İnəyini satıb Moskvaya gedən qadın – Bir cinayətin tarixçəsi
Bizi izləyin

Qırmızı.az

İnəyini satıb Moskvaya gedən qadın – Bir cinayətin tarixçəsi

Mübariz Quliyev qeyri rəsmi ər-arvad münasibətində olduğu Təranə Zeynalova və Gəncə şəhər sakini Elçin Kazımovla birlikdə Moskva şəhəri Raşupkin küçəsindəki 4 nömrəli evin 5-ci mənzilində kirayədə yaşayıb. Aralarında olan narazılıqla əlaqədar gecə saat 1.00 radələrində Mübariz Quliyev mənzilə qayıdan Elçin Kazımova qapını açmayıb.

Sonuncu həmyerlisi Asəf Məstəliyevin maşınıyla gedərək Eldəniz adlı şəxsdən yaşadığı mənzilin dublikat açarını alıb. Saat 2:00 radələrində həmin maşınla geri qayıdıb, mənzilin qapısını açıb. Mübahisə zamanı Mübariz Quliyev Elçin Kazımovu bıçaqla boyun nahiyəsindən vuraraq qətlə yetirib.

Cinayətin izini itirmək məqsədilə meyiti Təranə Zeynalova ilə birlikdə mələfəyə büküb kanalizasiya borusunun içərisinə atıb. İfşa olunacağından qorxaraq 29 dekabr 2008-ci ildə hər ikisi Moskva şəhərini tərk edərək "Moskva-Bakı" qatarı ilə Azərbaycana gəlib.

"Elçinlə Moskvada tanış olmuşdum"

Mübariz Quliyev elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində 2007-ci ildə arvadı Zəminə ilə məhkəmə vasitəsi ilə boşandıqdan sonra Təranə Zeynalova ilə tanış olaraq görüşməyə başladığını göstərib: "2007-ci ilin payız aylarında işləmək üçün Moskvaya getdim. Evdən gedərkən Rusiyadakı

telefon nömrəmi Təranə Zeynalovaya vermişdim. Orada 20-25 gün işsiz qaldım. Sonra "Matveyev" bazarının yanında yerləşən avtomobil dayanacağındakı avtomaşın sexində işə düzəldim. Həmin sex Goranboy rayon sakini Vüqar Həsənova məxsusdur. Sexdə usta kimi işə başlayarkən Gəncə şəhər sakini Elçin Kazımovla tanış oldum. Elçin həmin sexdə elektrik işləyirdi.

"Təranə Moskvaya gəldi, birlikdə yaşamağa başladıq"

Təxminən 15-20 gün işlədikdən sonra Təranə mənə zəng vurub yanıma gələcəyini dedi. Əvvəlcə buna etiraz etsəm də, Təranə əl çəkmədi. Onu vağzalda qarşılayıb, avtomaşınla sexin yanına gətirdim, Vüqar Həsənovdan ev tapmaqda mənə kömək etməsini xahiş elədim.

Vüqar Zakir adlı tanışını çağırdı, biz iki ay Zakirin kirayə etdiyi evdə yaşadıq. Zakirlə yola getmədiyimizə görə oradan çıxıb əvvəl Rövşən adlı şəxsin, sonra isə Vüqarla bir evdə yaşadıq. Yaşadığımız ev iki otaqdan ibarət idi. Vüqar 3 ay bizimlə birlikdə qaldıqdan sonra başqa mənzilə köçdü. Vüqardan sonra Tovuz rayon sakini olan Eldəniz adlı oğlanı evə gətirdim, evin boş olan otağını Eldənizə verərək 7000 rus rublu aldım.

"Elçini evdən çıxardıqları üçün yanıma gətirmişdim"

Mənzilin giriş qapısının açarı məndə və Eldənizdə olurdu. Eldəniz həm bazarda alverlə məşğul olur, həm də özünün VAZ-21012 markalı avtomaşından taksi kimi istifadə edirdi. Vüqarın sexində işləyərkən ona məxsus olan köhnə QAZ-3110 markalı avtomaşını 3000 rus rubluna alaraq təmir etdim. Bu maşınla işə gedib-gəlirdim.

Həmin vaxtı gəncəli Elçin Kazımov "Matvey"də yaşayırdı. Uşaqlar onu evdən çıxardıqları üçün öz yanıma gətirmişdim.

Elçin Eldənizlə bir otaqda, Təranə ilə mənsə başqa otaqda qalırdıq.

Biz çox vaxt birlikdə işə gedib-gəlirdik, münasibətlərimiz normal idi. Son vaxtlar Gəncəli Elvin adlı usta da bizimlə işləyirdi.

"Onlar yeyib-içməyi qurtarıb nəşə çəkirdilər"

26 dekabr 2008-ci ildə saat 22:00 radələrində Elçin, Elvin, Vüqar və iki nəfər dağıstanlı oğlan sexdə oturub yeyib-içirdik. Həmin vaxtı Saşa adlı müştəri arvadı ilə birlikdə avtomaşını sexdə təmir olunduğuna görə ustalara qonaqlıq təşkil etmişdi.

Saşa və arvadı içkili olduqlarına görə Saşanın avtomobili ilə onları evlərinə apardım. Qayıdanda sexdə heç kim yox idi. Vüqar, Elçin, Elvin və iki nəfər dağıstanlı kafeyə getmişdilər. Gecə saat 12:00 radələrində Elçin zəng edib məni kafeyə çağırdı. Elçingilin olduğu "Karvan" kafesinə getdim. Stolun üstündə boş araq, çaxır və pivə şüşələri vardı. Onlar yemək-içməyi qurtarıb nəşə çəkirdilər.

"Nəşə çəkmədiyimə görə Elçin məni söydü"

Stolun üstündəki kibrit qutuda nəşə var idi. Mənə də çəkməyi təklif etdilər. Mən imtina edib kafedən çıxarkən Elçin məni söydü. O, nəşə çəkdiklərini Vüqara xəbər verəcəyimi düşünüb, ana-bacı söyüşünə keçdi.

Kafedən sexə qayıtdım. Həmin vaxt Vüqar sexdə idi, haradan gəldiyimi soruşdu. Əvvəlcə gizlətdim, Vüqar təkid edəndə Elçingilin kafedə nəşə çəkdiyini dedim. Vüqar mənim yanımda Elçinə zəng vurub onları sexə çağırdı. Amma Elçin kafedə oturduqlarını, sexə gəlməyəcəklərini söylədi. Mən maşına oturub evə getdim.

"Söyüşlər yağdırdı..."

Gecə mənzilin qapısı döyüldü. Təranə qapıya yaxınlaşıb Elçinin gəldiyini dedi. Təranəyə Elçinin içdiyini və nəşə çəkdiyini deyib, qapını açmağa icazə vermədim. Elçin çıxıb getdi.

Təxminən 30-40 dəqiqə sonra Eldənizdən aldığı açarla mənzilin qapısını açaraq içəri girdi. Mətbəx otağında oturacaqları və stolu təpikləyib sındırdı. Məni görən kimi ana-bacı söyüşü söydü, qapını nə üçün açmadığımı soruşdu. Ondan söyüş söyməməyi tələb edərkən, Elçin daha şiddətlə davam elədi.

Sonra qəflətən boğazımdan tutub məni qaz plitəsinin üstünə yıxıb öldürəcəyi ilə hədələdi. Bir təhər Elçinin əlindən çıxıb qaz plitəsinin üstündəki çayniki onun arxasınca atdım, amma dəymədi. Elçin qaz plitəsinin yanındakı tavanı götürüb sifətimdən vurdu. Gözüm və burnum zədələndi. Elçin sərxoş və nəşəli olduğuna görə özünü idarə edə bilmirdi.

Qorunmaq üçün masanın üzərindəki mətbəx bıçağını götürüb sağa-sola hərəkət etdirərək ondan yaxın gəlməməyi tələb etdim. Bıçaq Elçinin boynunun yan hissəsinə dəydi.

Elçin yaralı halda öz otağına keçib, çantasındakı düyməli bıçağı götürüb məni vurmaq istəyərkən, ona təpik atdım. Bıçaq sol dabanımı kəsdiyinə görə hamam otağına keçmək istədim. Yerə yıxılmış vəziyyətdə olan Elçin ayağımdan tutub qalxmaq istədi, qalxa bilmədi, amma sağ ayağımın daban hissəsini də bıçaqladı. Söyə-söyə keçindi.

"Meyiti "baqajnik"ə qoyduq"

Hadisənin təsirindən özümü tamam itirmişdim, nə etmək lazım olduğunu bilmirdim. Vüqara zəng vurmaq istədim, Təranə icazə

vermədi. Çıxış yolu tapa bilmədiyim üçün Elçinin meyitini evdən çıxararaq atmaq qərarına gəldim. Təranə ağ mələfəni Elçinin qan axan yerinə bükdü. Birlikdə meyiti ikinci mərtəbədən binanın giriş hissəsinə düşürtdük.

Təranə meyitin ayaqlarından, mən isə qollarından tutub özümə məxsus QAZ-3110 markalı avtomaşının yük yerinə ("baqajnik"ə) qoyduq. Maşını binanın qarşısından sürüb bir qədər aralıda saxlayaraq mənzilə qayıtdıq.

Təranə mətbəxdəki qan izlərini əski ilə sildi. Həmin əskiləri, Elçinin ayaqqabılarını, üst paltarlarını və bıçağı mənzildən çıxardaraq binanın yaxınlığında yerləşən zibilliyə atdı, pasportunu isə yandırdı.

"Elçinin meyitini boruya atdım"

Səhər açılarkən Təranə ilə birlikdə avtomaşına oturub Elçinin meyitini atmağa getdik. Avtomaşını "Oçakovskiy" deyilən şose istiqamətində sürdüm. Meyitə yer axtardım, şose yolu ilə sona qədər getdim. Dəmir yolu olan körpünün altından keçərək dövlət avtomobil müfəttişliyinin binasının yanına gəldim, lakin qorxduğum üçün meyiti həmin ərazidə atmadım.

Gəldiyim yolla geri qayıtdım. Yolun sağ tərəfində səkidən 4-5 metr aralı çökək yerdə təxminən yarım metr hündürlükdə dəmir boru gördüm, avtomaşını həmin yerdə saxladım. Maşının yük yerini açıb, meyiti yerə saldım, sonra yoğun borunun içinə atdım. Həmin boru 5-6 metr dərinlikdə keçən kanalizasiya xəttinə birləşmişdi. Meyiti atarkən kanalizasiya xəttində su axımının olduğunu gördüm.

"Yalandan xəstəxanaya və "morq"a getdim"

Hadisənin səhəri günü Elvin zəng vurub Elçini soruşdu. Gecə evə gəlmədiyini dedim. O, Elçini gecə maşınla kafedən "Matvey" bazarının yanına kimi gətirdiyini, işıqforun yanında Gəncəli Asəfin avtomaşınına mindirib evə göndərdiyini dedi.

Asəf də Elçini evin giriş qarşısında düşürüb getdiyini təsdiqlədi. Lakin Təranə ilə mən Elçinin gecə evə gəlmədiyini dedik. Elvin, Asəf və Vüqar Elçini axtarmağa başladılar. Mən də yalandan onlarla qoşularaq birlikdə xəstəxanaya və "morq"a getdim.

"Onu öldürmək niyyətim olmayıb"

İş yoldaşlarımın Elçinin itməsində məndən şübhələndiklərini hiss etmişdim. Dekabrın 29-da Təranə ilə birlikdə "Moskva-Bakı" qatarı ilə Azərbaycana qayıtdım. Elçini öldürmək niyyətim olmayıb. Bıçağı özümü müdafiə etmək üçün əlimə götürmüşəm. Elçin hücum edərkən bıçaq ona dəydi. Meyiti də qorxduğum üçün evdən aparıb atmışam".

"Mübarizlə Təranə işin açılacağını bilib Moskvadan qaçıblar"

Zərərçəkmiş şəxs qismində dindirilən Zöhrə Kazımova oğlu Elçinin 2004-cü ilin noyabr ayında hərbi xidmətdən qayıtdığını və bir müddət sonra iş dalınca Moskva şəhərinə getdiyini göstərib: "Elçin yoxa çıxandan sonra yoldaşları onu hər yerdə axtarsalar da, tapa bilməyiblər.

İki gün sonra sexin sahibi Vüqar mənə zəng vurub dedi ki, Elçinin yaşadığı evin girəcəyində quraşdırılmış videokameradan videoçəkilişi çıxarıb, həmin videoçəkilişə baxdıqdan sonra hər şey aydın olacaq. Vüqar eyni zamanda onu da dedi ki, onlar videoçəkilişin götürülməsi barədə söhbət edərkən, Elçinlə bir mənzildə yaşamış Mübariz işin açılacağını bilib, onlara

məlumat vermədən ər-arvad kimi yaşadığı Təranə ilə birlikdə tez-tələsik Moskvadan qaçıblar.

"Oğlumun meyiti hələ də tapılmayıb"

Vüqar videoçəkilişə baxandan sonra yenidən zəng vurub Mübarizlə Təranənin gecə saat 5.00 radələrində Elçinin meyitini mələfəyə bükülmüş vəziyyətdə yaşadıqları evin girəcəyindən çıxardıqlarını dedi. O vaxtdan Elçindən heç bir xəbər yoxdur. Onun meyiti indiyə kimi tapılmayıb.

Oğlumun spirtli içki içən və narkotik qəbul edən görməmişəm. Hadisə gecəsi oğlum öldürülərkən üstündə 100 qram çəkidə boyunbağı, brilyant qaşlı üzük və qızıl bilərzik olub. Oğlumu qətlə yetirənə kömək edən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirəm".

"İnəyimi satıb Moskvaya getdim"

Təranə Zeynalova ifadəsində 2007-ci ildə Şəmkir rayon sakini Mübariz Quliyevlə tanış olduğunu göstərib: "Aramızda yaxın münasibət vardı. Mübariz Moskva şəhərinə işləməyə getmişdi. Bir müddət sonra mənə zəng vurub avtomaşın təmiri sexində işə düzəldiyini dedi və yanına gəlib ona qulluq etməyimi xahiş etdi.

Mübariz yolpulu göndərmədiyi üçün inəyimi satıb qatarla Moskvaya getdim. Orada bir neçə ünvanda kirayədə yaşadıq. Mübarizin işlədiyi sexin sahibi Vüqar ailəsi ilə birlikdə başqa mənzilə köçəndən sonra biz həmin mənzilə yığışdıq".

Təranə Zeynalova ifadəsində (ifadələr oxşar olduğu üçün təqdim etmirik) Elçinin Mübariz Quliyev tərəfindən öldürülməsi barədə geniş danıışıb və meyitin gizlədilməsində ona köməklik göstərdiyini qeyd edib. O, Elçinin meyitini və cinayətin izlərini

gizlətməkdə Mübarizə kömək elədiyinə görə peşman olduğunu da qeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mübariz Quliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm