• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Media qanunvericiliyini təkmilləşdirməyə ehtiyac varmı? - İKİ MÖVQE

Media qanunvericiliyini təkmilləşdirməyə ehtiyac varmı? - İKİ MÖVQE

Mayın 3-ü Beynəlxalq Mətbuat Azadlığı Günüdür. 1991-ci ilin bu günü Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşmış jurnalistlər azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədilə bütün dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran "Vindhuk Bəyannaməsi"ni qəbul etdilər. Bununla bağlı BMT Baş Məclisi 1993-cü ildə mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd etməyi qərara aldı. BMT-nin qəbul etdiyi qərar İnsan Haqları Haqqında Ümumi Bəyannamənin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir.

Azərbaycanda medianın normal fəaliyyəti üçün kifayət qədər təkmil hesab oluna bilən hüquqi baza yaradılıb. Təbii ki, söz, fikir və məlumat azadlığı ilə bağlı qanunlar Azərbaycanın əsas qanununa - Konstitusiyaya istinad edir.

Konstitusiyanın 47-ci maddəsi ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Həmin maddədə göstərilir ki, "hər kəsin fikir və söz azadlığı var. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir".

Həmçinin Konstitusiyanın 50-ci maddəsi məlumat azadlığına həsr olunub. Həmin maddədə deyilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var. Kütləvi informasiyanın azadlığına təminat verilir. KİV-də, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

Azərbaycanda aşağıdakı qanunlar media sahəsindəki münasibətləri tənzimləyir:

1. “Reklam haqqında” Qanun

2. “Məlumat azadlığı haqqında” Qanun

3. “İctimai televiziya və radio yayımı haqqında” Qanun

4. "İnformasiya əldə etmək haqqında" Qanun

5. "Televiziya və radio yayımı haqqında" Qanun

6. "Kütləvi informasiya vasitələri haqqında" Qanun

2010-cu ildə təkmilləşdirilən “Jurnalistlərin Peşə Etikası Kodeksi” qanun şəklində olmasa da sənədin məqsədi jurnalistlərin təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində etik standartların tətbiqini təşviq etməkdir.

Azərbaycanın da qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa konvensiyası isə 3 sentyabr 1953-cü ildə qüvvəyə minib.

21 sentyabr 1970-ci ildə qüvvəyə minmiş 3 saylı Protokolla, 20 dekabr 1971-ci ildə qüvvəyə minmiş 5 saylı Protokolla, 1 yanvar 1990-cı ildə qüvvəyə minmiş 8 saylı Protokolla, 1 noyabr 1998-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolla dəyişikliklər və əlavələr edilib.

Media eksperti Zeynal Məmmədli hesab edir ki, Azərbaycanda demokratik cəmiyyətə adekvat olan qanunvericilik bazası var. Amma o bu qanunvericiliyinin işlənməsi ilə bağlı ciddi problemlərin olduğunu deyir: “Azərbaycan media bazarında qanun çərçivəsində fəaliyyət göstərməyəm media qurumları az deyil.

Ən ciddi məsələlərdən biri də “Diffamasiya haqqında” qanunun qəbul edilməməsidir. Bu isə jurnalisti yazılarına görə həbs etməyə imkan verir. Halbuki demokratiyanın oturuşduğu ölkələrdə jurnalisti yazıya görə həbs etmirlər”.

İnformasiya əldə etməklə bağlı problemlərin olduğunu dilə gətirən media eksperti qeyd edib ki, informasiyanı gizlədən, vaxtında öz saytına yerləşdirməyən dövlət qurumları ilə bağlı cəza tədbirləri görülmür: “Bu boşluqlar qanunlardan da gəlir. Cəzalar sərtləşdirilməlidir. Çoxlu bu cür çatışmazlıqlar var. İndiki halda media qanunvericiliyimizi təkmil adlandırmaq mümkün deyil”.

Millət vəkili Azay Quliyev hesab edir ki, Azərbaycan media sahəsindəki münasibətləri tənzimləyən kifayət qədər demokratik və şəffaf qanunvericilik var. Bunun nəticəsi olaraq ölkədə söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğunu deyən millət vəkili hesab edir ki, zaman keçdikcə qanunvericilikdə də müəyyən təkmilləşmələrə ehtiyac duyulur:

“Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiqi ilə bağlı prezident sərəncamını bu baxımdan xüsusi qeyd etmək istəyirəm. Burada “Diffamasiya haqqında” qanunun qəbulu da nəzərdə tutulur. Hesab edirəm ki, həmin qanunun qəbulundan sonra Azərbaycanın media qanunvericiliyi Avropa ölkələrinin qanunvericiliyə uyğunlaşdırılacaq və beynəlxalq standartlara tam şəkildə cavab verəcək”.

Ömər Əmirov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR