MTN-dən narkotik əməliyyatı - 6 narko-tacir həbs olundu
Bizi izləyin

Qırmızı.az

MTN-dən narkotik əməliyyatı - 6 narko-tacir həbs olundu

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən son günlər həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə ümumilikdə 35 kiloqram 500 qramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb.

MTN-nin İctimai Əlaqələr İdarəsindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının vətəndaşları - Bunyadov Taleh Mahmud oğlu, Əhmədov İbrahim Talıb oğlu və Məmmədov Ceyhun Rəhim oğlu şübhəli şəxs qismində saxlanılmış, onlardan külli miqdarda narkotik vasitə olan - 3 kiloqram 97 qram heroin və 27 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində “İran-Azərbaycan” marşrutu üzrə narkotiklərin qanunsuz daşınmasında şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Əhmədov Rəşad Vidadi oğlu və Qarayev Adil Dövlət oğlu saxlanılıblar. Keçirilən baxış nəticəsində onlardan 4 kiloqram 952,90 qram tiryək aşkar edilərək götürülüb.

Daha bir əməliyyat-axtarış tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Məmmədov Nurəli Eldar oğlu saxlanılıb, ondan 500 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma) maddələri ilə cinayət işləri başlanılıb. Bunyadov Taleh Mahmud oğlu, Əhmədov İbrahim Talıb oğlu, Məmmədov Ceyhun Rəhim oğlu, Əhmədov Rəşad Vidadi oğlu, Qarayev Adil Dövlət oğlu və Məmmədov Nurəli Eldar oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm