“18 yaşdan aşağılara qadağandır!”
Bizi izləyin

Qırmızı.az

“18 yaşdan aşağılara qadağandır!”

İctimai Palata 22 aprel aksiyasında 18 yaşdan aşağı şəxslərin mitinqə buraxılmadığını iddia edir. AXCP-nin sədr müavini Həsən Kərimov məsələyə münasibət bildirərkən bunu ciddi qanun pozuntusu adlandırıb.


Publika.Az-a açıqlamasında Daxili İşlər Nazirliyi mətbuat xidmətinin nümayəndəsi Orxan Mənsurzadə isə bunu təkzib edib. Aksiyanın icazəli olduğunu xatırladan Orxan Mənsurzadə onlarda belə bir informasiyanın olmadığını bildirib: “Aksiya icazəlidirsə, belə bir qadağa qoyula bilməz”.

Bəs qanunvericiliyin bu məsləyə münasibəti necədir? Millət vəkili Çingiz Qənizadə bildirib ki, qanunvericilikdə bu barədə konkret bir məqamın olub-olmadığını deyə bilməz. Bununla belə o, istər müxalifət, istərsə də iqtidarın təşkil etdiyi siyasi aksiyalarında yaşı 18-dən az olan şəxslərin iştirakını düzgün və əhəmiyyətli saymır.

Hüquq müdafiəçisi İntiqam Əliyev qeyd edib ki, bu məsələ ilə bağlı bir sıra ziddiyyətlər var: “Yaşı 18-dən aşağı olanların aksiyalarda iştirakına icazə verilməməsi ilə bağlı qanuni normalar var. Digər tərəfdən, mitinqlərin mahiyyətində bir etiraz dayanır. Mitinqlər küçədə də, qapalı yerdə də keçirilə bilər. Ona görə də aksiyaya qoşulan adamın yaşını müəyyənləşdirib, qarşısını almaq mümkün deyil”.

Vəkil Anar Qasımlının sözlərinə görə, aksiyaya uşaqların qoşulub-qoşulmaması ilə bağlı qanunvericilikdə bir sıra maraqlı məqamlar var. 7 yaşına qədər uşaqların heç bir fəaliyyət qabiliyyətinin olmadığını deyən vəkili bildirib ki, onların heç bir halda siyasi tədbirlərdə iştirakına icazə verilmir. 7-16 arası yaşlı uşaqların isə müəyyən vəzifələr əldə etdiyini söyləyən Anar Qasımlı qeyd edib ki, onlar valideynlərin və ya himayəçilərin yanında müəyyən fəaliyyətlə məşğul ola bilərlər.

“Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda uşaqların siyasi tədbirlərdə birbaşa iştirakına qadağa qoyulmadığını vurğulayan Anar Qasımlı “Uşaq hüquqları haqqında” qanunda vəziyyətin fərqli olduğunu dilə gətirib: “Qanunun 26-cı maddəsində yazılıb ki, uşaqların siyasi fəaliyyətə cəlb olunmasına yol verilmir. Bu baxımdan yanaşsaq onların mitinqlərə gətirilməsini yolverilməz hesab etmək olar. Digər tərəfdən, uşağın mitinqə gətirilməsi uşağın mənafeyinə ziddirsə, məsələyə aidiyyəti qurumlar qarışa və məhkəmə qarşısında iddia qaldıra bilər. Hesab edək ki, valideyn 10 yaşında olan uşağını məktəbdən kənarlaşdırıb aksiyaya aparır. Bu zaman iddiaçı tərəf kimi məktəb çıxış edə bilər”.

Vəkil hesab edir ki, hüquq-mühafizə orqanları mitinqə bir neçə gün qalmış uşaqlarla bağlı çağırış edə bilər: “Burada söhbət sadəcə tövsiyədən gedir. Qəti şəkildə qadağa qoyula bilməz. Polisin insanları saxlayıb yoxlaması, uşaqların buraxılmaması tələbi özlüyündə qanunidir, polisin tələblərində qanuni məqamlar var. Amma polisin həmin anda hərəkəti, yəni azyaşlını zorla oradan uzaqlaşdırması qanunsuzdur. Bu tələbi əvvəlcədən xəbərdarlıq etməklə bildirmək olar”.

Ömər Əmirov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm