“Cavanlıqda qadınların hamısını sevmişəm” - “25 yaşlı cavan”
Bizi izləyin

Qırmızı.az

“Cavanlıqda qadınların hamısını sevmişəm” - “25 yaşlı cavan”

– Əylisdəki yeddi illik məktəbi tərifnaməylə bitirmişdim. Belə olanda texnikuma imtahansız daxil olurdun. 1954-ci ili təsəvvür elə. O vaxt çox maraqlı mühit və insanlar var idi. Oxuduğum Mədəni-Maarif Texnikumunda bir ləzgi balası oxuyurdu, təqaüdlə həm özü dolanırdı, həm də evə pul göndərirdi. Bunun yeyib-içməyi beləydi: bankaya şəkər tozu atıb qarışdırır, bir parça çörəklə yeyirdi. Səhər, günorta, axşam. Ordakı adamların hərəsi qəribə bir tərcümeyi-hal yiyəsiydi. Müxtəlif bölgələrdən adamlar vardı, şəhərlilər də, gözəl qızlar da... Hamı bir-birinə vurulmaqla məşğul idi...

– Yəqin sizin ilk məhəbbətiniz də texnikumda olub?

– Yox, orda dərin məhəbbət yaşamamışam. Mənim ilk məhəbbətim kənddə, məktəbdə oxuyanda olub. Bəlkə də 3-4-cü sinifdə. Bütün əsərlərimdə onun işığı var. Əsərlərimin birində belə bir yer var: “Mən dünyaya gözümü açıb saysız-hesabsız rənglər görmüşəm. O rənglərin bir qismini yaşaya-yaşaya yavaş-yavaş itirmişəm, ancaq indi hər dəfə əlimə qələm götürəndə o rənglərdən hansınısa tapacağıma ümidim olub”.

Elə bilirdim o rənglərdən hansınısa tapıb yazıya gətirəcəm. Bunda da ilk məhəbbətimin rolu olub. Deyir, “hər dəfə Əylisdə, bir çeşmənin qırağında bir qız kölgəsi olur, ağ qız kölgəsi”. “Ağ” burda işıq mənasındadı.

– Bu, sizin “Kür qırağının meşələri” əsərinizdə də var. Uşağı dəfn edəndə deyir, bir işıq qırılıb qaldı məzarın içində...

– Deyir ki, “Qəbrin içinə gün düşmüşdü, ona elə gəldi ki, sal daşı qoyandan sonra işıq qırılıb o uşağın yanındaca qaldı”. Bu, çox poetik və real detaldı. Bilirsən, poeziya o vaxt gözəldi ki, reallığın şərti işarəsi ola bilir.

– Texnikumda nə qədər oxudunuz?

– Orda üç il oxudum – o vaxt texnikumlar üç illik idi. Sonra gəldim Bakı Dövlət Universitetinə. Mən ora da fərqlənməylə gəlmişdim. İki fərq imtahanı verməliydim ədəbiyyatdan – yazılı və şifahı. M.Ə.Sabirdən yazmışdım. Onda dedilər ki, Mir Cəlalla Əli Sultanlı bir imtahan verənin yazısından hədsiz razı qalıblar. Mən gəlib imtahana oturanda Əli Sultanlı dedi ki, sənin Sabirdən yazdığın yazı çox gözəl idi. Sabirdən bir az şeir dedim, bir az da özü başqa şeirlər deditdirdi mənə və “beşimi” alıb getdim. Universitetdə iki il oxudum, amma qəribə də olsa, o vaxt orda çox səmimi bir mühit hökm sürürdü. Bizim gözəl müəllimlərimiz var idi – Bəxtiyar Vahanzadə, Mir Cəlal, Əli Sultanlı... Bunlar çox yüksək səviyyəli ziyalılar idi. Demək, orda hərbi dərsi heç cür əxz edə bilmirdim.

Hərbin dərdindən iki ildən sonra birdən ağlıma gəldi ki, Moskva Ədəbiyyat İnstitutuna gedim. Götürdüm şeirlərimi, verdim Yazıçılar İttifaqına. Onlar şeirləri sətri tərcümə elətdirib göndərdilər Moskvaya. Əgər sətri təcümədə sənin yazıların Moskvada bəyənilirdisə, onda səni imtahana çağırırdılar. Getdim imtahanı verdim, elə birinci tanışlıq söhbətindən bildim ki, keçmişəm.

İki il orda oxuyandan sonra darıxmağa başladım, günəşli bir yer axtarmağa çalışdım. Fikrət Qocanı da bişirdim, getdik Türkmənistana. O vaxt ərizə yazıb bir illiyə qiyabiyə keçmək olurdu. Fikrət 2-3 gün qaldı, dözə bilmədi, qaçdı. Mən qaldım orda, qəzetdə işə düzəldim. “Sovet Türkmənistanı” adlı qəzet var idi. Bu, oranın əsas qəzeti idi. Gedirdim rayonlara, bəzən tək-tənha düşürdüm çöl-çöl, bostan-bostan gəzirdim. Və yazılarımı çox bəyənirdilər.

Bir dəfə orda Ənvər Məmmədxanlının bir pyesi tamaşaya qoyulmuşdu, mən də ondan bir resenziya yazmışdım, bu da o vaxtkı Mərkəzi Komitənin birinci katibinin diqqətini çəkmişdi. Bu yazıdan sonra orda mənə bir yaşıl işıq yandırdılar. Ondan sonra başladım şeir yazmağa. Çünki mənə pul lazım idi. Türkmənistana Ədəbiyyat Fondundan ayrılan pulla getmişdim, orda da bir müddət sıxıntı yaşadım. Düzü ona görə şeir yazırdım ki, çox pul verirdilər, yəni qəzetdəki yazılardan daha çox. Əvvəl şeirlərimi Ata Atacanov adlı xalq şairi vardı, o, tərcümə edirdi. Sonra özüm də türkməncə yazmağa başladım. Orda cəmi bir neçə ay qalıb diqqətlə fikir versən, görəcəksən ki, türkmən dilinə çox asanca yiyələnmək olur.

– Türkmənistanda nə qədər qaldınız?

– Orda 7-8 ay qalandan sonra gəldim, özü də cibim pis deyildi. Birinci qardaşımla getdik restorana. Mən hesabı verəndə qardaşım – o vaxt Pedaqoji İnstitutda oxuyurdu – az qaldı ağlasın. Ki, niyə bu qədər pulu verirsən... Sonra uşaqları yığdım, yadıma gəlir, Fikrət Sadıq, Əlibala Hacızadə rəhmətlik idi - o vaxtın gənc nəslini – öz ədəbi nəslimizi yığdım, Bakıda qonaqlıq verdim. Qorki adına Ədəbiyyat İnstitutunu da fəqlənməylə bitirdim.

– İlk dəfə nə vaxt çap olunmusunuz?

– İlk dəfə “Kirpi” jurnalında satirik şeirlərlə çap olunmuşam. Demək, mənim ilk satirik şeirimi bəyəndilər və məni ən istedadlı “Kirpi” şairi kimi qəbul elədilər. Nə yazırdım, çap edirdilər. Əlbəttə, yamsılayırdım, bu, mənim müşahidələrimdən gəlirdi. Hələ özümü tapmamışdım. Yazıçı özünü tapana qədər çox ora-bura vurnuxur. Gördüm həm çoxlu pul verirlər, həm də həvəs var, başladım yazmağa. O vaxt “Kirpi” jurnalı çox populiyar idi, bəlkə yarım milyon tirajla çıxırdı.

Burda çap olunan şeirlərimdən birini Əli Kərim bərk bəyənmişdi. Orda bir yer var idi, demək, rayona gedirlər, biri qatara bilet alıb, biri almayıb. Bilet alana hörmət necədi, biletsizə necə. Əli tez-tez o şeirdən bu misraları deyirdi:

Getdilər, gəldilər və danışdılar,

Özləri bildilər nə danışdılar...

(Gülür). Deyərdi, çox gözəl yazmısan.

Sonra lirik şeirlər yazmağa başladım. Yadıma gəlir, “Ədəbiyyat qəzeti”ndə şair Sərdar Əsəd mənim bir şeirimi bərk bəyənmişdi. Şeir belə idi: “Gecə aylı gecəydi, Kələyağılı gecəydi...” Uzun bir şeir idi. Ədəbiyyat İnstitutuna da lirik şeirlərimin sətri tərcüməsini vermişdim. Orda Lomonosov Universitetini bitirmiş İnstitutun şərqşünaslıq fakültəsinin türk dili bölməsində işləyən bir qadın bizə dərs deyirdi. Tamar Kayakina... Sonra mənim tərcüməçim oldu, Moskvada çap olunan bütün kitablarımı, demək olar, o, tərcümə elədi. İlk hekayələrimi – “Nənəmin tütün kisəsi” və “Gilas ağacı”nı verdim ona. Oxudu, çox xoşuna gəldi. Dedi, mən bunları özüm tərcümə edəcəm. Tərcümə etdi. Bizdə nəsr şöbəsinin aparıcı müəllimi Lev Kassilə göstərdi, Kassil də məni çəkdi öz seminarına ki, bu, nasirdi. Mən orda axıracan oxudum. Elə Moskvada çap olunan ilk kitabıma da Kassil ön söz yazıb. Sənə deyim ki, 25 yaşa qədər mənim bioqrafiyamı eşələsən, bir-iki roman mövzusu çıxa bilər.

– Bəs 25 yaşa qədər kitabınız çap olunmuşdumu?

– İlk kitabım çap olunubdu 1961-ci ildə. 23 yaşımda. Özü də ilk kitabım hekayələr idi. Düzdü, mərkəzdə xeyli yubandı, sonra məlum oldu ki, Moskvada çap olunub, buraxmadılar. Moskvada bir hekayəm çap olunmuşdu. Həmin kitabı birinci Əli Vəliyev oxumuşdu və “Azərbaycan gəncləri” qəzetində böyük bir məqalə yazmışdı. Adı, deyəsən, beləydi: “Xeyirxah qocalar, səmimi gənclər”.

O vaxtı Əli Vəliyevin cavan bir yazıçıdan məqalə yazması çox ciddi bir məsələydi. O zamanın ən tanınmış simalardan idi, həm də nüfuzlu “dördlük”dən – Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn və o – biriydi. Mehdi Hüseyn də o kitabdan xəbərdar olmuşdu. Məni çağırdı, dedi, çox gözəl bir kitab yazmısan, sənədlərini ver, Yazıçılar İttifaqına üzv ol. Kitabın adı “Gilas ağacı” idi. Əvvəl-əvvəl Azərbaycan mühitində məni çap etmirdilər. Bir povestim çıxmışdı, “Dağlara çən düşəndə”, onu qaralamışdılar. Mən də o dövrdə tərcümələr götürdüm. Yəni yazım çap olunmayacaqsa, heç olmasa tərcümədən beş-üç qəpik alıb dolanım. Mənim əlavə gəlir yerim olmayıb heç vaxt. Ama o vaxt ədəbiyyatın hesabına yaşamaq indikindən biraz asan olardı.

– Yazılarınıza görə ilk dəfə nə qədər qonorar aldınız?

– Vallah, yadıma gəlmir, amma onu bilirəm ki, ilk qonorarım tələbəlik təqaüdümdən çox idi. Məncə, o vaxt təqaüd 140 manat idi, qonorar da hardasa 240 manat olardı.

– Neylədiniz o pulu?

– Yataqxanada uşaqları yığdım, getdik bazarlıq elədik, çaxır-zad aldıq, gəldik kefnən yeyib-içdik.

– Ən çox harda yığışırdınız?

– Texnikum dövründə heç bir kafedə, restoranda olmamışıq. Amma sonralar ən çox Anarla oturmuşuq köhnə “İnturist”də. Ən çox ikilikdə Anarla oturmuşam. Ədəbi mühitin ən çox yığışdığı yer mənim Bakıda aldığım ilk şərikli mənzil idi. Yazıçılar İttifaqı vermişdi. O mənzil bütün cavanların hər vaxt gələ biləcəyi yer idi. Anardan başlamış, deyim sənə, İsi Məlikzadə, Ramiz Rövşən, Əlisa Nicat, canım sənə desin, Ələkbər Salahzadə, İsa İsmayılzadə... o dövrün əksəriyyəti gəlib mənim mənzilimdə otururduq, söhbətləşirdik, yeyib-içirdik. O mühit çox yaxşı mühit idi. Mən indi onun həsrətin çəkirəm. Söhbətlərimiz də ovqatdan asılı olurdu, əlbəttə, ən çox da ədəbiyyatdan danışırdıq.

– Gənclikdə heç dalaşdığınız olub? Bildiyimə görə siz çox dəli-dolu olmusunuz...

– Sözsüz ki, dalaşmışıq da. Bir-birimizə “bezdarni” də demişik. Amma mən daha çox o vaxtın yaxşı şeylərini yadda saxlamışam. Öz yazılarımı, məsələn, “Mənim nəğməkar bibim” əsərimi ilk dəfə Yusif Səmədoğlu və Anarla bir yerdə oxuyardıq. Yadıma gəlir, “Tənha narın nağılı”nı Anargildə Yusiflə ikimiz oxuduq. Anarın evi də, sənə deyim ki, o vaxtkı yazıçı-şairlərin ən çox gedib-gəldiyi yer idi.

– Bəs nə vaxt Anarla aranız soyudu?

– Bizim aramız Anar Yazıçılar İttifaqına gələndən sonra soyudu. Mən də gəldim ora. Özü xahiş elədi. Amma sonra gördüm, alınmır. Başqa-başqa təsəvvürlər var idi bizdə. Anarı müşahidə elədim, gördüm ki, o, ədəbiyyatda inqilabi proses yaratmaq fikrində deyil. Amma mən həmişə düşünmüşəm ki, ədəbiyyatımızda daim inqilabi proses olmalıdı. Bu cəhətdən onunla işləməyə son qoydum.

Gördüm qoca nəslə xüsusi məhəbbət göstərir. Bu da təbbiidi, qoca nəsil onun atasının yaxınları, atasıyla eyni nəsilin nümayəndələridilər. Məsələn, mənim atam Mirzə İbrahimovla, Səməd Vurğunla oturub-durmayıb. Mən bir söz deyərəm, amma o, deyə bilməz.

– Bəs siz də yazar ailəsində doğulsaydınız necə olardı?

–Onda mən də başqa adam olardım. Heç kim deyə bilməz mən onda özümü necə aparardım. Məndə belə bir fikir var ki, yazıçı ailəsində, xüsusən, sovet dövrü doğulanlar inqilabçı ola bilməz. Ədəbiyyatda yenilik tərəfdarı ola bilməz. Yəni ailədə nə görübsə, onu gətirər iş yerinə. Ailənin ovqatı onun işinə də təsir edir. İstər-istəməz bu, belə olur. Onu da iddia eləmək olmaz ki, yazıçı ailəsindən yazıçı doğulmur, bu da düz çıxmaz.

– Siz bir nəsil kimi ən çox nəyə qarşıydınız?

– Bir nəsil kimi demək çox çətindi, amma məsələn, götürsək Yusif, Anar, Elçin və mən, biz ədəbiyyatda mütərəqqi halların tərafdarıydıq. Ədəbiyyatın azadlığını istəyirdik. Məsələn, istəyirdik çap olunmayan əsər qalmasın. Yusif Səmədoğlu “Ulduz” jurnalında çox gözəl redaktor idi, Anar da “Qobustan” jurnalında. “Qobustan” jurnalında heç bir yazı məfkurəyə görə çapdan qala bilməzdi. Bu, o dövrün Anarı idi, mənim yaxın dostum Anar. Get-gedə onlarda özündənrazılıq əmələ gəldi.

– Nədən yarandı bu?

– Vəzifə eləyir də... Mən bir dəfə Anara demişəm ki, insanı bir yolda tanımaq olur, bir də vəzifədə. Yolda tanıdığım Anar indi də könlümdən keçən, arzuladığım insandı. Bax, mən indi istəyərəm Anarla düşəm Azərbaycanın yollarına, orda vura-vura, gəzə-gəzə o dövrün iyini alam. Amma vəzifədə olan Anarı mən tanıya bilmədim. Vəzifədə çox qalmaq da heç vaxt insanın xeyrinə olmur. Üstəlik yaradıcı insan.

– Bəs sizin əvvəlkilərdən fərqiniz nə idi?

– Bizim əvvəlkilərdən fərqimiz çox idi. Məsələn, Yusif Səmədoğludan başlayaq. Yusif o dövrçün qeyri-adi şeylər yazırdı. O, atasının yolunu getmirdi ədəbiyyatda. Biz yaradıcılıqla çox məşğul olurduq, hər gün işləyirdik. Sizin nəsildə bekarçılıq imkanları daha çoxdu. Yəni vurmaq, nə bilim, nə eləmək. Biz vururduq da, vurmurduq da, amma dəhşət işləyirdik. Məsələn, mən ildə heç olmasa bir povest yazırdım. Anarın da. Yusif bir az tənbəl yazırdı. “Qətl günü”nü bəlkə o, 10 ilə, xırda-xırda, cümlə-cümlə yazmışdı. Vaqif Səmədoğlusa tamamilə kənarda yaşayırdı, onu cəmiyyət qəbul eləmirdi, cəmiyyətin içinə girə bilmirdi. Yusif həmişə mənə deyərdi, bunun basaratı bağlanıb (gülür)... Belə bir mühit idi, qaqaş.

– İlk məhəbbətimizdən sonra sevgi münasibətləriniz necə oldu?

– Sənə bir şey deyim səmimi sürətdə. Mən cavanlıqda qadınların hamısını sevmişəm. Kimi görsəm, deyirdim, bu, elə mənim sevgilimdi. Amma bunlar adi şeylərdi. Bunlar adi seksual tələbatın nəticəsidi. İlk məhəbbətimdən sonra həqiqi sevdiyim öz həyat yoldaşım olub. Bunu heç vaxt mətbuata çıxarmaq istəməmişəm. Bir kişi ki arvadını təriflədi, demək, o, kişi deyil (gülür).

– Bəs ailədə münasibətləriniz necəydi?

– Mən Əylisdən çıxandan sonra ora yaydan-yaya getmişəm. İki qardaşım, bir də anam vardı. Atam müharibədə həlak olub. Son vaxtlara qədər, yəni anam rəhmətə gedənə qədər həmişə anamla məktublaşmışam. Qardaşlar da mənə hərdən məktub yazıblar, amma anamla daimi məktublaşmışam. Səmimi olub münasibətim, yəni ortada elə bir şey olmayıb. Mənə axı ömrümdə bir kəs bir qəpik də göndərməyib. Gözümü açandan özüm-özümü təmin eləmişəm, işləməklə, kitablarımla. Təkcə Moskvada kitablarımın nəşri milyon tirajdan çox olardı. Əylisdən çıxmağımın da belə bir tarixçəsi var: Konserv zavodu vardı, orda meyvə yığırdılar, ora bir az meyvə satmışam, onun puluyla gəlmişəm Bakıya. Demək, qaqaş, belə olub...

Əsəd Qaraqaplan

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm