“Elçilik olmuşdu, nişanlanacaqdıq...” – həbsxana həyatı yaşamış qadının acı həyatı
Bizi izləyin

Qırmızı.az

“Elçilik olmuşdu, nişanlanacaqdıq...” – həbsxana həyatı yaşamış qadının acı həyatı

Adı Sevdadır. Əvvəllər “Memar Əcəmi” metrostansiyasının qarşısında, “Moskva” univermağının yanında ikiotaqlı mənzili varmış. Özünün dediyinə görə, ailə qurmağa hazırlaşırmış. Lakin həm özünün səhvi, həm də ağılsız rəfiqəsi bütün planlarını alt-üst edib. Nəticədə ailə qurmaq, öz ixtisası üzrə işləmək, işıqlı gələcək arzuları puç olub. İndi ömrünün 33-cü ilini yaşayan bu qadınla söhbət edərək məhkumluq həyatı, qadın dustaqların üzləşdikləri çətinliklər, habelə keçmiş məhkumların həbsxana həyatından sonra yaşadıqları məhrumiyyətlərlə tanış olduq:

“Azər ondan xəstəliyə yoluxmuşdu”

- Cinayət Məcəlləsinin hansı maddəsi ilə həbsdə yatdınız?

- 144-1-lə...İnsan alveri...

- Xaricə qadın göndərmişdiniz?

- Yox, məni rəfiqəm ilişdirdi. Başqa söhbət idi.

- Necə?

- Olar, bu barədə danışmayaq?

- Olar, rəfiqənizin pislik etdiyini dediniz. Bilmək olarmı, niyə belə etdi?

- Paxıllıqdan. Onu Azər müəllimlə tanış eləmişdim. Gördü ki, Azərlə dost münasibətlərimiz var, aramıza pislik saldı.

- Azər müəllim kimdir?

- Köhnə tanışlardandı. Yaxşı oğlandı, bacısı sinif yoldaşım idi. Amma qız hər şeyin zibilini çıxardı.

- Bəs sonra?.. Sizin onları tanış etmənizdən sonra nə baş verdi?

- Azər ondan xəstəliyə yoluxmuşdu. O, ailəli adamdı. Azər mənə demişdi ki, məni problemli qadınla tanış eləmə. Mənə zəng edib şikayət elədi ki, Nara başıma oyun açıb. Deyəsən, Azikin xəstələnməsini ailəsi də bilmişdi. Evdə qalmaqal yaranmışdı.

- Həbsdə neçə il yatdınız?

- Beş ildən çox. Nara mənə çox böyük pislik elədi. Gərək vaxtında gedib müalicə olunaydı.

- Neçənci ildə həbs olundunuz?

- 2006-cı ildə...

- İnsan alveri maddəsi ilə sizin danışdığınız əhvalat bir qədər fərqlidir axı. Belə çıxır ki, xaricə adam aparmısınız.

- ... (Susur)

- Nara da həbs olundu?

- Hə, amma sonrasından xəbərim yoxdur. Onunla bütün əlaqələrimi kəsdim. Neçə ilin rəfiqəsi idik. Axırda məni baqaja qoydu. İnsanları tanımaq olmur. Çiy süd əmiblər.

“...bir qardaşım var, olmasaydı, ondan yaxşıydı”

- Həbsxanada cəza çəkdiyiniz beş ildə yanınıza gələn olurdu?

- Üç-dörd dəfə anam gəlmişdi. Təqaüdçü adamdır.

- Bəs atanız?

- Atam çoxdan rəhmətə gedib, 2003-cü ildə.

- Başqa heç kim?

- Heç kim...Qohumların da yadına düşmədim. Allah heç kimin yolunu ora salmasın. Hamı səndən üz döndərir. İndi də bəzi tanışlar küçədə görəndə görməzliyə vururlar, qohumlar toya-zada çağırmırlar.

- Qardaşınız, bacınız yoxdur?

- Bacım yoxdur, bir qardaşım var, olmasaydı, ondan yaxşıydı.

- Niyə?

- Arvadağızın biriydi. Evdə arvad nə deyirdisə, onunla oturub-dururdu. Anamı da o vərəmlətdi.

- Vərəmlətdi deyəndə ki, qardaşınız ölüb?

- Yox, 2006-cı ildən danışmırıq. Əlaqələri tamam kəsmişik. Həyatda anamdan başqa heç kimim yoxdur.

- Qardaşınız həbsxanaya yanınıza gəlmirdi?

- Yox. Dedim də, 2006-dan onu qardaşlıqdan sildim.

- Nə üçün?

- Tutulanda polislərin yanında pis söyüş söydü. Dedi sən adda bacım yoxdur.

- Bir az həbsxana həyatından danışaq. Nə vaxt həbsxanaya düşdünüz?

- 2006-cı ilin yazında iş kəsdilər. Sonra kolona göndərdilər. 64 ay zülm çəkdim. Əvvəl çox çətin idi.

- Nə mənada?

- Heç kimə isinişə bilmirdim. Yad adamların əhatəsindəydim. Heç kimi tanımırdım. Bilmirdim ki, içi nədir. Vaxt da getmirdi. Hara baxırdım dəmir barmaqlıq görürdüm. O vaxtdan hər şeydən küsdüm.

“Biri vardı, ömrü boyu kişi paltarıyla yaşamışdı”

- Həbsxanada ağır cinayətlər törədənlər çox idi?

- Bir az vardı. Biri nişanlısıyla köməkləşib kimisə öldürmüşdü. 12 il iş kəsmişdilər. Nişanlısına isə ömürlük. Bizim kolonda çoxu yaxşı qızlar idi. Hərəsi bir şeyə görə düşmüşdülər içəri.

- Təhlükəli cinayətlər törədənlər sizə dəyib-dolaşmırdı?

- Əvvəl-əvvəl ikisi bir az ilişdi. Amma sonradan əl çəkdilər.

- Sizdən nə istəyirdilər?

- Oranın qaydasıdı da. Təzə kimsə gələndə istəyirlər onu yükləsinlər, gözünün odunu alsınlar. Çox göylə gedirdilər ki, burda biz deyən zakon keçir. Mənə iş yükləmək istəyirdilər. İkisi ilə də iş üstündə mübahisəmiz oldu. Dalaşdıq.

- Əlbəyaxa?

- Həri, biri ilə lap əlbəyaxa davaya çıxdıq. Saçından yapışıb yerə yıxdım. Qızlar ayırdı. Az qala boğub öldürəcəkdim. Qoymadılar. Ondan sonra mənimlə işi olmadı. Amma o biri “ponyatka”lı çıxdı. Hər şeyi vaxtında başa düşdü. Biri vardı, ömrü boyu kişi paltarıyla yaşamışdı. Qonşuları, tanışları elə bilmişdi ki, oğlandır. Tutulandan sonra üzə çıxmışdı ki, bu qadın imiş. Nigar adlı biri vardı, ərinin birinci arvadından olan uşağı öldürmüşdü. Deyəsən, 2012-ci ildə vaxtı qurtarırdı. Belələri çox idi.

- Dava etdiyinizə görə nəzarətçilər sizi cəzalandırmadı?

- Onların xəbəri oldu ki? Orda xüsusi qanun qoymuşdular. Həm də bizim aramızda satqın yox idi. Cəmi bir nəfər idi. Onun da heç nədən xəbəri olmadı. Bir gün də hamımız yığışıb həmin qadını da “nakazat” elədik. Ondan sonra daha satqınlıq eləmədi.

- Həmin qadın nə üstündə həbs olunmuşdu?

- Dələduzluğa görə. Qonşularından pul alıb, onlara atmışdı.

- Həbsxanada başqa hansı problemlərlə üzləşirdiniz?

- Xəstələnəndə problemlər yaranırdı.

- Necə?

- Başdan eləyirdilər, baxmırdılar. Ölsən də, yaxın duran olmurdu. Özünü “saçok”luğa vuranlar o qədər çox idi ki, kimsə doğrudan xəstələnəndə də inanmırdılar.

- Bəs belə olanda, nə edirdiniz?

- Gərək “hörmət” edəsən. Reallığı bilmirsiniz? Əlini cibinə salandan sonra sənə baxırdılar. Yoxsa, kim idi səni müalicəyə göndərən?

“Elə qadın var, ora üçüncü dəfə düşmüşdü”

- Həbsxanaya yoxlamaya gələnlər sizinlə görüşürdülər?

- Gəlmişdilər, amma mən onlarla görüşməmişəm.

- Həbsxananın daxili ab-havası necəydi?

- Nə mənada?

- Dustaqlar arasında münasibətlər. Dava-dalaş, islah olunma işi.

- Kolondur da. Hər cür adam vardı. Günahsız tutulan da, pul üstündə yatan da. Əvvəllər dava, söz-söhbət çox olurdu. Amma sonralar yığışdırıldı. Ən çox qocalara yazığım gəlirdi. Onların işi çətin idi. Zemfira adlı bir qadın vardı, astmaydı. Yatanda səsindən ürəyim sıxılırdı. İçərinin havasızlığından boğulurdum. 19 yaşından bronxlarımda problemlərim var. İslaholunma-zad boş şeylərdir. Elə qadın var, ora üçüncü dəfə düşmüşdü, özü də eyni maddəylə - cibgirliyə görə.

- Cibgirlər, oğrular orda da belə əməllərlə məşğul olurdular?

- Hamısı yox, bəziləri. Baxır da, kimə girişirlər. Özünü lom göstərsən, gündə bir şeyin yoxa çıxar.

- Həbsxanada dostlaşdığınız qadın oldu?

- Bir nəfərlə münasibətimiz yaxşıydı.

- Əlaqəniz kəsilib?

- Hə, o, Gəncəyə ərə getdi, sonra telefonunun nömrəsini dəyişdi.

- Dostluq münasibətləriniz necə yarandı?

- İki aydan bir onun yanına bacıları gəlirdi. Əsilləri Gədəbəydən idi. Mənim yanıma isə anamdan başqa heç kim gəlmirdi. Amma onun qohumları gəlirdilər. Yeməkləri hərdən birlikdə yeyirdik.

- Həbsxanadan çıxandan sonra nələr baş verdi?

- Ordan çıxanda ən çox sevinən anam oldu. Gözləmirdi ki, belə tez çıxaram.

“Tutulmamışdan əvvəl sevdiyim oğlan vardı”

- İndi hardasa işləyirsiniz?

- Bir az “Neftçilər” metrostansiyasının yanındakı kafedə ofisiant işlədim. Amma sonra əsəblərim pozuldu deyə işdən çıxdım.

- Əsəbləriniz niyə tab gətirmirdi?

- Kafedə sərxoş kişilər söyüş söyürdülər, hərdən söz atırdılar, sataşırdılar. Müdirə dedim ki, məni mətbəxə keçirsin. Razı olmadı. Pulumu alıb çıxdım.

- İndi işləyirsiniz?

- Hə, amma yerini soruşma.

Əlini çantasına ataraq siqaret yandırır. Tüstünü ciyərlərinə çəkərək dalğın-dalğın baxır. Suallarımı davam etdirirəm:

- Nə vaxtdan siqaret çəkirsiniz?

- 2007-ci ildən. Orda qızlardan keçdi bu vərdiş. İndi tərgidə bilmirəm. Dərddən çəkirəm, bəziləri kimi kefimdən yox...

- Ailə qurmusunuz?

- Yox.

- Niyə? Sevdiyiniz yoxdur, yoxsa?..

- Tutulmamışdan əvvəl sevdiyim oğlan vardı. Elçilik-zad olmuşdu, nişanlanacaqdıq. Bir aydan sonra üzük gətirirdilər. (Bir az tutularaq-müəl) Hər şey alt-üst oldu. İndi onun iki uşağı var. Mən kimə lazımam axı? Hamı bizə pis baxır. Kimdir “turemşik” qızı alan? Utadığımdan rayona da axşamlar gedirəm.

- İndi ananızla bir yerdə yaşayırsınz?

- Yox, anam rayonda bacısıyla qalır. Artıq 8 ildir. Mən tutulanda köçüb getdi onlara. Nə qədər deyirəmsə, qayıtmır. Bura darıxdırıcıdır onuncün.

- Bəs ananıza kim baxır?

- Mən pul göndərirəm, hərdən özüm də rayona gedirəm.

- Bakıda öz evinizdə qalırsınız?

- Yox, evimi çoxdan satmışam. Borca düşmüşdük. Bakıda dayım qızıyla kirayə ev tutmuşuq.

Beləcə, bir neçə il həbsxana həyatı yaşamış qadının acı həyat taleyi, üzləşdiyi problemlərlə tanış olub ayrılırıq. Onun öz arzuları, xoşbəxtlik, ailə planları vardı. Özünün dediyi kimi, hər şey alt-üst oldu.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm