Dünyanın ən yaxşı azərbaycanlı müəllimi “Publika.az”a DANIŞDI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Dünyanın ən yaxşı azərbaycanlı müəllimi “Publika.az”a DANIŞDI - FOTOLAR

Balakən rayonundakı akademik Zərifə Əliyeva adına 3 nömrəli tam orta məktəbin müəllimi Məhəmməd Qarakişiyev ABŞ-ın sabiq prezidenti Bill Klintonun fəxri rəhbəri olduğu "Varkey GEMS" Fondu tərəfindən təsis olunmuş "Dünya Müəllimi Mükafatı"nın qalibləri sırasındadır.

M.Qarakişiyevin uğuru bir neçə gündə bütün ölkədə yayıldı. Dünyanın ən yaxşı müəllimi olmağa namizəd həmyerlimizlə müsabiqədə necə iştirak etməsi, uğurun sirri, bundan sonrakı planları, müəllimi kim təhsildə onu narahat edən problemlərdən danışdıq.

M.Qarakişiyev 2006-cı ildə Gəncə Dövlət Universitetinin tərcümə nəzəriyyəsi və dillərarası əlaqə fakültəsini fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

- Müsabiqədə iştirak öz təşəbbüsünüz idi, yoxsa dövlət xətti ilə qatıldınız?

- Bu müsabiqədə iştirak etmək öz təşəbbüsüm olub. İnterneti daim izləyən bir müəllim kimi, dünya müəllimlərini əhatə edən müsabiqədə iştirak etmək barədə qərar verdim. Bu barədə məlumat əldə edəndə müsabiqənin yekunlaşmasına az bir müddət qalmışdı. Lakin ümid edirdim ki, nəticə yaxşı olacaq. Gözlədiyim kimi də oldu.

- Azərbaycandan bu müsabiqədə sizdən başqa iştirak edən müəllim var idi?

- Müsabiqəyə qatılanda ən azı tələbə yoldaşlarımdan müraciət edənlərlərin olduğunu düşünürdüm. Sonradan isə məndən başqa heç kimin olmadığını gördüm. Ola bilər ki, ərizə formasını doldurmağa gecikmişdilər, ya da prosedur qaydalarda problem yaşayıblar. Nəticədə, mən Azərbaycan üzrə yeganə namizəd oldum.

- Seçim turları necə oldu?

- Oktyabrın 12-dən sonra ərizə forması doldurulmalı idi. Həmin ərizədə müəllim kimi həm sinifdə, həm də sinifdən kənar naliyyətlərimiz, kolleqalarımız arasında, həmçinin bir müəllim kimi uğurlarımız qeyd edilirdi. Sinifdə innovativ dərs üsullarını necə tətbiq etməyimiz, tədrislə əlaqəli mediada hansı işlər görməyimiz, başqalarını tədrisə necə cəlb etməyimiz, şagirdlərin qlobal vətəndaş kimi yetişməsi üçün nələr etdiyimiz, innovasiyanın keyfiyyətli tətbiqində hansı işlər gördüyümüz barədə sualları cavablandırdım. Daha sonra məktəbdəki müəllimlərimizdən biri dərslərimdən birini çəkdi, həmin video materialı da göndərdik. Həmin sinifdə isə mən ilk dəfə idi dərs keçirdim. Bir çoxları buna inanmır. Lakin səmimi deyirəm ki, həmin açıq dərsə hazırlaşmamışdıq. Bir neçə gün əvvəl Bakıda “İlin ən yaxşı müəllimi” müsabiqəsinin seçimində iştirak edərkən 49 nömrəli məktəbdə də bunu bir daha sübut etdim. Həmin müsabiqənin ilk seçim turunda da yüksək bala layiq görüldüm. Ümid edirəm ki, Azərbaycanda da ilin ən yaxşı müəllimlərindən olacam.

- Mükafatın qalibi necə müəyyənləşəcək?

- Bildiyiniz kimi, 50 müəllim 5 min nəfərin arasından seçilib. Bu nəticəni həyəcanla gözləyirdim. Özümü dünyanın 50 ən yaxşı müəllimi arasında görəndə çox sevindim və bu, məni çox həyəcanlandıran bir xəbər idi. Növbəti mərhələdə 10 nəfər finala çıxacaq. Martın 15-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində qalib elan olunacaq. 10 nəfərdən birinə 1000 000 ABŞ dolları həcmində "Dünya Müəllimi Mükafatı"ı veriləcək. Bu mükafatın “Nobel Mükafatı” na bərabər olduğu deyilir. Seçim prosesinin nəticəsini səbirsizliklə gözləyirəm. Ümid edirəm, 10 nəfərdən biri olacam. Bu vaxta qədər seçim turlarının hamısından keçmişəm. Müəllimin qabiliyyətini üzə çıxaran bütün sınaqlardan keçmişəm. Bundan sonrakı mərhələdə hələ ki bizdən hər hansı əlavə tələb yoxdur. Ola bilər ki, təqdimat tələb edilə bilər. Hazırda həlledici seçimlərdən birinin qarşısındayıq. Amma növbəti tura keçməsəm də, təəssüflənmirəm. Bura qədər gəlib çıxmaq özü böyük bir uğurdur.

- Bu gün müəllim ixtisasını bitirənlər, adətən, başqa sahələrdə iş axtarırlar. Müəllim və üstəlik, rayon məktəbində işləmək öz seçiminiz idi?

- Gəncə Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirəndən sonra Balakəndə Tağlar kənd məktəbinə təyinat vermişdilər. Lakin mən rayonda keçmiş icra başçısının qəbulunda olarkən, o, mənə rayon məktəbində işləməyi təklif etdi. Mən də tərəddüd etmədən qəbul etdim. Müəllim işləmək arzum idi. İngilis dilini öyrənərkən xaricdə təhsil almağı qarşıma məqsəd kimi qoymuşdum. İkinci kursda oxuyarkən bu istəyim reallaşacaqdı, lakin kiçik bir problemə görə alınmadı. Bu problem məni ABŞ-da təhsil almaq imkanından məhrum etsə də, təəssüflənmədim. Əksinə, öz üzərimdə daha çox işlədim. Tələbə kimi təhsil ala bilməsəm də, 2012-ci ildə müəllim kimi ABŞ-da iştirak etdiyim proqramın qalibi oldum. Daim öz üzərimdə işləyirəm, innovasiya hardadırsa, orda olmağa çalışıram.

- Dünyanın ən yaxşı müəlliminin bütün həyatı işindən ibarətdir? İşlərdən ailəyə vaxt ayıra bilirsinizmi?

- Az da olsa, çalışıram kimi vaxt ayırım. Dörd yaşlı bir oğlum var, valideynlərim və ailəmlə birlikdə kənddə yaşayıram. Hər gün kənddən rayon mərkəzinə dərsə gəlirəm. Günümün əsas hissəsi şagirdlərin yanında keçir.

- Rayonda yaşamaq istəyiniz var, yoxsa kənddən ayrılmaq istəmirsiniz?

- Bir müddət əvvəl belə bir istəyim oldu. Lakin maddi imkan yetərli olmadığına görə, istəyimizi reallaşdıra bilmədik.

- Maddi imkan demişkən, müəllim maaşı ehtiyaclarınızı nə qədər ödəyə bilir?

- Müəllim maaşı bəllidir, digərləri necə, mən də elə. Lakin bununla yanaşı repetitorluqla məşğul oluram. Bu işlə məşğul olmasam, əlbəttə, yaşamaq çətin olar. Məcbur qalıb repetitorluqla məşğul oluruq. Amma repetitor hazırlığından əldə etdiyim pulları da çox zaman məhz tədris prosesində yeniliklərin tətbiqinə, əlavə vəsaitlərin alınmasına xərcləyirəm. Bundan başqa, bəzən imkansız ailələrin də uşaqlarını əlavə hazırlaşdırıram.

- Repetitorluq şagirdləri dərsdən yayındırması ilə bağlı fikirlər var. Siz məktəbdə müasir üsullardan istifadə edirsiniz. Bundan sonra şagirdlərin repetitor yanına getməsinə ehtiyac var?

-Müəllim tədrisi elə qurmalıdır ki, şagirdlər onun həqiqətən elm öyrətdiyini hiss etsin. Şagirdlərlə müzakirə etdiyim əsas mövzu onların fərdi hazırlığa yox, məktəbdəki tədrisə maraq göstərmələridir. Hər dəfə şagirdlərimə də deyirəm, 11 il tədrisdən sonra ingilis dilində danışa bilməmələri barədə düşünməlidirlər. Bu, bəziləri üçün gülməli olur, bəziləri bu sual ətrafında düşünür. Mənim yanıma repetitorluğa gəlmək istəyənlərə də deyirəm ki, hazırlıq məktəb dərslərinə əsaslanır, valideyni əlavə xərcə salmağa ehtiyac yoxdur. Lakin bəzən olur ki, şagirdlər fərdi hazırlığa üstünlük verir. Bunun da qarşısını ala bilmərik. Repetitorluq mənim əsas məqsədim deyil, belə olsaydı indi 60-70 şagirdim olardı. Mənim yanıma gələn valideynlərə məsləhət görürəm ki, dili dərs prosesində öyrənmək üçün övladlarına bir az vaxt versinlər.

-Tədris prosesində yeniliklərdən söz düşmüşkən, şagirdlərin dərsə marağını artırmaq üçün hansı yenilikləri tətbiq edirsiniz?

-Tədris proqramı ilə yanaşı, şagirdlərin zəif cəhətlərini üzə çıxarmağa, bu nəticə əsasında dərsi qurmağa çalışıram. Bu, şagirdlərin eyni səviyyədə dərsi qavramasına imkan yaradır. Dərsdə internetdən də istifadə edirik. Dərs prosesində həm filmə baxırıq, həm də şagirdlərin filmi daha rahat qavraması üçün yeniliklər edirəm. Məktəblərdə proyektorlar var, ilk dəfə mən dərs prosesində ondan istifadə etmişdim.Texnologiya dərs prosesinin əsas hissəsidir.

-İnnovativ təhsilin tətbiqi şagirdlərin nəticələrinə necə təsir edir?

-İlk dəfə tədrisə başladığım il 11-ci siniflərə dərs dedim, həmin il tədris çox çətin oldu. Çünki mənə qədər həmin şagirdlərin ingilis dili tədrisi ürəkaçan deyildi. Düzdür, həmin sinifdən bir şagirdim Balakən rayonu üzrə ingilis dilindən fənn olimpiadasından birinci yerə çıxdı. Respublika üzrə olimpiada olsaydı, yəqin orada da yer tutardı. Lakin həmin ildən sonra aşağı siniflərə dərs demək barədə qərar verdim. Bir ildə şagird üzərində mükəmməl işləmək olmur. Aşağı siniflərdən başlayanda isə şagirdləri istədiyim kimi yetişdirə bilirəm. Tələbələrimiz ingilis dilində danışığa üstünlük verir və yaxşı danışa bilirlər. Bundan başqa, liseylərə qəbulda uğurlu nəticə göstərən şagirdlərimiz var.

-Əldə etdiyiniz uğurdan sonra başqa sahələrdə yeni iş təklifləri oldumu?

-Hələ ki, belə təklif yoxdur. Əlbəttə, olsa, nəzərdən keçirə bilərəm.

-Rayonda, kənddə və şagirdlər arasında bu xəbərə reaksiya necə oldu?

-Mən şagirdlərimin uğuruna sevindiyim kimi, onlar da mənim uğuruma sevindilər. Bu həm də onlar üçün stimul oldu.

-Müəllim olaraq təhsildə sizi narahat edən problemlər nələrdir?

-Ümumilikdə şagirdlərdə ingilis dilində dinləmək qabiliyyəti zəifdir. Kənd məktəblərində bu, daha ciddi problemdir. Filologiyada belə bir fikir var ki, nə qədər çox dinləsəniz , o qədər çox danışarsınız. Bu tezisi tətbiq edirəm. Bu kimi təklifləri Təhsil Nazirliyində ilin müəllimi kimi təqdimat keçirərkən, orada da bəyan etdim. Nazir müavini Firudin Qurbanov da orada iştirak edirdi. Əsas təkliflər şagirdlərin dinləmə bacarığının inkişaf etdirilməsi, danışıq klublarının yaradılması idi. Yeni işə başlayan müəllimlər də həmin klublara cəlb edilə bilərlər. Bu həm də onlar üçün təcrübə xarakterli dərs olacaq. Ali məktəbi yeni bitirənlər müəllim kimi 11-ci sinifdə dərsə başlayanda nəticə çox pis olur. Amma danışıq klubları olsa, müəllimlər öz üzərində işləyəcək. Məqsədimiz ingilis dilini öyrətməkdirsə, ilk növbədə özümüz danışmağı bacarmalıyıq. Bacarmırıqsa, bunu etmək üçün harasa müraciət etməliyik. Məktəb proqramına görə, bütün sözlərin tələffüzünün qeyd olunduğu kitablar çap olunmasını da təklif etmişəm. Çünki bu gün məktəblərdə fonetika ciddi problemdir.

-Maddi sıxıntılarınız və müəllim olaraq həyata keçirmək istədiyiniz yeniliklər var. İştirak etdiyiniz müsabiqənin sonunda mükafat nəzərdə tutulub. Birinci olacağınız halda, həmin məbləği necə xərcləmək barədə planınız var?

-Əlbəttə, şəxsi həyatla bağlı da planlarım var. Müəllim olaraq bir sıra layihələrim var. Balakən rayonunda Roman (qaraçı) uşaqlarının təhsilə cəlb edilməsi üçün layihə hazırlamaq istəyirəm. Çünki onlar tədrisdən yayınır. İnternat məktəblərində dövlət proqramlarına dəstək olmaq istərdim. Hələlik, bunlar barədə düşünürəm. İnşallah qalib olsam, başqa layihələr də yəqin ki, olacaq.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm