Şəhərləşmə və “şəhərsiz şəhərləşmə“
Bizi izləyin

Qırmızı.az

Şəhərləşmə və “şəhərsiz şəhərləşmə“

BQP başqanı deyir ki, vətəndaşın yaşamaq, ARDNŞ-in də mülkiyyət hüququ var.

İki hüquq arasında ziddiyyət düşmüş.

Bir dövlət şirkəti və daha dəqiqi, dövlətimizin əsas şirkəti olan ARDNŞ neftlə zəngin torpaqları istismar etmək, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəyir.

İllər öncə hansısa kiçik çaplı məmurun cibinə pul basıb Sulutəpədə ev tikmiş vətəndaşlar isə çöldə qalmaq istəmir.

Vətəndaş evini qoruyur, ARDNŞ hüququnu.

Emosiyalar gərilir, ortam gərginləşir, yumruqlar, dəyənəklər işə düşür, biri ağır, digəri yüngül səviyyədə iki jurnalist xəsarət alır...

Media kapitanları toplaşır, dövlət rəsmilərinə müraciətlər göndərilir, beynəlxalq təşkilatlar döyülən həmkarımız İdrak Abbasovun müdafiəsinə qalxır.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev "günahkarların cəzalanması üçün" komissiya yaradır, qurumun hüquqşünas sözçüsü Eldar Orucov İdrak Abbasovun adını "söküntü zamanı təxribat törədən şəxslər arasında" çəkir.

Vətəndaşın öz evini- istər sənədli olsun, istər sənədsiz- qorumasını "təxribat" kimi qiymətləndirmək heç bir halda doğru deyil.

Fəqət, balansında olan torpaqlar üzərində tikilmiş qanunsuz evləri sökməsinə görə də ARDNŞ-i qınamaq olmaz.

Qınaq obyekti, ilk növbədə, vətəndaş cəmiyyətinin liderləri olmalıdır.

Onların qulağına yad olmayan bir termin var - "advokasi".

Bu termin bəlli bir sosial qrupun maraqlarının qorunması üçün kampaniya aparılmasını ehtiva edir.

"Sulutəpə olayı"nın baş verməsinə bir ayın içində zəmin yaranmayıb, həmin ərazidəki evlərin söküləcəyi çoxdan məlum idi.

Ən əsas sual budur: bu illər ərzində qanunsuz ev yiyələri ilə torpağın qanuni sahibi arasında konsensusun formalaşması üçün niyə advokasi kampaniyası aparılmayıb?

Yanlış anlamayın, belə bir kampaniyanın aparılmaması ARDNŞ görəvlilərinə vətəndaşı döymək hüququ vermir, amma vətəndaşlıq şüurumuzu bir daha nəzərdən keçirməyə əsas yaradır.

Bir vətəndaş heç bir sənədə-sübuta malik olmayan torpaq üzərində ev tikirsə, onun hüquqi və iqtisadi şüurunda feodal elementləri var.

"Qanunsuz evlər" daha çox sosial və ya ekonomik şərtlər müqabilində kənddən şəhərə köçmək məcburiyyətində qalanların yaşayış yeridir.

Əgər "qanunsuz evlər"in tikildiyi ərazilərdə sosioloji bir araşdırma aparılsa, əminəm ki, orada biri-birinə qohum olan çoxlu ailələr, yaxud eyni peşəni paylaşan adamlar üzə çıxacaq.

Kənddən şəhərə çörək dalınca gələn adamların görə biləcəyi çox iş yoxdur. Bir tərəfdən onların bacarıqları, peşəkarlıqları yüksək deyil, digər tərəfdən də sosial məziyyətləri fərqlidir.

Həmin ərazilərdəki dükan və digər iaşə obyektləri də ibtidai səviyyədə olur.

Ev alətlərinin müasir olması, hələ adətlərin çağdaşlaşması anlamına gəlmir.

Üstəlik, qanunsuz tikililərdə yaşayanalr qeyri-leqal iqtisadiyyatın əsas işçi qüvvəsi olurlar.

Söhbət marginal bir təbəqənin "səadət axtarışı"ndan gedir, gedə bilər, amma...

Sulutəpə olayından sonra yayınlanan şəkillərə düşmüş çox qatlı evlər, dəbdəbəli villalar Bakıdakı "qanunsuz evlər"i tam olaraq yoxsulların, marginalların "gecəqondu"su kimi dəyərləndirməyə imkan vermir.

Dünyanın bütün sosioloqlarını heyrətləndirəcək təzad da elə budur və açmaq istədiyim həmin təzadın sirridir.

Xatırlayın, "Gecəqondular" Bakıda hətta sovet dövründə də salınırdı və belə massivlər "naxalstroy" adlanırdı.

"Naxalstroy"da yaşayan orta statistik ailə bir kənd külfətindən daha az sayda olur, üzvləri iş-güc tapır, bir yanda kənd vərdişlərini qorumaqda davam edərkən, o bir yandan da şəhərdən yeni dəyər və üslub əxz edirdi.

Daha konkret desək, öz həyat tərzinə və alışqanlıqlarına görə, "Naxalstroy" ailəsinin bir ayağı kənddə, bir ayağı şəhərdə idi.

Sovet dövrünün "naxalstroylar"ı şəhərləşmə prosesinin astar üzü idi.

İndiki "qanunsuz tikintilər" isə marginal elementlər baxımından nə qədər araşdırılmağa layiq olsa da, daha çox kapitalistləşmə prosesinə ənənəvi feodal təfəkkürünün təsirindən çoxalır.

Sənədsiz-sübutsuz tikilən mənzilin toxunulmazlığına inam da elə vətəndaşın feodal təfəkküründən qaynaqlanır.

Və... gözümüzü deşən iki, üç, dörd mərtəbəli villalar da məhz feodal qəsrləridir.

Odur ki, "qanunsuz evlər tikintisi" bumunu "şəhərsiz şəhərləşmə" adlandırmaq daha doğru olardı.

Bakıda həm də "şəhərləşmə" ilə "şəhərsiz şəhərləşmə"nin davası gedir.

Taleh Şahsuvarlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm