“Facebook”u, “İnstagram”ı geridə qoymuş proqramın azərbaycanlı rəhbəri DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“Facebook”u, “İnstagram”ı geridə qoymuş proqramın azərbaycanlı rəhbəri DANIŞDI

Azərbaycanlı kompüter üzrə mütəxəssisi Cəfər Nəcəfov tərəfindən hazırlanmış “Hara gedək?“ adlı proqram “App Store”da dünyanın məşhur “Facebook”, “Whatsapp”, habelə “İnstagram” kimi proqramlarını geridə qoyub.

Publika.az xəbər verir ki, yenicə yaranmasına baxmayaraq, artıq bir həftədən çoxdur, “Hara gedək?” proqramı top reytinqdə birinci yerdə qərarlaşıb. Proqramın müəllifi, kompüter üzrə mütəxəssis Cəfər Nəcəfov əməkdaşımızla söhbətində bildirdi ki, proqramın adının belə adlandırılması heç də təsadüfi deyil:

Həmişə harasa getmək istəyəndə özümüz özümüzə sual veririk ki, hara gedək? Fikirləşdim, təkcə biz yox, hamı öz-özünə bu sualı verir – hara gedək? Qərara aldım ki, belə bir proqram yaratmaqla insanlara xidmət edim. Heç mən görmədim ki, respublikamıza yaxın ölkələrdə Türkiyədə, Rusiyada belə proqramlar olsun. Bu proqramdan istifadə edənlər onların yerləşdikləri məkanlara yaxın obyektlərin yeri haqqında ətraflı məlumat ala bilir. Obyektin üzərinə “klik” etməklə marşrut barədə xəbər əldə etmək olur. İstəsə, zəng etməklə sifariş də verə bilər.

Proqrama maraq böyükdür?

Bəli, cəmi bir neçə gündür yaranmasına baxmayaraq, proqram 100000-ə yaxın istifadəçi tərəfindən idarə olunur. Hətta “Hara gedək” “Top Free” bölməsində digər proqramları qabaqlayaraq birinci yerdə qərarlaşıb. Yaxın günlərdə bu proqram həmçinin “Android” və “Windows” əməliyyat sistemi ilə çalışan telefonlar üçün hazırlanacaq. “Hara gedək?” proqramına günü-gündən yeni məkanlar əlavə olunmaqdadır. Habelə tezliklə onun xüsusiyyətləri, spesifik funksiyaları daha da zənginləşdiriləcək. “Hara gedək” insanların həyatını asanlaşdırmaq məqsədilə yaradılıb. Belə ki, “Hara gedək” xəritədə proqram istifadəçinin yerini müəyyənləşdirib ona yaxınlıqda yerləşən məkanlar barəsində dolğun məlumat çatdırır. Eləcə də onun istəyinə uyğun olaraq proqram istifadəçinin getmək istədiyi məkanla bağlı onda hərəkət marşrutu yaradır”.

Sizin müəllifi olduğunuz proqramın başqa hansı fərqli cəhətləri var?

Proqramın daha bir xüsusiyyəti isə ondan ibarətdir ki, istifadəçilər bəyəndikləri məkana reytinq verə, rəy yaza bilər. “Hara gedək” “Facebook” və “Tvitter” sosial şəbəkəsi ilə inteqrasiya olunub. Bu da öz növbəsində istifadəçilərə rəy yazmaq üçün rahat qeydiyyat şəraiti yaradır. Yaxın gələcəkdə “Hara gedək” istifadəçiləri üçün proqramda yerləşdirilmiş bütün məkanlarda endirimlər tətbiq olunacaq. Biz istifadəçilərə hətta hava haqqında da məlumatları çatdırırıq ki, onlar harasa gedəndə həmin yerin hava durumu haqqında məlumatlı olsunlar.

Bundan əvvəl hər hansı proqramınız olubmu?

Xeyli sayda layihələrim olub. Məsələn, Azərbaycanda ilk dəfə onlayn yemək sifarişi sistemi yaratmışdım. Lakin sonradan xaricdə təhsilimi davam etdirdiyimdən və hərbi xidmətlə əlaqədar bu layihə yarımçıq qaldı. Ən böyük layihələrdən biri bu idi.

Gələcəkdə başqa hansı layihələriniz olacaq?

Belə bir ideyamız var ki, Azərbaycan üçün onlayn avtomobil alqı-satqısını reallaşdıraq. Bu, “İnstagram” formasında olacaq. Məsələn, əgər avtomobilinizi satmaq istəyirsinizsə, maşının şəklini çəkib onun texniki göstəricilərini, markası haqqında məlumatı əks etdirəcək, elan verəcəksiniz. Yaxud əgər evinizi satmaq istəyirsinizsə, eyni prosedurdan istifadə edə biləcəksiniz. Eləcə də pal-paltar, geyim üçün də başqa proqramın hazırlanması planlaşdırılır. Bunun üçün sadəcə geyimlərin şəklini çəkib onun barəsində elan yerləşdirmək lazım olacaq. Qeyd edim ki, bu elanların hamısı ödənişsiz – pulsuz olacaq.

Uşaqlar üçün kompüter oyunlarının tətbiqi hal-hazırda dünyanın əksər ölkələrində populyardır. Sizin bununla bağlı hər hansı proqram layihəniz varmı?

Bəli, hal-hazırda bu proqram üçün komanda yığıram. Komandalar hazır olduqdan sonra oyunlar da hazır olacaq.

- Hansı növdə oyunlar nəzərdə tutulur?

- Məsələn, ilan oyunları. Bunlar köhnə oyunların yeni dizaynı, başqa formada, mərhələlərlə hazırlanacaq. Lakin hələlik həmin oyunları yükləməmişik. Qeyd edim ki, bundan başqa professional layihələrimiz də var. Sadaladıqlarım yalnız kiçik proqramlardır. Böyük proqramlarımız da olacaq.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm