• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

30 nəfər özünü “peyğəmbər“ elan edib

30 nəfər özünü “peyğəmbər“ elan edib

Onların altısı qadındır

Azərbaycanlıların Suriyada Bəşər Əsəd qüvvələrinə qarşı mübarizəyə qoşulmasından sonra ölkədə dini durum müzakirə edilməyə başladı. QMİ bununla bağlı fətva verdi, millət vəkillərinin bəziləri cinayət işinin açılmasını təklif etdi.

Ölkədə İslamyönümlü hansı təriqətlərin olması, onların fəaliyyəti ilə bağlı konfliktoloq, Azərbaycanda İslamın tarixini araşdıran Arif Yunusa müraciət etdik.

A.Yunus ölkədə müsəlmanların sünni və şiələrə bölünməsi ilə yanaşı daha dərin bölgülərin olduğunu qeyd etdi. Həmçinin, bu məzhəblərin də öz aralarında bir neçə xəttə bölündüyünü bildirdi: "Burada ilk növbədə söhbət sələfilərdən (vəhhabilər) və nurçulardan getməlidir. Şiə məzhəbi də öz aralarında bölünür. Məsələn, siyasətlə məşğul olan şiələr, əsasən, İslam Partiyasında toplaşıb. Həmçinin, İslam Demokrat Partiyası da var. Biz daha çox bu partiya haqqında internetdən informasiya alırıq. Real həyatda isə bu partiya görünmür. Yəni hər hansı bir dini xarakterli etiraz aksiyalarına qatılmır. Apardığım araşdırmalara görə, İslam Partiyasında 11 minə yaxın şəxs var. İranın bu təriqətə hansısa mənada təsiri də mövcuddur".

Ölkədə 40 min sələfi var

Sünni məzhəbi haqqında danışan araşdırmaçı alim deyir ki, ölkədə klassik və müasir sünnilər formalaşıb: "Klassik sünnilər hələ çar vaxtından bu yana mövcud idi və daha çox Allaha ibadət etməklə məşğul idilər. Ancaq müstəqillik əldə etdikdən sonra ölkəmizdə sələfi hərəkatı yaranmağa başladı. Bu gün aktiv sələfilərin sayı 10-15 min nəfərdir. Onlar sələfi olduqlarını gizlətmirlər, məscidlərə gedib-gəlirlər və bu haqda açıq söhbət aparırlar. 15-25 min civarında isə potensial sələfi var. Bunlar daha çox ehtiyatla hərəkət edirlər, ictimai yerdə sələfi olduqlarını büruzə vermirlər. Ümumilikdə, təxminən 40 minə qədər sələfi var".

Radikal vəhhabilərin sayı 1-6 min arasındadır

Mütəxəssis qeyd edir ki, sələfilərin özləri də aralarında iki hissəyə bölünür: "Əbu-Bəkr məscidinin imamı Qamət Süleymanovun rəhbərlik etdiyi sələfilər siyasətdən uzaqdırlar, hakimiyyətə iddiaları yoxdur, Əfqanıstan, Pakistan, Şimali Qafqazda və Suriyada gedən döyüşlərdə iştirak etmirlər. Bundan başqa, radikal mövqedən çıxış edən sələfilər də var, onlara xəvaric deyirlər. Bunların sayı təxminən 1-6 min civarındadır".

Nurçuların sayı 10 minə yaxınlaşıb

Müsahibimizin sözlərinə görə, hazırda Azərbaycanda 10 minə yaxın nurçu var: "Onlar siyasətdən uzaqdırlar, amma hesab edirlər ki, Azərbaycanda gec-tez şəriət qaydaları hökmran olacaq. Ona görə də olduqları ölkədə liseylər, universitetlər açır, elmə ciddi fikir verirlər. Hesab edirlər ki, əslində İslam elm və biliklə bağlıdır, insan özü İslamı qəbul etməli və hər şey Quran əsasında olmalıdır".

Əliallahilər əsasən qərb bölgəsində məskunlaşıb

Arif Yunus əlavə edib ki, ölkədə həmçinin sufilər, nəqşibəndi hərəkatı da fəaliyyət göstərir: "Qadiriyyə sufi təriqəti də mövcuddur. Süleymaniyyə və mövləviyyə təriqəti də var, onlar əsasən Bakı şəhərində fəaliyyət göstərirlər. Onlar bir qədər aktivdir. Bundan savayı, əliallahilər deyilən sekta da mövcuddur. İmam Əliyə müqəddəs və hətta Allah kimi yanaşanlardır. Onlar əsasən ölkənin qərb bölgəsində fəaliyyət göstərirlər. XIX əsrdə Daşkəsən rayonu əliallahilərin mərkəzi olub".

Mütəxəssisin sözlərindən belə çıxır ki, hazırda İbrahimi icması da fəaliyyət göstərir və onlara Ələsgər Musayev adlı şəxs rəhbərlik edir: "Bu təriqət əsasən Abşeronda fəaliyyət göstərir, mərkəzləri isə Əmircandır. Bu təriqətin 2 minə yaxın üzvü var. Vaxtilə onlara qarşı müəyyən tədbirlər həyata keçirilib".

6 qadın özünü peyğəmbər elan edib

A.Yunus hazırda Azərbaycanda otuza yaxın şəxsin özünü peyğəmbər "elan" etməsi faktının da olduğunu bildirib: "Bu adamlar özlərini peyğəmbər adlandıraraq İslamla bağlı təbliğat apardığını elan edirlər. Həmin 30 nəfərin altısı qadındır. Ancaq siyasi və cəmiyyətə təsir baxımından bu sektalar ciddi rol oynamır".

Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR