Suriyadan “qayıdan” azərbaycanlı danışdı: “Başımın kəsilməsinə razı olardım...” – ÖZƏL MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Suriyadan “qayıdan” azərbaycanlı danışdı: “Başımın kəsilməsinə razı olardım...” – ÖZƏL MÜSAHİBƏ

Xaçmazın Xudat şəhərində yastı damı olan, kiçik kərpic evi işarə etdilər. O, bu evdə yaşayırdı. Sökülmüş taxta hasardan içəri boylandım - heç kim yox idi. Ağ dəmirdən kustar üsulla düzəldilmiş alaqapını döyəndə, məni ortaboylu yaşlı bir qadın qarşıladı.

Bura Nadirgilin evidir?” deyə soruşdum. Qadın ürkək baxışlarla məni süzdü. Arxasında ağsaçlı, çox da uzun olmayan çal saqqallı adam göründü. Bu, o, olmalı idi.


Son günlər bu bölgədə Suriyadan qayıdanların olduğuna dair xəbərlər yayılmaqdaydı. Yerli sakinlərlə söhbətimdə iki şəxsin adı çəkilirdi. Biri Nadir Əlixanov, digəri isə Vaqif Talıbovdur. N. Əlixanovun hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyi, hətta sərhəddə saxlanılıb bir müddət sorğu-suala tutulduğu xəbərləri də var. Deyilənlərə görə, Nadir Əlixanov ailəsi ilə birlikdə Suriyaya gedib və 6 aydan sonra yenidən geri qayıdıb. Onun öz ətrafındakı insanlara belə dediyi, Suriyada “TSK” silahından necə istifadə etdiyi haqda danışdığına dair də məlumatlar var. Hətta anası oğlu ilə “Skayp”da danışarkən silah səsləri eşitdiyini də deyib və öz oğlu haqda hüquq-mühafizə orqanlarına məlumat verib. Bununla yanaşı, N. Əlixanovun qardaşı Sərxan Əlixanovun da Suriyaya getdiyi, hazırda bu ölkədəki radikal qruplaşmaların birində döyüşdüyü haqda məlumat almışdım.


Ana-oğul qarşımda dayanıb mənə baxırdılar. Nə gizlədim, danışacaqlarına heç də ümidli deyildim, hətta Suriyada izlədiyimiz hadisələr fonunda bir qədər qorxurdum da. Anası “Səni kimsə göndərib?” deyə şübhəli tərzdə baxdı. Özümü təqdim edəndən sonra içəri dəvət etmələri məni bir qədər sakitləşdirdi.


- Suriyada vəziyyət necədir?
Deyəsən, pis başlamışdım. İronik təbəssümdən sonra N. Əlixanov “Gəlin, hər şeyi danışacam” dedi.


- Siz Suriyada idinizmi?
- Xeyr, Türkiyədə idim. Amma camaat şayiələr yayır.


- Yəni belə xəbərlər niyə ortaya çıxır?
- Burdan kim Türkiyəyə gedirsə, o dəqiqə “Suriyadadır” deyə danışırlar.


- Bu, nədən irəli gəlir, niyə başqaları yox, siz gedəndə belə şayiələr yayılır?
- Düz deyirsən. Məsələn, sənin özün Türkiyəyə gedib 10 il yaşaya bilərsən, geri qayıdanda heç kim sənə bir kəlmə də söz deməyəcək. Amma bizimkilərdən biri gedən kimi bu şayiələr ortaya çıxır.


- Türkiyəyə nə üçün getmişdiniz?
- İş üçün.


- Niyə məhz Türkiyəyə?
- Rusiyaya da gedə bilərdim. Amma Türkiyəni özüm seçdim. Çünki bu ölkədə dinimi daha azad şəkildə yerinə yetirə biləcəyimi düşünürəm. Həyat yoldaşım istədiyi formada paltar geyə bilər. Rusiyada örtüklü qadın görəndə o dəqiqə şübhələnirlər. Yaxud mənim üzümə baxan kimi biləcəklər ki, miqrantam. O da əlavə problem yaradacaqdı.


- Bəs niyə geri qayıtdınız?
- Mən ailəm və uşaqlarımla birlikdə Türkiyədə 6 ay qaldım. Orda bir adam var idi. Onun evində kirayə qalırdım, həm də onun atasının sexində işləyirdim. Günümə 30-35 lirə (Türkiyənin pul vahidi - red) pul qazanırdım. Son iki ayda işlər çətinləşdi və məcbur olub geri qayıtdım. Yanına getdiyim adam qalmağım üçün çox israr etdi, amma başqasının evində qalıb, onun kisəsindən yemək doğru deyil. Ona görə də gəldim.


- Və geri qayıdanda Suriyada olduğunuza dair xəbərlərlə qarşılaşdınız?
- Mən Suriyaya getməyimlə bağlı birinci dəfə sərhəddə eşitdim. Polis məni saxladı. Mənim haqqımda, hətta balaca uşaqlarım haqqında təhlükəli şəxs kimi arayış çıxardı. Mənə dedilər ki, Bakı Şəhər Baş Polis İdarəsi sənin haqqında axtarış verib. Sonra Qazax polis rəisi uşaqlar və ailəm haqda təhlükəli şəxs kimi arayış çıxarıldığını biləndə əsəbiləşdi. Dedi ki, məsələ səninlədir, ailənlə yox. Ailəni yola sal. Dedim pulum yoxdur, gecə ilə necə yola salım? Mən müvəqqəti saxlanma məntəqəsində bir gecə qaldım, ailəm də çöldə daşın üstündə oturub gözlədi. Sonra məni hüquq-mühafizə orqanları danışdırdı. Daha sonra evə buraxdılar. İndi də nəzarətdə olduğumu bilirəm.


- Maraqlıdır, nə üçün siz nəzarətdəsiniz? Yəni nəsə olmadan kimisə nəzarət altına almazlar axı...
- Bilmirəm. Bizim haqqımızda belə düşünürlər.


- Amma ananız sizin haqqınızda polisə məlumat verib.

Anası sözə qarışır: “Mən o biri oğlum haqqında polisə məlumat vermişəm”.


- Sərxan haqda?
- Bəli.

- Nə üçün?
- O, evdən məndən xəbərsiz getmişdi. Eşitdim ki, Mahaçqaladadır. Yalama sərhəd məntəqəsinə getdim. Onda ora hələ yanmamışdı. Öyrənmək istəyirdim ki, belə bir adam o tərəfə, ya bu tərəfə keçib-keçməyib. Mənə dedilər ki, yalnız polis tərəfindən müraciət olunandan sonra məlumat verə bilərik. Mən də Xudat polisinə ərizə ilə müraciət etdim. Sonra Sərxan özü zəng elədi ki, Moskvadayam. Başqa millətdən olan bir qızla evlənmişəm.

Üzümü yenidən Nadir Əlixanova tuturam.


- Qardaşınız hardadır?
- Dəqiq bilmirəm.

- Onun da Suriyada olduğu deyilir.
- Xeyr, o da şayiədir. Sərxan Rusiyadadır, orda evlənib yaşayır ,- anası yenidən cavab verir.

- Yəni Suriyada deyil?
- Xeyr, Suriyada deyil, Sadəcə olaraq, əvvəllər bir neçə dəfə zəng edərək, Moskvada olduğunu deyib. Amma son vaxtlar xəbərimiz yoxdur, zəng də etmir.


- Sərxan da namaz qılırdı?
- Bəli, eyni əqidədəyik.


- Siz Türkiyədə olduğunuzu deyirsiniz. Gedərkən evdəkilərə xəbər vermişdinizmi?
- Xeyr.

- Nəyə görə?
- Əslində Suriyada olduğum haqda xəbərlər də buna görə ortaya çıxdı. Əgər anama desəydim, o da Suriyaya getdiyimi düşünəcəkdi. Dediyim kimi, bizdən olanlar Türkiyəyə gedəndə hər kəs oradan Suriyaya keçdiyimizi düşünür. Anam da əvvəldən mənimlə eyni fikirdə olsaydı, ona gedərkən deyərdim. Bu hadisələr də yaşanmazdı.


- Qayıdandan sonra cəmiyyətin, qonşuların sizə münasibəti dəyişibmi?
- Xeyr. Amma kimsə, nəsə deyəndə mən fikir vermirəm. Özüm ustayam, amma iş yoxdur. Hətta ailəmi dolandırmaq üçün çobanlıq da etməyə hazıram.


- Yəni mən belə başa düşdüm ki, siz Suriyaya getməmisiniz?
- Xeyr, mən Suriyaya getməmişəm. Suriyaya getsəydim, ölkəyə necə qayıda bilərdim? Yaxud əgər getsəydim, ölkəyə qayıdandan sonra məni 25 illik həbs cəzası gözlədiyini bilə-bilə niyə qayıdardım? Hansı ki, mən heç vaxt həbsxanaya düşmək istəmirəm. Çünki mən həbsxanada dinimə lazımi şəkildə əməl edə bilmərəm. Əgər dinimə əməl edə bilmirəmsə, getdiyim yerdə daşların üstündə yatmağa, hətta başımın kəsilməsinə razı olardım.

- Belə iddialar var ki, siz qayıdandan sonra ətrafınızdakılara Suriyada olduğunuzu demisiniz. Ordakı vəziyyətdən danışaraq “TSK” və müxtəlif silahlardan istifadə etdiyinizi bildirmisiniz.
- (Gülür). Belə şey olmayıb.


- Bəs, ananızın sizinlə “Skayp”la danışarkən avtomat səsləri eşitdiyini qonşulara dediyi haqda da xəbərlər var.

Anasına baxır.

- Bunlar hamısı şayiələrdir. Mənim oğlum Türkiyəyə işləməyə gedib. Sadəcə olaraq, mənə xəbər vermədən getdiyi üçün narahat olmuşam, - deyə anası bildirir.


- Amma istər-istəməz sizin ananıza xəbər vermədən getməyiniz şübhələr oyadır.
- Dedim axı. Mən haqqımda “Suriyaya gedib” deməsinlər deyə xəbər etməmişəm.


- Amma fakt budur ki, deyirlər.
- Bəli, yayılıb.

- Vaqif Talıbovu tanıyırsınımzı?
- Bəli tanıyıram. Bizimlə eyni əqidədəndir.


- Onun da Suriyaya gedib, geri döndüyü deyilir.
- Mən gələndən sonra onu görməmişəm.

- Sizin əqidəniz əhli-sünnədir?
- Bəli.

- Amma Xudatın əhli-sünnə camaatı sizin xəvvaric olduğunuzu deyirlər. Ümumiyyətlə, onlarla niyə münasibətləriniz yoxdur?
- Biz əhli-sünnəyik. Yəni peyğəmbərin (s.ə.s) yolunu davam etdiririk. Onlar bizi qəbul etmirlər. Bizə başqa gözlə baxır, haqqımızda bəzən şayiələr yayırlar.


- Siz də əhli-sünnəsinizsə, aranızda bu cür münasibət nədən yaranır?
- Bilmirəm, onların bizə niyə belə yanaşdıqlarını özləri yaxşı bilərlər. Amma biz onları qəbul etmirik. Biz Allahı, onun Rəsulunu qəbul edirik. Məsələn, onlar üzərində halal yazılmış kolbasa, mağazadan alınmış toyuq ətini yeyir. Biz bunları haram sayırıq.


- Onda Azərbaycanda əhli-sünnənin imamı sayılan Qamət Süleymanovu da qəbul etmirsiniz?
- Xeyr, biz onu da qəbul etmirik. Qamətgil islam adından fətva verə bilməzlər. Mən Allahın kitabına, hədislərə baxıram və dünyada islam alimi kimi tanınmış şəxsləri dinləyirəm. Qamət Süleymanovu biz tanımırıq.


- Əlixan Musayeva münasibətiniz necədir?
- O, Qamətlə qarşıdurmadadır. Onlar bir-birini qəbul edə bilmir, bizə necə dindən danışa bilərlər?!


- Tanıdığınız yoldaşlarınızdan Suriyaya gedənlər olubmu?
- Mənim bu barədə heç bir xəbərim yoxdur.

- Deyirlər, qonşuluğunuzdan sizinlə eyni əqidədə olanlardan bir nəfər bir müddət əvvəl Suriyaya gedib və ordakı döyüşlərdə öldürülüb.
- Mənim bildiyim elə bir şəxs olmayıb.

- Siz radikalsınızmı?
- Nəyə qarşı?

- Digər dini təriqətlərə qarşı. Misal üçün, elə şiələri götürək.
- Xeyr. İllərdir qonşuluqda yaşayan şiələr var, aramızda heç vaxt problem olmayıb. Sadəcə olaraq, onların yolunu qəbul etmirik. Onlar canamaz, möhürlə namaz qılırlar. Amma Allah Yer üzünü pak yaratdığını deyir. Yəni bu dəqiqə qalxıb bu torpağın üstündə namaz qıla bilərəm (əli ilə həyətlərindəki çəmənliyi göstərir).

- Cihada münasibətiniz necədir?

- Cihad həmişə var. Bu, Allahın yoludur. Lakin cihadın da müxtəlif yolları var. Var nəfsinlə cihad, var düşmənlə. Bu gün xristianlar, ermənilər üstümüzə hücum edərsə, onun qarşısında dayanıb baxmayacağıq ki? Cihad cənnət deməkdir. Düşmənlə mübarizə aparıb şəhid olmaq cənnətə gedən ən qısa yoldur.

- Suriyada baş verənlərə münasibətiniz necədir?
- Suriyada hər şey qarışıqdır. Müsəlman müsəlmanı qırır, mən bunu necə qəbul edə bilərəm? Bilinmir kim-kiminlə vuruşur. Bu gün Əl-Qaidədən də güclü məşhur İŞİD təşkilatı var. Ondan başqa müxtəlif qruplaşmalar fəaliyyət göstərir. Hər kəs də bir-birinə qarşıdır.

- Yəni bu, cihad deyil?
- Xeyr. Əgər orda həqiqətən də Allahın yolu olsaydı, hər şey aydın şəkildə bəlli olsaydı, bunu cihad adlandırmaq olardı. Lakin hər şey tamam başqa cürdür.

- Əgər dediyiniz formada olsaydı, Suriyaya gedərdinizmi?
- Xeyr.

- Amma cihadı qəbul etdiyinizi dediniz?
- Mən cihaddan qorxuram. Əgər qorxu varsa, heç nə məcbur ola bilməz. Bu gün xəstəsənsə, oruc tutmaya, kasıbsansa, zəkat verməyə, yaxud imkanın yoxdursa, Kəbəyə getməyə bilərsən. Təkcə namazdan başqa. Qorxursansa, cihada getməyə bilərsən. Mənim üçün cihad övladlarımı əsl İslam əxlaqı ilə böyütməkdir. Yeganə arzum budur.

- Namaza nə vaxt gəlmisiniz?
- 2006-cı ildən.

- Bu necə baş verdi?
- Allah hər kəsə bir vaxt hidayət verir. Allahın hidayəti ilə mən də namaza o vaxt gəlmişəm.

Söhbətimizi başa vuranda sonda yenə soruşdum: “Suriyanı heç görməmisiniz?”

Adam başını aşağı salıb daha heç nə demədi, bircə sözdən başqa: “Allah sənə də hidayət versin”.

P.S. Nadir Əlixanov heç bir foto və ya videogörüntünün çəkilməsinə icazə vermədi. Nə qədər israr etsəm də, “Bu, bizim əqidəmizə ziddir” deyərək razı olmadı. Yalnız N. Əlixanovun yaşadığı kəndin, evlərinə aparan yolların fotosunu çəkə bildik...

Asif Nərimanlı

Bakı-Xudat-Bakı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm