Salam Sarvan Əkrəm Əylisliyə cavab verdi - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Salam Sarvan Əkrəm Əylisliyə cavab verdi - MÜSAHİBƏ

«150 cildlik dünya ədəbiyyatı kitabxanası» layihəsinin redaktoru xalq yazıçısına cavab verdi

Bu yaxınlarda xalq yazıçısı Əkrəm Əylisli «Kulis»ə müsahibə verərək Bakı Slavyan Universitetində həyata keçirilən «150 cildlik dünya ədəbiyyatı kitabxanası» layihəsini də kəskin tənqid edib. Publika.Az xalq yazıçısının ittihamlarına münasibət bildirmək üçün həmin layihənin redaktoru, şair Salam Sarvana müraciət edib.

– Əvvəla mən bu müsahibəsində Əkrəm bəyi nəyə görəsə çox əsəbi gördüm. O qədər əsəbi ki, hətta «universitet» sözünü dilinə gətirməyərək, «Kamalın idarəsi» ifadəsini işlədir. Ancaq «Yazıçı» nəşriyyatına «Əkrəmin idarəsi» deməyi indiyə qədər heç kim özünə sığışdırmayıb.

Əkrəm bəyin münasibətini ciddi qəbul eləmirəm. Çünki məlum oldu ki, onun tərcümə haqqında təsəvvürləri bəsitdir. O deyir ki, «Mən Aytmatovu elə tərcümə etmişəm ki, heç Aytmatov özü o səviyyədə əsər yazmayıb». Tərcümənin məqsədi mətni müəllifdən yaxşı yazmaq deyil, onu adekvat, orijinala uyğun səviyyədə oxucuya çatdırmaqdır. Buna oxşar bir halla da qarşılaşmışdıq. Bizdə redaktə tərcümə mətnini orijinal mətnlə tutuşdurmaqla aparılır.

Adını çəkmək istəmədiyim bir tərcüməçinin mətni redaktə edilərkən məlum oldu ki, o, əsərin iki səhifəsini buraxıb. Mən ona zəng eləyib vəziyyəti danışanda tərcüməçi bilirsiz nə dedi? Dedi ki, əsərin o yeri zəif olduğundan həmin iki səhifəni tərcümə etməyib. Biz bu cür yanaşma olan tərcümələri dərhal geri qaytarırıq.

Bu mənada redaktorlarımızdan biri Əkrəm Əylislinin tərcümə etdiyi «O illərin çörəyi»ni də layihədən çıxarmağı təklif eləmişdi. Çünki burada tərcümənin ən elementar prinsipləri pozulmuşdu. Haynrix Böllün uslubu, yazı texnikası təhrif olunmuş və əkrəmləşdirilmişdi. Həmin əsər Azərbaycan dilinə yox, «Gilənar ağacına dediklərim» əsərinin dilinə çevrilmişdi. Ancaq layihənin rəhbəri Kamal Abdulla Əkrəm bəyin tərcümələrini layihədən çıxarmağa imkan vermədi.

– Ancaq Əkrəm Əylisli özünü həmin müsahibədə ən yaxşı tərcüməçi hesab edib

– Bu heç, bunu anlayışla qarşılayıram. Çünki insanın bir 25 yaşa qədər, bir də 70 yaşdan sonra «mənəm-mənəm» deməsi təbii haldır.

Ümumiyyətlə, indi dünyada 3-cü dildən tərcümə anlayışı demək olar ki, yoxdur. Ona görə də məsələn, alman yazıçısını rus dilindən tərcümə etdiyinə görə özünü hamıdan yaxşı tərcüməçi hesab etmək ancaq azərbaycanlı tərcüməçinin ağlına gələ bilər.

Bu layihədə Vilayət Quliyevin, Vilayət Hacıyevin, Çərkəz Qurbanlının, Yaşar Əliyevin, Azad Yaşarın, Tehran Vəliyevin, Vaqif Bayatlının, Mahir Qarayevin, Kamran Nəzirlinin, Saday Budaqlının, İlqar Əlifoğlunun, Afaq Məsudun, Etimad Başkeçidin, Günel Əhmədovanın, Ramiz Rövşənin, Rövşən Ramizoğlunun, Nadir Qocabəylinin, Ramiz Abbaslının, Cavanşir Yusiflinin, Tahir Kazımlının, Vidadi Rzayevin, Zahid Sarıtorpağın, Nərgiz Cabbarlının, Aygün Aslanlının, Günel Mövludun və başqalarının çox gözəl tərcümələri var. Bu adamlar tərcümələri orijinaldan – ingilis, alman, fransız, yapon, rus dillərindən ediblər.

– Əkrəm Əylisli deyib ki, bir institut açılmalı, 10 il orada tərcüməçi yetişdirəndən sonra «150 cildlik dünya ədəbiyyatı» layihəsinə başlamaq lazım idi.

– Həmin institut açılmayıb, Əkrəm bəy də o institutda 10 il oxumayıb. Bu məntiqlə onun özü də tərcüməyə girişməməliydi. Gözləməliydi ki, arzuladığı institut açılsın, orada oxuyub öyrənsin, sonra Markes kimi ciddi bir yazıçının tərcüməsinə başlasın. Absurd yanaşmadı.

Azərbaycanın tərcümə potensialı elə tərcümə prosesində təkmilləşə bilər. Bu mənada Bakı Slavyan Universitetində həyata keçirilən layihə həm də elə Əkrəm bəyin arzuladığı işi görür, yəni ümumilikdə Azərbaycanın tərcümə məktəbi formalaşır.

– Əkrəm Əylisli müsahibəsində onu da deyib ki, sovet dövrünün tərcümələri indikindən yaxşıydı…

– Böyük səhvdir. Məsələn mən sizə sovet dövründə tərcümə olunmuş əsərlərin bizim redaktədən keçəndən sonra vəziyyətini göstərə bilərəm. Təkcə Tolstoyun «Hərb və sülh» əsərinin tərcüməsində 5000-ə yaxın ciddi redaktə düzəlişləri olub. Çexovun sovet dövrü tərcüməsində hətta personajların adları, əsərdəki yer adları belə düzgün tərcümə olunmamışdı. 800 səhifəlik «Qarqantua və Pantaqruel» isə sovet dövründə 200 səhifədən ibarət tərcümə olunub.

«150 cildlik dünya ədəbiyyatı»nın redaktorları söyüş söyməyə sovet dövrü tərcümələrinin redaktə prosesində alışdılar. Elə dəhşətli “tərcümə” məqamlarına rast gəlirdik ki, adam heyrətə gəlirdi: Doğrudanmı, sovet dövründə tərcümə sahəsinin bir yiyəsi olmayıb.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm