Nəqliyyatda iş saatı uzadıldı
Bizi izləyin

Qırmızı.az

Nəqliyyatda iş saatı uzadıldı

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ilə əlaqədar Bakıda ictimai nəqliyyat gücləndirilmiş iş rejimində çalışacaq.

Publika.az-ın məlumatına görə, qurumlar artıq bununla bağlı bir sıra hazırlıqlara da başlayıblar.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun Publika.az-a bildirdiyinə görə, hazırda idarə tərəfindən növbətçilik cədvəli tərtib olunur. Şəhərin müəyyən tələbat olan hissələrində maşınların sayı artırılacaq: “Bayram günü əhali şəhərə gəzintiyə çıxdığından idarə gücləndirilmiş iş rejimində çalışacaq. Nəqliyyat vasitələri adi günlərdə saat 12-yə qədər işləyirsə, bayram ərəfəsində gecə saat 1-ə kimi işləyəcək. Əsasən də şəhər mərkəzi nəzarət altında olacaq ki, orada nəqliyyat vasitələri stabil işləyə bilsin”.

Hazırda sürücülərlə maarifləndirmə işləri aparıldığını deyən Ə. Cəfərovun sözlərinə görə, sürücülərə bayram günlərində insanların əhval-ruhiyyəsini pozmamaq, davranış qaydalarına riayət etmək tövsiyə olunur.

Rəis müavininin sözlərinə görə, bayramla bağlı artıq ehtiyat maşınlar da hazırlanır: “Əgər qar yağarsa, ona qarşı da tədbirlər görülür. Qarlı, yağışlı hava olarsa, yolların təmizlənməsi, yollara ünvanlarının verilməsi həyata keçiriləcək. Avtobuslarda gediş haqqıların süni şəkildə qaldırılmasının qarşısını almaq üçün müfəttişlərimiz də gecə reydləri keçirəcəklər”.

Bakı Beynəlxalq Avtovağzalında da bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq. Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin bildirdiyinə görə, əlavə nəqliyyat vasitələri cəlb olunacaq: “Biz sərnişin sıxlığını nəzərə alıb daşınmanı həyata keçirəcəyik. Biletlərin satışı əvvəlki qaydada həyata keçiriləcək. Bilet satışı təyin olunmuş qrafiq üzrə 10 gün əvvəlcədən həyata keçirilir. Əlavə nə qədər marşrutun çıxarılması isə sərnişinlərin sayından asılıdır”.

Növbə rəisinin sözlərinə görə, əgər adi günlərdə 6-7 min sərnişin olursa, bayram günləri onların sayı 14-15 min olacaq. Ona görə də, hər bir istiqamətə əlavə avtobuslar çıxarılacaq. Bakı Beynəlxalq Avtovağzalından adi günlərdə 300-350 nəqliyyat vasitəsi yola salınırsa, bayram günləri nəqliyyat vasitələrinin sayı 700-ə çatdırıla bilər.

Bayram günləri bilet qiymətlərinə də nəzarət olunacaq. Qurum rəsmisinin sözlərinə görə, bunu avtovağzalda yaradılan Qiymət Komissiyası həyata keçirəcək. Əgər hansısa sürücü biletsiz sərnişini avtobusa mindirərsə, həmin sürücü və avtobus xətdən kənarlaşdırılacaq.

Bayram günü Bakı Metropoliteni də gücləndirilmiş iş rejimində çalışacaq. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a bildirdiyinə görə, dekabr ayının 31-i günü həmişə olduğu kimi metro bir saat artıq işləməyi planlaşdırır: “Bayram günü metro gecə saat 12-də yox, 1-də bağlanacaq. Əgər hər hansı bir dövlət tədbiri keçirilərsə, tədbirin vaxtı uzanarsa, biz də bu vaxta yenidən baxa bilərik”.

N. Paşayevin sözlərinə görə, xəttə əlavə qatarlar çıxarılmayacaq: “Qış rejimi ilə əlaqədar biz maksimum intervalla işləyirik. Amma əlavə təhlükəsizlik tədbirləri gücləndiriləcək . Sərnişinlərin maksimum dərəcədə təhlükəsiz hərəkətinə nail olmağa çalışacağıq”.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti də bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək. Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, dekabrın 29-30-da olacaq sıxlıqla bağlı artıq tədbirlər görülür: “Ehtiyatda olan vaqonlar texniki baxışdan keçirilir, istilik sistemləri yoxlanılır. Bayram günü həmin vaqonlardan istifadə olunacaq. Bundan əlavə onu da qeyd edim ki, sərnişin axını Gürcüstan istiqamətində çox olduğundan, ayın 29-30-da Tiflisə əlavə turist qatarı buraxılacaq. Bildiyiniz kimi Bakıdan Tiflisə bir qatar gedir, bu isə ikinci qatar olacaq. Bayram gününü əhalinin rayonlara və paytaxta axınını nəzərə alaraq çalışacağıq ki, bayram günlərində problem yaranmasın”.

N. Əzməmmədovun sözlərinə görə, stansiytalarda işçilər növbəli iş rejimində işləyəcəklər. Sərnişinlərin təhlükəsizliyinə isə Təhlükəsizlik Xidməti və Nəqliyyatda Baş Polis Idarəsi nəzarət edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm