• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bayram günləri kimlər işləyəcək, kimlər istirahət edəcək?

Bayram günləri kimlər işləyəcək, kimlər  istirahət edəcək?

Nazirlər Kabinetinin qərarına əsasən, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq bu il dekabrın 31-dən növbəti il yanvarın 5-dək istirahət günləri elan edilib. Bayram günləri heç də hər kəs üçün istirahət günləri hesab edilmir. Bu günü işdə keçirənlər az deyil. Xüsusən də bayram günü əhalini qaz, su, elektrik, istiliklə təmin edən qurum əməkdaşları daha çox işləməlidirlər. Çünki bayram günlərində kommunal xidmətlərdən istifadənin artması bu qurumların da işini artırır.

Bəs bu il aidiyyəti qurumlar əhalinin rahatlığı üçün hansı planlar hazırlayıb?

Bakı Elektrikşəbəkənin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev artıq bayram günləri ilə əlaqədar olaraq İdarə Heyətinin sədri tərəfindən sərəncam imzalandığını bildirib. Qurum rəsmisinin sözlərinə görə, sərəncam əsasında bayram günləri növbətçilik sistemi yaradılacaq.

““Bakıeletrikşəbəkə” paytaxtın mərkəzindən başlayaraq, bütün kənd və qəsəbələrdə enerji təchizatının yüksək səviyyədə qurulması üçün işləri davam etdirir. Rayon enerji təchizat idarələrinə məlumat verilib ki, insanların əyləncə keçirdikləri yerlərdə aparılan təmir işləri müvəqqəti olaraq dayandırılsın. Əlavə maşın mexanizmləri, avadanlıqlar ayrılıb. Bütün rayonlar, o cümlədən kənd və qəsəbələrdə əhalinin sıx yaşadığı yerlər, yeni yaradılmış qəsəbələrdəki idarələrdə növbətçilik genişləndirilib. Artıq elektrik enerjisi ilə təminatda problem yoxdur, əhalinin enerji tələbatı ödənilir. Lakin hər hansı bir qəza baş verərsə, buna hazırıq”.

T.Mustafayev əmin etdi ki, qurumun “199” saylı telefon xətti 24 saat müraciətləri qəbul edəcək. Operativ qəza mexanizm maşınları qəza ilə bağlı şikayət daxil olan kimi əraziyə gedəcəklər.

Elektrik borcu olan abonentlərin vəziyyətinə gəldikdə, T.Mustafayev artıq enerji borclarına güzəşt edilmədiyini bildirib:

“Ödənişdə problem olmur. 98%-ə qədər abonent ödənişləri vaxtında ödəyir. El adətinə görə, köhnə ilin borcunu yeni ilə aparmazlar. Yeni ili işıqlı mənzillərdə qarşılamaq istəyən abonentlərimiz bayram günlərinə qədər borclarını, yəqin ki, ödəyəcəklər”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev də noyabrdan başlanan gücləndirilmiş iş rejiminin bayram günləri də gözlənildiyini dedi:

“Bayram günləri ərzində əhalinin tam və fasiləsiz təbii qazla təminatı üçün gücləndirilmiş iş rejimində işləyəcəyik. “Azəriqaz” İstehsalat Birliyi təbii qazdan təhlükəsiz istifadə ilə bağlı qaz təsərrüfatı istismarı şöbəsi, bütün qaz istismar sahələrində gücləndirilmiş iş rejiminə keçirilib. Məsul şəxslərdən ibarət növbətçilik cədvəli yaradılıb. Bu cür gücləndirilmiş rejim bayram günlərində də tətbiq ediləcək. Bir daha əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etmələrini tövsiyə edirik”.

“Azəriqaz” rəsmisi bayram günləri qazın təzyiqinin azalması ilə bağlı şikayətlərin olması fikrilə razılaşmadı və bu il də heç bir problemin olmayacağını dedi. Qazın təzyiqinin azaldığını müşahidə edənlər, yaxud hər hansı qəza baş verdiyi halda abonentlər əlaqədar yerli qaz istismar sahələri, “Azəriqaz” İstehsalat Birliyinin qaz təsərrüfatının istismarı şöbəsinə müraciət edə bilərlər.

“Günün hansı saatı olmasından asılı olmayaraq, müraciət edə bilərlər. Əhalinin əksəriyyəti smart-kart sistemi ilə ödəniş edir və onlarda problem yaşanmır. Digər abonentlərimiz də ödənişlə bağlı problem yaratmır”.

“Azəristilik təchizat” ASC qurumun abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev qurumda bayram günləri ən gərgin iş günü olduğunu dedi:

“Bizim üçün bayram günü yoxdur, həmin günlərdə də iş başında olacağıq. Rəhbər heyətin hər bir üzvü rayonlar üzrə təhkim edilir. Gücləndirilmiş iş rejiminə nəzarət edirik. Bayram günləri sakinlərin hər bir müraciəti dəyərləndirilib, xidmət göstəriləcək. Artıq mənzillərə stabil istilik verilir. Bayram günləri havalar soyuyarsa, qazanxanalardan verilən istiliyin temperaturu qaldırılacaq. Adətən, müraciətlər lokal xarakterli, bina zirzəmilərində kiçik axıntılarla bağlı olur. Onlar da növbətçilər tərəfindən qısa zamanda aradan qaldırılır. “956” saylı qaynar xətt də gün ərzində xidmətdə olacaq”.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktor müavini Xankişi Kişiyev bayram günləri ilə əlaqədar ənənəvi qərargahlar yaradıldığını bildirib:

“Texniki işçilərin növbətçilik cədvəli qurulub. Şəbəkə sisteminin bütün xidmət sahələrində tədbirlər planı hazırlanıb. Artıq müvafiq tədbirlər görülüb. Bakı Telefon Rabitə İstehsalat Birliyi şəhər əhalini, qonaqların telefon, internet, rabitə xidmətlərini yüksək səviyyədə yerinə yetirəcək.

Problem yarandığı halda bütün lazımı avadanlıqlarla təchiz edilmiş maşın mexanizmlərindən ibarət dəstələr hazırlanıb, işçi və rəhbər şəxslərdən növbətçilər müəyyən edilib. Kabel və digər avadanlıqların ehtiyatı yaradılıb”.

Bayram günləri internetin çox istifadə edilməsi çox zaman yüklənməyə və sürətdə azalmaya səbəb olur. X.Kişiyev bu il bayramda “Bakıinternet”in istifadəçilərinin bu problemlə qarşılaşmayacağını dedi.

“500 min istifadəçiyə xidmət göstərəcək server sistemimiz var. Müasir tələblərə cavab verən yeni server qurulub. Alternativ iki kanalla beynəlxalq internet resursları şəbəkəsinə qoşulmuşuq. Serverlərdə yüklənmə müşahidə edilməyəcək.Texniki işçilərin növbətçilik cədvəli qurulub. İnternet problemləri ilə bağlı “155”, telefon xidmətindəki problemlə bağlı “122” qaynar xətt xidmətləri 24 saat əhaliyə xidmət göstərəcək”.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidovanın sözlərinə görə, təcili yardım bu il də ənənəvi qaydada gücləndirilmiş iş rejimində işləyəcək. Həmin günlər poliklinikalar, xəstəxanalar işləmədiyinə görə, müraciətlərin sayı artır:

“Ötən il bayram günlərində müraciətlərin sayı adi günlərlə müqayisədə 40% artmışdı. Yalnız 31 dekabrda 2 mindən çox çağırış olmuşdu ki, adi günlərdə çağırışlar 1600 olur. Mərkəzi dispetçer xidmətində gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə həkim və feldşer cəlb ediləcək. Çağırışlara maksimum qısa zamanda cavab verilməlidir ki, gecikmələr olmasın. Artıq bu günlərdən hazırlıqlara başlamışıq. Yerli stansiyalarda 140 maşın briqadası iş başında olur. Həmin maşınların sayını artıra bilmirik”.

O bildirib ki, müraciətlərin çox olmasının səbəbi hər xırda problemə görə təcili yardıma müraciət edilməsi ilə bağlıdır:

“Həmin günlər adi baş, diş ağrısı, təzyiqin yüksəlməsi ilə bağlı təcili yardıma zəng edirlər. Biz heç bir çağırışdan imtina edə bilmərik. Uşaq çağırışlarının sayı artacaq. Bağça və məktəblər işləmədiyinə görə, uşaqların hər bir probleminə diqqət edilir. Bəzən ehtiyac olmadan da çağırırlar. Bəzən adi diş ağrısına görə çağırırlar. Halbuki, özəl klinika və stomatoloji mərkəzlər bayram günləri də işləyir. Təcili yardım isə yalnız ağrıkəsicilər verə bilir. Bundan başqa, küçədə yaşayan insanlarla bağlı müraciətlər artır. Kimsə küçədə uzanan görən kimi problem olmadığı halda, bizə zəng edirlər. Biz də mütləq əraziyə gedirik, lakin küçədə yaşayan insanları yerləşdirmək üçün sığınacaqlar olmadığına görə, şəhər ətrafı xəstəxanalara aparırıq. Bəzi hallarda küçədə yaşayan insanlar onları aparmağımıza görə narazılıq edir, çünki küçədə yaşamağa öyrəşiblər. Səhhətlərində problem olduğu halda, yardım göstərməyə borcluyuq. Lakin heç bir problem olmadan müraciət ediləndə, bu, bizim 2-3 saat vaxtımızı alır. Nəticədə, ehtiyacı olanlara xidmət göstərə bilmirik. Əhalidən bunu nəzər almalarını xahiş edirik”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR