Duzu yoxdur... - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Duzu yoxdur... - ARAŞDIRMA

Duzun bir qida vasitəsi kimi kulinariya mədəniyyətinə tarixin hansı zamanında daxil edildiyi dəqiq məlum deyil. Dünyada ondan istifadə geniş yayılsa da, duzu qida saymayan və ondan heç vaxt istfadə etməyən milyonlarla insan, hətta bütöv xalqlar var.

Duz Azərbaycan xalqının təkcə qida rasionunda ən çox istifadə edilən məhsullardan biri deyil, həm də folklor və ədəbiyyatında adı ən çox hallanan nəsnələrdəndir. Baxmayaraq ki, son elmi tədqiqatlara görə, duzun insan sağlamlığı üçün xeyrindən daha çox zərəri olduğu sübuta yetirilib, amma yenə də müasir nəsillər minillərin kulinar ənənələrini davam etdirir.

Bu dəfəki mövzumuz dünyada duzla bağlı aparılan son tədqiqatların nəticələri, duzun insan orqanizminə təsiri haqdadır.

Duz qida vasitəsi deyil?

Son vaxtlar aparılan elmi tədqiqatlar sübut edib ki, qeyri-üzvi “qida məhsulu” olan duz insan orqanizmi üçün zərərlidir. Onun tərkibində neft və kənar maddələr tapılanda isə şübhəyə yer qalmır.

Qədim Şərq təbabətində bu fikrin sübutu olan saysız dəlillər var. Təsadüfü deyil ki, bütün dünyada tanınan həkimlər də duzun insan orqanizminə zərərdən başqa bir şey vermədiyini təsdiqləyiblər. Lyuis Ester, Herbert Şelton, Benedikt List, Katsuzdo Nişi, Henri Lindlato, Pol Breqq kimi dünya şöhrətli alimlərin fikrincə, duz bəşəriyyət üçün qida vasitəsi deyil.

Sağlam həyat tərzinə aid 20-dək kitabın müəllifi olan məhşur dietoloq alim Pol Breqq hesab edir ki, əgər insan qəbul etdiyi qidalardan öz bədən hüceyrələrinin təbii inkişafı üçün lazım olan bütün maddələri ala bilsəydi, o zaman ən azı 200 ilədək sağlam ömür sürə bilərdi.

Bu, təkcə Pol Breqqin fikri deyil. Dünyanın ən nüfuzlu alimləri də (Herbert Şelton, Katsuzdo Nişi və b.) eyni qənaətdədir. Maraqlıdır ki, uzunömürlülük rekordu ilə məşhur olan Aştanqa-yoqa ustaları da heç zaman duzdan istifadə etmirlər.

Duzun zərərini elmi faktlarla və təcrübi nəticələrlə sübuta yetirən nüfuzlu alimlər onu ümumiyyətlə qida məhsulu hesab etmirlər. Onların fikrincə, duz qeyri-üzvü kristal birləşmələrdən başqa bir şey deyil. Pol Breqq isə məsələni daha sərt qoyur:

1. Duz qida deyil;

2. O, orqanizm tərəfindən mənimsənilə, həzm edilə bilməz;

3. Duzun heç bir qidalılıq dəyəi yoxdur;

4. O, zəhərli olmaqla böyrək, ürək, sidik kisəsi, arteriya, qan-damar xəstəlikləri törədir, əsəb xəstəliklərini şiddətləndirir;

5. Kalsiumu orqanizmdən çıxarır, mədə-bağırsaq traktının daxili seliyini darmadağın edir.

Bir “qida məhsulu”nun ki, bu qədər zərəri var, bəs insanlar görəsən nədən bu həqiqətləri qulaqardına vururlar? Təkcə ona görəmi ki, duz “qida məhsulu” statusunu minillərdir qazanıb və insanlar bu adəti sadəcə tərgidə bilmirlər?

Duz əksər zəhərlər, məsələn, alkaqol, tütün, narkotik maddələr kimi özünəvərdiş, yalançı tələbat yaratmaq xassəsinə malikdir. Başqa sözlə desək, duz asılılıq yaradan maddələrdəndir.

Faktdır ki, dünyada bu zərərli vərdişdən azad fərdi insanlarla yanaşı, həm də bütöv millətlər var. Məsələn, eskimoslar və Hindistanın bəzi əyalətlərində yaşayan xalqlar duzdan heç vaxt istifadə etmirlər. Amerika hinduları da bu qitəyə avropalıların gəlişinə qədər duz adlı “qida məhsulu” tanımayıblar.

Bununla belə, onların duzla tanışlıqdan sonra sağlamlıq göstəricilərinin yaxşılaşdığını söyləmək olmaz, əksinə, həmin yerlərin əhalisi indi şişmanlıq və digər xəstəliklərdən daha çox əziyyət çəkirlər.

Duzun canlı orqanizmə təsiri ilə bağlı heyvanlar üzərində aparılan təcrübələr maraqlı nəticələr verib. Aşkar edilib ki, qida rasionunda heç zaman duz olmayan quşlar, hətta qaban duz yeyən kimi ölür. Çünki o, natrium, kaustik qələvi və xlorid tərkibli zəhərdən başqa bir şey deyil.

Duz niyə susuzluq yaradır?

Hətta həkim olmayanlar da bilir ki, qeyri-üzvü maddələr həzm orqanları üçün zərərlidir. Bu duza da aiddir. Orqanizmə daxil olan duza ilk etiraz mədədən gəlir. O, duzları tez böyrəyə ötürərək, onu bədəndən xaric etməyə çalışır. İncə böyrək süzgəcləri bu ağırlığa çox az hallarda davam gətirə bilir. Buna görə də, duzun əsas zərər verdiyi bədən üzvü böyrəklərdir. İnsan böyrəyinin gücü çatdığı həddən artıq duz qəbul edirsə, tezliklə bunun acı nəticəsini görür.

Böyrəyin xaric edə bilmədiyi duzlar orada daşlaşır və bundan sonra bədən üzvü artıq əvvəlki funksiyasın yerinə yetirə bilmir. Bədəndə yığılıb qalan duzlar aşağı və yuxarı ətraflarda, xüsusilə ayaq oynaqlarına toplaşaraq şişlər əmələ gətirir. Şişlər isə bədənin çıxış yolu arayaraq sonuncu carə kimi həmin yerlərə su toplayıb duzu xaric etmək üçün göstərdiyi zəif cəhddir.

Duzun susuzluq yaratması da onun ən məşhur zərərli xassələrindəndir. Bunun səbəbi orqanizmin bu zərərli maddədən azad olmaq üçün çox su tələb etməsidir. Nəzərə alsaq ki, orqanizm çox ağıllı və mükəmməl canlı mexanizmdir, o, bəzən insan ağlına tabe olmadan xəbərdarlıq edir və nəyə ehtiyacı olduğunu zamanında düzgün olaraq təyin edir. Deməli, düşünmək olar ki, orqanizm duza qarşı özü mübarizə aparmağa məcbur olur.

Amma kömək üçün siqnal da verir. Təəssüf ki, insanlar öz orqanizminin “Təhlükə var!” mesajlarına zərrə qədər də önəm verməyərək bildiklərini edirlər.

İnsanlar özlərindən başqa bəzən ev heyvanlarına da çoxlu duz verirlər. Çünki məsələn, duz verilən inək daha çox süd verir. Bunun sirri həmin heyvanın duz yeyəndən sonra daha çox su içməsindədir. Amma bu prosesdən sonra həmin heyvanların verdiyi südün yağlılığı və digər keyfiyyətləri xeyli aşağı düşür, tərkibində duzun miqdarı artır.

Nəticədə insan özünü təbiətdəki ən qiymətli qida maddələrinin birindən mərhum edir. Beləliklə, duz verilən heyvanlarda süd nəinki təbii dadını və keyfiyyətini itirir, üstəlik zərərli maddələrlə zənginləşir.

Duz insanı kökəldir?

Duzdan çox istifadə edənlərin köklüyə meylli olması bu istiqamətdə araşdırma aparan alimlərin diqqətindən yayınmayıb. Tibb elmi kökəlmənin səbəbləri haqda konkret faktlara malikdir: həzm prosesinin pozulması, yalançı aclıq və susuzluq hissi. Bəs bunlar nədən yaranır? Səbəblər siyahısına duzlu qidaların çox qəbul edilməsi başçılıq edir.

Belə adamlarda yüksək qan təzyiqi adi haldır. Tibbi statistikaya görə, dünyada qan təzyiqindən əziyyət çəkənlərin yarıdan çoxu duzdan çox istifadə edənlərdir. Qan təzyiqinin səbəbləri isə stress və zəhərli maddələrdir (məsələn, siqaret, sənaye tüstüləri və ən başlıcası adi mətbəx duzu).

Bir maraqlı məqamı da xatırlatmaq istərdik. Pol Breqq dünyanın ən qızmar yerlərindən sayılan Koliforniyadakı məşhur Ölüm Vadisinə 10 güclü idmançı ilə səyahətə çıxıb. İdmançılar yol boyu duz həbləri qəbul edib, soyuq su içiblər. O, yayın istisində 48 kilometrlik yolu ac, yalnız isti su içməklə qət edib. Dözümlü və güclü sayılan idmançılardan isə heç kim Ölüm Vadisinədək gedib çıxa bilməyib.

Pol Breqq sağlam və təbii qidalanma sisteminə üstünlük verir, yəni o, vegetariandır. Qərbdə geniş yayılmış fikrə görə, isti havada duz qəbul etmək insanın dözümünü artırır. Alim bu yürüşlə yalançı həkimlərin fikirlərini darmadağın edib.

Orqanizm duzsuz yaşaya bilərmi?

Tibb elmi tərəvəzlərin, içməli suyun tərkibində olan natriumun insan orqanizminin duza olan təlabatını ödəyəcək qədər olduğunu deyir. Əslində, orqanizmin duza olan təlabatı çox deyil: bu 0,5-1 qram civarındadır. Orqanizmimiz yalnız bu qədər duzu mənimsəyə bilər. Artıq duzun hər qramı əlavə problemlər yaratmaqdan başqa heç nəyə yaramır. İndi dünya əhalisi orta hesabla adambaşına 20 qram duz istehlak edir. Bu özünəqəsddən başqa bir şey deyil.

Həkimlərin dediyinə görə, son vaxtlar duzla bağlı yaranan xəstəliklərdən şikayət edənlərin sayı daha da çoxalıb. Daha nə lazımdır ki, bizi bu zərərli “qida məhsulu”nun istifadəsini azaltmağa məcbur edə?

Duzlu qidaların sayı getdikcə artır və bir növ dəb halını alır. İnsan duzdan istifadəni çoxaltdıqca ağzının dadını itirir və sonra hər hansı bir qidanı duzsuz və ya az miqdarda duzla yedikdə onun dadı olmadığını iddia edir. Başqa sözlə, dadbilmə reseptorlarının funksiyası da zəifləyir.

Duzun müalicəvi və energetik cəhətləri

Təbiətdə hər şey qidalanma üçün yaradılmayıb, xüsusilə də qeyri-üzvü maddələr. Bunlardan tibbi və digər məqsədlərlə istifadə edilməlidir. Duzdan da tibbi amacla yararlanmaq mümkündür. Məsələn, bəzən həkimlər xəstələrə duzlu suda yuyunmağı və ya parçaya bükülmüş duzdan ağrıkəsici kimi istifadəni məsləhət görürlər.

Sonda duzla bağlı bir məsələni də qeyd etmək istərdik. Duzun ətrafdakı mənfi enerjini özünə toplaması və qoyulduğu yerdə hər cür şər qüvvəni neytrallaşdırdığı xalq arasında uzun əsrlər ərzində formalaşmış inam var. Bunun üçün hər otağa kiçik bir qabda duz qoyulması və 1 aydan bir həmin duzu dəyişmək lazımdır.

Elçin Bayramlı

P.S. Dünya şöhrətli böyük yapon alimi Katsuzdo Nişi duzu bəşəriyyətin qidalanma məsələsində ətdən sonra 3 böyük səhvindən biri adlandırıb. Digərləri şəkər və ağ çörək sayılır ki, növbəti yazılarmız da bunlara həsr olunacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm