Füzuli haqda danışılan yalanların üstü açılır
Bizi izləyin

Qırmızı.az

Füzuli haqda danışılan yalanların üstü açılır

Bu günlərdə yazıçı-jurnalist Zakir Sadatlı mətbuatda dahi Azərbaycan şairi Məhəmməd Füzuli haqqında maraqlı fikirlər səsləndirmişdi. Bir növ həyəcan təbilini xatırladan bu fikirlərin tirajlanmasından xeyli vaxt keçsə də Füzuli haqqında Zakir Sadatlının səsləndirdiyi fikirlərə hələ ciddi reaksiya gəlməyib. Zakir Sadatlı Füzulinin məzarının hovuz altında qalmasını və onun nəslinin Azərbaycandan köçüb Kərkükdə məskunlaşması fikrinin yanlış olduğunu səsləndirsə də, hər iki mövqeyə gözlənilən münasibət yoxdur. Təxminən iki il əvvəl İraqa səfər edən Z. Sadatlı səfəri barədə Azərbaycan Televiziyasında “Gündoğandan-Günbatana” adlı 6 sənədli film hazırlayıb. Eyni zamanda bu ilin yanvar ayında səfər təəssüratlarını əks etdirən “İraq olsun” adlı kitabı “Qanun” nəşriyyatında işıq üzü görüb. Məsələni daha dərindən öyrənmək üçün Zakir Sadatlını redaksiyamıza dəvət elədik. Həmkarımızla İraqdan, Kərkükdən və Füzulidən danışdıq.

Bir az tələskənliklə indiyə qədər füzulişünasların bizi aldatdığını, böyük Azərbaycan şairinin yenidən araşdırılmağa ehtiyacı olduğunu deyirəm. Qonağım isə yaşdan qaynaqlanan təcrübəsinə uyğun çox sakit və səbrlə ilkin informasiyaları çatdırır. Mən bir də füzulişünaslığı tənqid eləməyə çalışanda, qonağım sözümü kəsir və füzulişünasların əslində hansı səhvlərə yol verdiyini səbrlə izah eləyir: “Bəli, Füzuli haqqında bir çox yanlış məlumatlar var. Bu yanlışlıqlardan biri də odur ki, indiyəcən Füzulinin İmam Hüseynin ayaq tərəfində dəfn olunduğunu deyirdilər. Bu, kökündən yanlış fikirdir. Füzuli taun xəstəliyindən vəfat edib və İmam Hüseynin məqbərəsindən təxminən 150-200 metr kənarda dəfn olunub. Füzulinin məzarı ümumiyyətlə, İmam Hüseynin məzarından tamam fərqli istiqamətdədir. Qətiyyən İmamın ayaq tərəfində dəfn olunmayıb. Mən İraqda həm ərəb , həm türkmən alimləri ilə söhbətlər elədim. Eyni zamanda bu söhbətləri lentə alıb Azərbaycana gətirmişəm. Yəni əlimdə faktlar var. Konkret olaraq uzun müddət bu sahədə tədqiqat aparan Məhəmməd Mehdi Bayat adlı füzulişünas alimlə görüşdüm. O alim demək olar ki, bütün səfər boyu bizi müşayiət elədi. Söhbətlərdən məlum oldu ki, bu günə qədər Füzuli ilə bağlı apardığımız araşdırmalar bir daha nəzərdən keçirilməlidir. Məlumatsızlıqdanmı, ya nədənsə indiyədək Füzuli haqqında olan məlumatlar düzgün təhlil edilməyib. Xüsusən də şairin həyatı və tərcümeyi-halı ilə bağlı məlumatlara füzulişünaslarımız yenidən baxmalıdır. Füzuli haqqında bildiklərimizin böyük əksəriyyəti yanlış məlumatlardır.”

Məzar üstündə hovuz tikilib

Zakir Sadatlı Məhəmməd Füzulinin məzarının Bəktaşi şeyxlərindən biri ilə eyni günbəzdə dəfn olunduğunu deyir: “Füzulinin dəfn olunduğu yerlə bağlı ədəbiyyatşünasların indiyə qədər söylədiyi fikirlər yanlışdır. 1979-cu ilə qədər Füzulinin məzarı Bəktaşilər nəslindən olan Dədə Bəktaşi adlı şeyxlə eyni günbəzin altında olub. Bu məqbərə isə İmam Hüseyn məqbərəsindən xeyli aralıda yerləşir. Hər iki şəxsin məzarına Niyazi adlı bir bolqar türkü nəzarət edirmiş. Belə nəzarətçilərə kiliddar deyilir. 1979-cu ildə məzarı qeyri-müəyyən səbəbdən söküb günbəzi götürüblər. İraq alimləri də, ərəb füzulişünasları da, türkmən araşdırmaçıları da bunu təsdiq edirlər və mən bunu lentə almışam. Eyni zamanda bizi səfər boyu müşayiət edən Məhəmməd Mehdi Bayat da bu faktı təsdiqlədi. Alimlərin dediyinə görə, həm Füzulinin, həm də Dədə Bəktaşinin cəsədinin qalıqları yerində qalıb. Məqbərənin yerində, cəsədlərin üstündə isə su hovuzu tikilib. Həmin hovuzu da lentə almışam.“

Simvolik başdaşı

Zakir Sadatlı deyir ki, Füzuliyə qarşı bu diqqətsizliyi eşidən Türkiyə hökuməti məsələyə qarışıb və İraq dövlətinin hğmin addımına etiraz edib: “Türkiyənin etirazından sonra iki dövlət arasında razılaşma əldə edilib. Türkiyənin hansısa şəhərində dəfn olunmuş ərəb şairlərindən birinin qəbrinin bərpasını Türkiyə dövləti öz üzərinə götürüb. Eyni zamanda İraq hökuməti də Füzulinin məzarını bərpa edəcəyinə söz verib. Lakin razılıqdan sonra da məzar üzərindəki hovuz sökülməyib. Sadəcə, hovuzdan kənarda Füzuliyə simvolik bir başdaşı qoyulub. Amma alimlər də təsdiqlədi ki, bu, Füzulinin qəbri deyil. İraq alimləri bilir ki, Füzulinin məzarı bu gün İmam Hüseynin məqbərəsinin yaxınlığında, su hovuzunun altındadır. Təəssüf ki, fotolar çəkə bilməmişəm. Amma bütün dediklərim videolentə alınıb.”

Füzulinin nəsli Azərbaycandan getməyib

Zakir Sadatlı hələ də İraqda Füzuli nəslinin davamşılarının yaşadığını deyir: “ Böyük şairin mənsub olduğu tayfa Kərkükdən 80 km uzaqda yerləşən Karanaz köyündə yaşayır. Bu nəslin bir hissəsi Kərkük yaxınlığında yerləşən Tazə Xurmatı adlanan qəsəbədə yaşayır. Həmin nəslin bir neçə nümayəndəsi ilə görüşmək mənə qismət oldu. Kərkük şəhərində yaşayan, Füzulinin nəslindən olan Vəli Yağmurla Məhəmməd Mehdi Bayat vasitəsilə tanış oldum. Vəli Yağmurun evində qonaq oldum və ailəsi ilə görüşdüm. O bildirdi ki, Karanaz köyünün böyük əksəriyəti Füzuli nəslindəndir. Füzulinin əmizadələri isə Qaryağdılar adlanır və Qaryağıdı əşirətində birləşirlər. Onlardan bir ailə ilə görüşdüm. Ailənin bir üzvü, ağsaqqalı bizim rəsmlərdə gördüyümüz Füzuliyə daha çox bənzəyir. Ümumiyyətlə bilirsiniz ki, Kərkük türk elidir və hazırda orada 3 milyondan çox türkmən yaşayır.

İmam Hüseyn məqbərəsinin xidmətçisi

Zakir Sadatlı Füzulinin Azərbaycandan köçüb Kərkükə getməsinə inanmır: “Bu bir az mübahisəli məsələdir. Həqiqətə uyğun deyil. Əslində Füzulinin nəslinin Kərkük ellərindən bu yerlərə gəldiyini düşünmək və bu fikri müdafiə eləmək daha doğru olar. Bizdə bir neçə Bayat toponimi var, amma türkmənlər yaşayan ərazilərdə bu gün kifayət qədər Bayat adını daşıyan tayfalar var, adamlar, kəndlər var. Bu onu göstərir ki, həmin tayfa yerlidir-Kərkükə məxsusdur. Orda görüşdüyüm alimlərin dediyinə görə Füzuli Kərbəlada yox, 150 km Kərbəladan aralı yerləşən Hillədə doğulub. Füzulinin atası Kərkükdən Hilləyə gedib. Füzuli sonralar Hillədən Kərbəlaya gəlib və İmam Hüseyn məqbərəsində qapıda ayaqqabı cütləyən işləyib. Buna pis baxmaq lazım deyil. Bu, sadəcə, bir işdir. Bu, sevgidən irəli gələn məsələdir. Gedənlər bilir ki, İmam Hüseyn məqbərəsinin 10 qapısı var və hər qapıda təxminən 5-6 nəfər çalışır. Ərəb alimlərindən biri iki türkmən şairinin adını çəkdi və Füzulini onlarla müqayisə elədi. İndi təsəvvür edin ki, o şairlər necə böyük şairdir. Füzulinin indiki Azərbaycanla heç bir əlaqəsi yoxdur. Onun burdan köçməsi mümkün deyil. Bu fikirlərlə biz sərhədlərimizi kiçildirik. Kərkük də bizim milli-ruhi sərhədlərimizə daxildir. Məncə, Şərqin tarixinə bəsit şəkildə yanaşmaq lazım deyi. Şərqi bütöv şəkildə araşdırmaq, öyrənmək lazımdır.”

Məzarı necə xilas etməli?

Zakir Sadatlı İraqda Füzulinin unudulmadığını deyir :”İraqda Kərkük qalası var. Bütöv bir şəhər boyda qaladır. Həmin qalada indi də Füzuli məhəlləsi var. Qalada 4 peyğəmbər dəfn olunub. Eyni zamanda İmam Hüseyn məqbərəsinin 10 qapısından biri “Qiblə qapısı” adlanır və həmin qapının sağ tərəfində Füzuli guşəsi yerləşir.”

Füzulişünaslıqda olan problemlər və Füzuliyə münasibətlə bağlı Zakir Sadatlı narahatçılıq keçirir: “Bizdə Füzulini yetərincə araşdırıblar. Amma gördüyünüz kimi, Füzuli ilə bağlı bilmədiyimiz məsələlər var. Füzulini sevmək lazımdır, amma bu azdır. Füzuli üçün nə isə eləmək lazımdır. Bu gün Azərbaycan dövləti, Azərbaycan alimləri bununla bağlı məsələ qaldırıb məzarı hovuzun altından xilas etməlidir. Amma məzarın Azərbaycana gətirilməsinin bir əhəmiyyəti yoxdur. Füzuli daha çox o torpaqlara bağlı şəxsiyyətdir və məzarın orda olması lazımdır.

Bu məsələyə populist yanaşmaq lazım deyil”.

Cəlil Cavanşir

Redaksiyadan: Biz yazıçı-jurnalist Zakir Sadatlının Füzuli haqda bilgilərini olduğu kimi dərc edirik. Lakin mövzunu qapamırıq. Güman edirik ki, söhbət açılan mövzu füzulişünasların, araşdırmaçı alimlərin, bütövlükdə ziyalı kəsiminin diqqətini çəkəcək. Sözü olanlara qapılarımız açıqdır...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm