ADU-da şair Tofiq Nurəli ilə görüş keçirildi
Bizi izləyin

Qırmızı.az

ADU-da şair Tofiq Nurəli ilə görüş keçirildi

Dekabrın 16-da Azərbaycan Dillər Universitetində universitetin Pedaqoji (ingilis dili və fransız dili) fakültəsinin və Pedaqogika kafedrasının dosenti Oqtay Abbasovun birgə təşkilatçılığı ilə (ADU) şair, həkim Tofiq Nurəli ilə görüş keçirildi.

Görüşdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Pedaqoji (ingilis dili və fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Tərcümə fakültəsinin dekanı, dosent Vilayət Hacıyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyeva, Linqvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov, Mədəniyyət və Turzm Nazirliyinin idarə rəisi, şair Vaqif Bəhmənli, “Mars” jurnalının baş redaktoru, şair Ağacəfər Həsənli, “Qobustan” jurnalının baş redaktor müavini, şair Maarif Soltan və fakültənin 329 b, 413, 414 qrup tələbələri iştirak edirdi.

Görüşdə çıxış edən Pedaqogika kafedrasının dosenti Oqtay Abbasov ilk öncə tələbələrə bu görüşü həyata keçirməkdə göstərdiyi dəstəyə və onların hərtərəfli inkişafı üçün universitetdə yaradılan şəraitə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirdi. Şair Tofiq Nurəli haqqında danışan O. Abbasov onun şairlik, o cümlədən tibbi sahədə olan həkimlik fəaliyyətindən danışdı.

Fakültənin 414-cü qrup tələbəsi Nəzrin Əliyeva şair Tofiq Nurəlinin həyat və yaradıcılığından bəhs edən videoçarxla çıxış etdi.

Daha sonra şairin qələm dostları Vaqif Bəhmənli, Ağacəfər Həsənli, Maarif Soltan T. Nurəlinin özü və şeirləri haqqında xoş sözlərini ifadə etdilər, eyni zamanda onun yenicə çapdan çıxmış “Yarpaqlarım ağrıyır” adlı kitabından söz açdılar.

Pedaqoji (ingilis dili və fransız dili) fakültənin tələbələri şairin yazdığı şeirlərdən söylədilər. Belə ki, Aynurə Həsənzadə “Payız isterikası”, Fəridə Əliyeva “Getmək”, Nəzrin Əliyeva “Ümid”, Hacıxanım Nəbiyeva “Payız gecələrində”, Firuzə Nuriyeva “Ürək-dünya arası” şeirlərini ifa etdilər.

Sonda çıxış edən Pedaqoji (ingilis dili və fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva tələbələrin Azərbaycanın istedadlı insanlarını tanımasının mühüm məsələ olduğunu dedi və bu istiqamətdə fakültə tələbələrinin daim fəallıq göstərdiklərini vurğuladı. Görüşdə şairin yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı əldə olunduğunu və maraqlı görüş keçdiyini söyləyən V. Babayeva iştirak edən hər kəsə öz təşəkkürlərini bildirdi.

Qeyd edək ki, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Nurəli 1953-cü ildə Qonaqkənd rayonunun Yerfi kəndində anadan olub. Yerfi kənd məktəbində oxuyub. N.Nərimanov adına Azəərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Müxtəlif səhiyyə ocaqlarında rəhbər vəzifələrdə çalışıb. İlk kütləvi səhiyyə qəzeti olan “Şəfqət” (indiki “Tibb qəzeti”) qəzetini yaradıb və 1991-1995-ci illərdə qəzetin baş redaktoru işləyib. Səksəninci illərdə ədəbiyyata gələn Tofiq Nurəlinin 1983-cü ildə ilk “Şehli kəpənəklər” adlı kitabı, daha sonralar “Yağışdan sonra”, “Tənha bir qüssə”, “Tənha payız çiçəyi” adlı kitabları çap olunub. Şeirləri Moskvada, Təbrizdə, Türkiyədə çapdan çıxıb. 1920-ci ilin aprelində işğalçı Qızıl Orduya müqavimətin təşkili və ondan sonrakı dövrlərdə gizli şəkildə baş verən hadisələrdən bəhs edən “Qaçaq Mayıl” kinopovestinin də müəllifidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm