Təhsil Nazirliyi dərsliklərlə bağlı hökumətə təklif verib
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi dərsliklərlə bağlı hökumətə təklif verib

Azərbaycan Təhsil Nazirliyi orta məktəb dərsliklərinin hazırlanması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov elektron təhsil resurslarının təqdimatı mərasimində çıxış edərkən deyib.


Nazir bildirib ki, yaxın zamanlarda dərsliklərin yaradılması ilə bağlı texnoloji prosesdə yeni nailiyyətlər əldə edəcəklərinə ümid edirlər.


M.Cabbarov əlavə edib ki, son illərdə müsabiqəyə çıxarılması üçün dərslik əldə edə bilmirlər. Son 3 ilin statistikasını açıqlayan nazirin sözlərinə görə, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si baş tutub. 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə 6-sı baş tutub: "2014-cü ildə yalnız VII sinif üzrə deyil, VIII siniflər üçün də dərsliklər yaradılıb. Bu il 22 fənn üzrə cəmi 6 tender baş tutub. "Tender baş tutub" o deməkdir ki, bizim seçmək, qiymətləndirmək üçün ən azı 3 təklifimiz olub. Görürük ki, tam əksər hallarda müəlliflərdən keyfiyyət bir tərəfə, say olaraq da müsabiqəyə çıxarılması üçün dərslik əldə etmirik. Son 4 ilin statistikası ciddi şəkildə dəyişib. Bu sayda müəyyən artım var, amma 20-22 fəndən 5-6 təklifin olması qənaətbəxş hesab oluna bilməz".


Nazir qeyd edib ki, dərsliklərin hazırlanması üçün təklif belə verilməyən fənlər də var. 2012-ci ildə 2 fənn üzrə, 2013-cü ildə 3 fənn üzrə, 2014-cü ildə VII sinifdə 1, VIII sinif üçün 2 fənn üzrə ümumiyyətlə təklif verilməyib. Bunlar əsasən xarici dillər (alman, fransız, bəzi hallarda rus dili) üzrədir: "Mövcud çərçivədə dərsliyin yaradılması üçün maraq belə göstərən tərəf yoxdur. Bu da Təhsil Nazirliyinin, təhsil sisteminin üzərinə qeyri-adi çağırış qoyur".


M.Cabbarov bildirib ki, dərsliklərin hazırlanması sisteminin kifayət qədər ciddi islahata ehtiyacı var. Dərslikləri birmənalı şəkildə ən yaxşı mütəxəssislər hazırlamalıdır.

Nazir onu da əlavə edib ki, keçən il ilk dəfə olaraq hazırlanan dərslikər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsus olub. Bu müəllif hüququ da imkan verir ki, dərsliklər tam açıq şəkildə, internetə çıxışı olan hər bir şəxsə pulsuz istifadə üçün təqdim edilsin: "Biz dərsliklərin hazırlanması ilə bağlı müəyyən tendesiyanı dəyişmişik. Bu il ilk dəfədir ki, yeni hazırlanan dərsliklərin keyfiyyətinin monitorinqi dərslik artıq çapdan çıxıb məktəbə paylanandan sonra deyil, çapa getmədən öncə həyata keçirilib. Bir çox məsələlərin nəzərə alınması ilə keyfiyyətə müsbət təsir etməyə nail ola bilmişik. Biz bu il VII siniflərlə yanaşı, VIII siniflərin də əksər dərsliklərinin layihəsini əldə edə bilmişik. Bu da bizə imkan verir ki, bu il ərzində mütəxəssislər tərəfindən sınaqların keçirilməsini, eksperimental şəkildə dərsliklərin siniflərdə tətbiqini və s. həyata keçirə bilək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm