavinətlərinin verilməsi funksiyasını həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu işi nazirliyin daxili Təlimatına uyğun olaraq reallaşdırır.

Daxili Təlimat isə ildə iki dəfə dəyişdirilir. Təlimatda aztəminatlı ailələr üçün verilən pensiya və müavinətlər xüsusi qayda ilə ödənilir. Qaydalara uyğun olaraq, I qrup əlilliyi olan vətəndaşlar və şəhid ailələri də daxil olmaqla, hər yeni ilin əvvəlində nazirliyin rayon şöbələri vətəndaşlardan pensiya və ya müavinəti almaq üçün sənədlər toplusu tələb edirlər.

Həmin sənədlərin içinə şəhid ailələrindən ölüm haqqında şəhadətnamənin notarial təsdiqlənmiş sürəti, I qrup əlilliyi olan şəxslərdən isə əlillik haqda sənədin təsdiqlənmiş sürəti tələb olunur.

Vətəndaşlar isə bildirirlər ki, bu tələbin izahını tapa bilmirlər:

"Tələbdən belə çıxır ki, ilin əvvəlində iki ayağı olmayan insanın ilin ortasında ayağı bərpa oluna bilər. Yaxud şəhidlik statusu almış vətəndaş hər altı aydan bir dirilir".

Bu narazılığı nəzərə alıb mövzu ilə bağlı aidiyyatı qurumlardan və QHT-lərdən münasibət öyrəndik.

Azərbaycan Əlillər Təşkilatının Yasamal rayon şöbəsinin sədri Təranə Musayevanın sözlərinə görə, əlillik 1 illik və ya ömürlük verilir. Həmin arayışın hər 6 aydan bir nazirliyin rayon şöbələri tərəfindən alınması isə qəribə hadisədir.

"Birliyə Doğru" Əlil və Kimsəsiz Uşaqlara Yardım İctimai Birliyinin sədri Zərifə Quliyeva isə bildirdi ki, rəsmi statistikaya görə, ölkədə 425 min əlilliyi olan vətəndaş var: "İtirilmiş orqan əlbəttə ki, yenidən bərpa oluna bilməz. Birdəfəlik əlil statusu almış insanlara vəsiqə verilmir. Hər altı aydan bir sənədlərin tələb olunmasında məqsəd rüşvətdir. Hər dəfə tibbi komissiyadan

keçdikdə əlilliyi olan vətəndaşdan pul alınır. Həm də bizdə əlil kimi saxta sənəd düzəltmiş insanlar var. Hər komissiya zamanı statistikada "oynaqlıq" müşahidə olunur. Bu daxili qayda birdəfəlik ləğv edilməlidir".

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Xidmətin nümayəndəsi Asəf Əliyev bildirdi ki, əlillərlə bağlı sözü gedən prosedur həyata keçirilir. Prosedura səbəb isə saxta veteran və əlillik sənədlərini aşkarlamaqdır. Lakin, bu I qrup əlilliyi olan vətəndaşlara şamil edilmir:

"Şəhid ailələrinə gəlincə, hansısa rayonda belə hallarla qarşılaşan vətəndaş varsa, nazirliyə müraciət etsin".

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR