• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Xəzər dənizində mürəkkəb situasiya - Analiz

Xəzər dənizində mürəkkəb situasiya - Analiz

Bir neçə gün əvvəl Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun müzakirə paketində olan əsas mövzulardan biri də Xəzər dənizinin hüquqi statusu və “Transxəzər” layihəsinin yenidən aktuallaşması ilə bağlı idi. Dənizin statusunun indiyədək tam müəyyənləşməməsi ən çox Azərbaycana zərər vurur. Bəs, Rusiyanın narahatlığı nədəndir? Bu yazıda Xəzərin status probleminin necə yaranması, tərəflərin mövqeyinin nədən ibarət olması və mövzunun qəfildən niyə aktuallaşdığını analiz etməyə çalışacağıq.

SSRİ-nin süqutundan sonra Xəzərsahili dövlətlərin sayının 2-dən 5-ə yüksəlməsi Xəzər dənizinin hüquqi statusuna yenidən baxılmasını zəruri etdi. Dənizin hüquqi statusunda yaranan anlaşılmazlığın əsas səbəbi Türkmənistan və İranın mövqeyidir. Buna baxmayaraq digər 3 Xəzəryanı ölkə Azərbaycan, Rusiya və Qazaxıstan dənizin dibinin bölünməsi barədə iki və üçtərəfli razılığa gəliblər.

Hazırda Rusiya Federasiyası, Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlərə əsasən, Xəzər dənizinin dibinin orta xətt prinsipi ilə bölünməsində sahilyanı dövlətlər onlara mənsub olan dəniz dibinin müvafiq sektorlarında mineral ehtiyatların işlənməsi və istifadəsinə, habelə hüquqa uyğun istənilən təsərrüfat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlara malikdirlər.

Qeyd olunduğu kimi, dənizin hüquqi statusunun müəyyən olunmasında əsas problem İranın mövqeyidir. Tehran aşağıdakı arqumentlərlə çıxış edir:

- Xəzər unikal qapalı su hövzəsidir və Xəzəryanı dövlətlərin ümumi sərvətidir;

- Xəzər 20 % prinsipi ilə Xəzəryanı dövlətlər arasında bərabər bölünməlidir.

Azərbaycanın mövqeyi ilə İranın mövqeyini müqayisə etdikdə görmək mümkündür ki, ikincinin mövqeyi beynəlxalq hüquq normalarına ziddir. Birincisi ona görə ki, İranın irəli sürdüyü arqumentlərdə Xəzər unikal qapalı su hövzəsi hesab edilir. Bu anlayış çox abstrakt olması ilə yanaşı, beynəlxalq hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi anlayışı işlədilmir.

İkinci, Xəzərin 20% payla Xəzəryanı dövlətlər arasında bölünməsi heç bir hüquqi əsası yoxdur və bu praktik cəhətdən də mümkün deyildir. Xəzərin hüquqi statusu məsələsində tez-tez 1921-və 1940-cı illər Sovet-İran müqavilələrinə istinad edilməsi çox vaxt bu müqavilələrin müddəaları ilə uzlaşmır.

Doğrudur, müqavilənin 3-cü maddəsində Xəzərin Sovet-İran dənizi olduğu və sərbəst gəmiçilik və balıqçılıq məsələləri vurğulanırdı və İran tərəfi də bu maddəni əsas götürərək Xəzərin kondominium prinsiplərinə uyğun istifadəsinin zəruri olduğunu qeyd edir.

Lakin müqavilə imzalandıqdan sonra görmək olar ki, Xəzərin istismarında heç vaxt kondominium prinsipi olmayıb. Bağlanmış bütün müqavilələrdə elə bir müddəa yoxdur ki, orada Xəzərin SSRİ və İranın birgə mülkiyyəti olması müddəası bilavasitə və ya dolayısı ilə təsdiq edilsin.

Bu təcrübə müasir dövrdə kondominium prinsipinin tətbiqinin mümkünsüzlüyünü göstərir. Birincisi, ona görə ki, 1949-cu ildə SSRİ Xəzərdəki neft ehtiyatlarının işlənməsinə İranın iştirakı olmadan və onunla məsləhətləşmədən başlayıb. Bu zaman İran hər hansı bir formada etirazını bildirməyib.

Digər tərəfdən, hələ 1970-ci ildə SSRİ Neft Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara bölünmə praktikası həyata keçirilib. Bölgüyə əsasən, Xəzərin təqribən 70 min kv. km-i Azərbaycanın, 80-min kv. km-i Türkmənistanın, 60 min kv. km-i Rusiyanın, 105 min kv. km-i Qazaxıstanın payına düşürdü və 55 min kv. km-i İrana qalırdı.

Həyata keçirilən bu bölgü ilə İran da tanış edilib və bu bölgünün topoqrafik xəritəsi Tehrana göndərilib. Bu zaman rəsmi Tehran bölgünün aparılmasına heç bir etiraz etməyib. SSRİ-nin süqutuna qədər Xəzərin hüquqi statusu bu razılaşmalarla tənzimlənirdi.

Hazırda da Xəzərin hüquqi statusu müəyyən edilmədiyindən Xəzərsahili dövlətlər 1970-ci ildə qəbul olunmuş sektorial bölgünü dövlət sərhədi kimi qəbul edirlər. Bütün bunları nəzərə alaraq, Xəzərin sərhəd gölü olduğunu və onun haqlı olaraq Azərbaycan dövlətinin təklif etdiyi kimi milli sektorlara bölünməsinin obyektivliyini belə əsaslandıra bilərik:

- Xəzər beynəlxalq sərhəd gölüdür;

- Xəzər orta xətt prinsipi ilə milli sektorlara bölünməlidir;

- Xəzərin milli sektorlara bölünməsi keçmiş SSRİ-nin iş praktikasına və o zamankı (1970-ci ildə qəbul olunmuş bölgüyə əsasən) bölgüyə əsaslanıb;

- Bu bölgüyə əsaslanaraq, Xəzəryanı dövlətlər dənizin statusu müəyyənləşməzdən qabaq öz milli sektorunda işə başlaya bilərlər.

Adi məntiqlə götürsək, Xəzərin SSRİ ilə İran arasında konkret sərhədi olub, İttifaq parçalandıqdan sonra SSRİ-nin payini bölüşdürmək 4 respublikaının daxili işi olmalıdır, İranın buna qarışması nə hüquqi deyil, nə də məntiqi.

Rusiyanın mövqeyi bizim xeyrimizədir, amma əslində, Moskva indiki situasiyada status-kvonun qalmasında maraqlıdır. Bu halda rus hərbi donanması neytral sularda rahat hərəkət edə bilər.

Kremlin son vaxtlar dənizdəki hərbi donanmasını genişləndirməsi də diqqət çəkən məqamlardandır. Unutmaq lazım deyil ki, Rusiyanın İranla və Türkmənistanla ən rahat və birbaşa əlaqəsi məhz Xəzər üzərindəndir.

“Transxəzər” layihəsinin yenidən aktuallaşmasından və razılıq əldə edilməsinə yaxınlaşılmasından sonra Rusiyanın bu məsələyə diqqəti artıb. Bir neçə gün əvvəl Bakıda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovun müzakirə paketində olan əsas mövzulardan biri də bununla bağlı idi.

“Bütün sahilyanı ölkələrin mövqeyi nəzərə alınmadan qəbul edilən qərar, o cümlədən Xəzər dənizindən necə istifadə etmək məsələsində, üstəlik də bu yerlərdən çox uzaqlarda yerləşən Avropa İttifaqının mövqeyini nəzərə almaqla qərar vermək yolverilməzdir”- deyə Lavrov bildirib.

Qeyd edək ki, “Transxəzər” qaz kəməri layihəsi ABŞ və Aİ-nin dəstəklədiyi Cənub enerji dəhlizinin bir hissəsidir. Aİ onun həyata keçirilməsi üçün ötən il Azərbaycan və Türkmənistanla danışıqlara başlayıb. Rusiya isə hələ o zaman bəyan etmişdi ki, Moskvanın mövqeyi nəzərə alınmadan Xəzərin dibindən qaz kəmərinin çəkilməsinə imkan verməyəcək.

İndi layihənin yenidən gündəmə gətirilməsi Moskvanın narahatlığını səbəb olub. Lakin Azərbaycan hələlik Rusiyanı qıcıqlandıracaq əməli addım atmayıb. Hətta ARDNŞ prezidenti Rövnəq Abdullayev “Transxəzərin” Azərbaycanın birbaşa, tərəf kimi iştirak etmədiyi layihə olduğunu bildirərək Moskvanı sakitləşdirməyə çalışıb.

Hər bir halda ilk baxışda Xəzərdə problemlərin artması yaxşı heç nə vəd etmir. Lakin Bakı bu mürəkkəb situasiyadan yararlana bilər. İranı və Rusiyanı Xəzərin statusu və Qarabağ məsələsində “yola gəlməyə” dəvət etmək, əvəzində “Transxəzər”dən imtina edib qazı Rusiyaya dünya qiymətinə satmaq olar.

Qoy, Rusiya Qarabag probleminə ikili standartdan yanaşan Avropanı daha böyük təzyiq altında saxlasın, öz qlobal ambisiyalarını təmin etsin, bizə nə? Bizə qazımızı yaxşı qiymətə satmaq və bunun əvəzində “başqa məsələlərdə” güzətşlər əldə etmək daha sərfəlidir.

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR