Nigeriyalı tələbə: "Eldar Qasımov mənə zəng edib dedi ki..."
Bizi izləyin

Qırmızı.az

Nigeriyalı tələbə: "Eldar Qasımov mənə zəng edib dedi ki..."

"Azərbaycan əcnəbi tələbələrin gözü ilə" adlı rubrikamızda xarici ölkələrdən Azərbaycana təhsil almaq üçün gələn əcnəbi tələbələrlə söhbətləşəcəyik.

Ölkəmizi onların gözü ilə səyahət edəcəyik, qarşılaşdığı çətinliklərdən, elm öyrənmək üçün niyə məhz Azərbaycandakı ali məktəbi seçmə səbəbindən danışacağıq.

İlk qonağımız Nigeriya vətəndaşıdır. Onu çoxları "Eurovision-2011" mahnı müsabiqəsinin milli seçim turlarından tanıyır. Sovemimo Adeyemi Kazeem birinciliyi ölkəmizə qazandıran Eldar Qasımovun milli seçim turlarında bekvokalçısı olub.

Söhbət zamanı yarı Azərbaycan, yarı rusca danışan Kazımla daha yaxından tanış olaq.

24 yaşlı Kazım Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan ədəbiyyatı fakültəsinin 3-cü kurs tələbəsidir.

- Neçə ildir Azərbaycandasınız?

-Artıq 5 ildir.

- Azərbaycana gələndən sonra ali məktəbə qəbul oldunuz, yoxsa iki ildir oxuya bilmədiyinizdən kursda qalırsınız?

- Əvvəl Azərbaycan Dillər Universitetində kurs keçirdim. O universitet çox sakit idi və 1 il keçdi, anladım ki, bura mənlik deyil. Sonra kurs keçmək üçün Bakı Slavyan Universitetinə gəldim. Əvvəl fikirləşdim ki, bir həftə bu universitetdə oturum, görüm necə olacaq. Bir həftə ərzində qərara gəldim ki, bu ali məktəbdə qalım. Çünki burada tələbə həyatım daha da aktivləşdi. Tələbələr və müəllimlərlə yaxşı münasibət qurdum. Futbol, basketbol qruplarına yazıldım, musiqi dərnəyinə üzv oldum. Bizim mentalitetimizə görə, tələbə bir yerdə oturmamalıdır, hərəkət etməlidir. Çünki universitet məktəb deyil, burda tələbəni sıxmaq olmaz, sərbəst olmalıyıq.

- Kursda Azərbaycan dilini öyrənirdiniz?

- Yox, rus dilini öyrənmək üçün Azərbaycan Dillər Universitetində kurs keçdim, sonra həmin kursu Slavyan Universitetində davam etdirdim. Daha sonra Jurnalistika fakültəsində təhsilimi başladım.

-Sizi Azərbaycana gətirən səbəb nə idi?

-Əslində rus dilini öyrənmək üçün Azərbaycana gəldim.

-Maraqlıdır rus dilini öyrənmək üçün niyə Azərbaycan?

-Kobud səslənsə də, mən Azərbaycan adlı ölkədən xəbərsiz idim. Rusiyada universitetlərdən birinə qəbul olmuşdum. Valideynlərim mənim Rusiyada təhsil almağıma razı deyildi. Atam deyirdi ki, onun tanışları məsləhət görüblər ki, Rusiya Kazım üçün rahat olmayacaq, Rusiyaya qonşu olan ölkəyə getsin.

-Siz adını belə bilmədiyiniz ölkəyə necə risq edib gəldiniz? Rusiyaya qonşu ölkələrdən Ukrayna və Gürcüstan da ola bilərdi.

-Mən Nigeriyada olanda 4 ölkə arasında seçim etdim. Birinci Ukrayna, daha sonra Polşa, Kipr və Azərbaycan. Amma birinci təklif Azərbaycandan oldu, ona görə də bura gəldim.

- Bəs, Azərbaycan xoşunuza gəldimi?

-Əlbəttə ki. Burda çoxlu dostlar qazandım. Hədəfində olduğum dili öyrənirəm.

-Bir vaxtlar azərbaycanlılar əcnəbi, xüsusilə qara dərili insan görəndə qəribə reaksiya göstərirdilər. Siz o baxışlardan sıxılmırdınız?

- Düzdü, əvvəllər küçədə gəzəndə görürdüm ki, hamı mənə baxır, hamı məndən danışır, biri o birinə barmağı ilə məni göstərir. Onda özlüyümdə fikirləşirdim ki, görəsən məndə nəsə çatışmır, üst-başım yerindədir? Bir müddət bu mənə pis təsir edirdi. Bir neçə dəqiqə və ya 1 saat sonra mən unutmağa çalışırdım. Öz-özümə deyirdim ki, əsas odur ki, o insanlar mənimlə bir evdə yaşamırlar. Amma BSU-da gördüm ki, tələbələr elə deyil. Hətta dostlarım o cür insanlara deyirdilər ki, niyə gülürsüz? Həmin insanları başa salırdılar.

-Bəs buralara alışmaq çətin olmadı ki? Misal üçün dükana gedəndə istədiyiniz şeyi necə satın alırdınız?

-Mən Azərbaycana rus dilini öyrənmək üçün gəlmişdim. Gələndə isə rusca bir söz bilirdim - "lyubov"(gülür). Amma "lyubov" sözündən mağazadan istifadə olunmur axı. Bakıya gedəndə iki-üç ay mağazaya getmədim. Bizim niger dostlarımız var idi. Onlar alırdılar. Çalışırdım ki, onların dedikləri sözləri yadımda saxlayım. Satıcının dediyini başa düşmürdüm. Amma nə demək istədiyini tutmağa çalışırdım. Mağazada nə söhbət ola bilər ki? Mən bunu istəyirəm və qiyməti neçədir. Satıcı nə istəyirsən sözünü deyəndə, nə dediyini bilmirdim, amma anlayırdım. Bilmirdim dediklərini. Əvvəl Nizami metrosu tərəfdə yaşayırdım. İndi Nərimanov metrosunun yaxınlığına köçmüşəm. Burdakı qonşularım çox yaxşıdırlar. Onlar da danışanda tam başa düşmürəm, amma söhbəti anlamağa çalışıram. Dili öyrənmək istəyirəmsə, bu mənə çətin gəlməməlidir.

-Azərbaycan valyutasından istifadəni necə öyrəndiniz? Sizi aldadanlar çox oldu?

- Pulu yaxşı bilirəm (gülür). Almaq istədiyim şey 2 manatdırsa, olub ki, onu mənə 4 manata satıblar. Bunu bilə-bilə məhz o qiymətə almışam və buna fikir verməmişəm. Pulum cibimdədirsə, eybi yox, bilirəm ki, ondan da çox pul qayıdıb cibimə gələcək. Qurbandı satıcılara (gülür).

-Bayaq gələndə dediniz ki, telefonunuzu itirmisiniz. Mən sizinlə müsahibəni danışandan bir gün sonra nömrəniz işləmədi, düşündüm ki, yəqin imtina etdiniz. Telefonunuzu tez-tez oğurladırsınız?

-Əslində yox, oğurlamayıblar. Mən sizinlə danışandan sonra avtobusa mindim, cibimdən sürüşüb qalıb avtobusda. Belə hallar tez-tez olur. Məsuliyyətsizəm. Bəzən pulqabım da cibimdən düşür. Sonra fərqinə varıram. Elə mən də düşündüm ki, siz məxsusi olaraq telefonumu söndürdüyümü düşünəcəksiniz.

-Bəs Azərbaycan dilini nə qədər müddətə öyrəndiniz? Görürəm ki, elə də pis bilmrisiniz.

-Dəqiq bilmədim, əslində hələ də öyrənirəm. Müəllim danışanda çalışıram başa düşüm və qiymət almaq üçün cavab verim. Azərbaycan dilini anlayıram, amma danışmaqda çətinlik çəkirəm.

- Deməli, 3 dil bilirsiniz?

- Yox. Nigeriyada çoxlu dil qrupları var. Mən öz dilim olan yoruba dilini mükəmməl bilirəm, ingilis dilini 100 faiz, rus dilini və Azərbaycan dilini də orta səviyyədə öyrənmişəm. Türkcə "seviyorum, aşkım" deməyi bacarıram (gülür). Fransız dilində də danışa bilirəm.

-Kazım, siz Azərbaycan tamaşaçısına tanış simasınız. "Eurovision"un milli seçim turlarında Eldar Qasımovun bekvokalçısı idiniz. Müsabiqəyə qatılmaq təklifi kimin idi?

- Eldar Qasımov BSU-da oxuyur, biz elə bu ali məktəbdə tanış olmuşuq, yaxın dosta çevrilmişik. Bir gün gəlib dedi ki, Eurovison ən böyük arzumdur. Mən də dostuma kömək etdim. Mən özüm də mahnı oxuyuram. Sadəcə bu cür layihə üçün özümü hazır hiss etmirdim. Eldar gəldi təklif etdi ki, gəl yarışmaya qatılaq və mənim bekvokalçım ol. Mən hazır deyildim, amma o özünə çox güvənirdi. Eurovisiona qədər biz Universitet daxilində və universitetlərarası müsabiqələrdə iştirak etmişik. Eldar, mən və Alisa adlı qız. Eldar 1-ci, Alisa və mən isə həmişə 1 və ya 2-ci yerləri tutmuşuq. Eldar dedi ki, əgər biz bu yerləri tuta biliriksə, cəhd edək. Məndən soruşdu ki, mənə güvənirsən, ya yox. Mən də dedim ki, inanıram sənə. Beləliklə, biz qatıldıq. Bu onun ən böyük arzusu idi. Eldarın bekvokalçısı olmaq mənim fikrim deyildi.

- Milli seçim turlarında Eldar qalib oldu, amma finala Nigarla getdi, Azərbaycanı öz bekvokalçısı ilə təmsil etmədi. Eldardan incimədiniz ki?

- Mən azərbaycanlı deyiləm. Lap azərbaycanlı olsam belə, hər şey Eldardan asılı deyil. Dövlətdən asılıdır. Küsməli deyiləm ki. Biz yenə də dostuq. Əsas odur ki, dostum qalib gəldi və birinciliyi Azərbaycana gətirdi.

- Dəstək olmaq üçün də onunla Almaniyaya getmədiniz?

- Yox gedə bilmədim. Amma onu izləyirdim. Əlaqə saxlayırdıq. Almaniyada olanda Eldarın vaxtı az olsa da, mənə yazırdı, zəng edirdi. Necə imkan olsa, o cür əlaqə saxlayırdı. Hətta "Eurovision"un finalına 2 saat qalmış zəng etdi və ingilis dilində dedi ki, çox pisəm. Çox darıxıram, ətrafıma baxıram və səni görmürəm, kövrəlirəm, Kazım. Mən narahatam ona görə sənə zəng etdim. Sən yaxşısanmı? Mən dedim narahat olma qəlbim səninlədir.

- Bəs nə zaman görüşdünüz?

- Azərbaycana gələndə universitetdəki dostlarımda hava limanına getdik. Amma o qədər insan var idi deyə görüşmək mümkün olmadı. Düşündük ki, onsuz da evə gələcək, biz də gedək, orda görüşərik. Eldargilin evlərinə getdik. Anası dedi ki, bu gün evə gəlməyəcək. Yalnız bir neçə həftə sonra mən onunla Universitetdə görüşdüm. Mən ona dedim ki, aeroporta gəldim, sadəcə görüşə bilmədim.

-Artıq universiteti bitirməyinizə 1 il qalıb. Azərbaycanda qalmağı düşünmürsünüz ki?

-Gələcəkdə ola bilsin ki, Azərbaycana qayıdaram. 5-10 ilə buraya qayıtmağı düşünmürəm. Mənim üçün əvvəlcə təhsil vacibdir. Müxtəlif ölkələrdə bir neçə ixtisas almaq istəyirəm.

-Belə görürəm ki, siz daha çox dil öyrənmək həvəskarısınız?

-Mən jurnalist ixtisasında oxuyuram. Amma arzum odur ki, informasiya texnologiyası üzrə mütəxxəsis olum. Musiqini sevirəm. Bu üç sahə ilə birlikdə sintez şəklində fəaliyyət göstərmək istəyirəm. Jurnalistika, musiqi və informasiya texnologiyası. Mən rus dilini öyrəndim. Bu ilk addım idi.

-Sizin həm də öz ölkənizdə vətənə xidmət borcunuz var...

- Yox, əslində bizim adətlə sizinki tamam fərqlənir. Mən məktəbi qurtaran kimi 1-2 il evdə oturdum. 16 yaşında bir neçə ölkəni gəzdim. Sonra təhsil almaq üçün Azərbaycana gəldim. Burda təhsil aldığmı üçün hərbi xidmətə getməyəcəm. Bizim əsgərlik tamamilə başqa cürdür. Təhsil almayanlar da, xarici ölkədə oxuyanlar da əsgərliyə getməyə bilər. Nigeriya böyük ölkədir. Orda hərbi xidmət məcburi deyil. Ölkəmizdə müxtəlif azlıqlar var ki, onlar bir-birini tanımırlar. Nigeriyada əsgərlik insanların tanış olması üçün bir şəraitdir.

-Sonda nə demək istərdiniz?

- Bakı Slavyan Universiteti, onun rəhbərliyi, müəllimlər və tələbələr həmişə mənə dəstək olublar. Mən özümü sizin ölkənizdə heç vaxt tənha hiss etmirəm. Tələbə yoldaşlarıma çox öyrəşmişəm. Bu ölkəni çox sevdim. Heç bilmirəm Nigeriyaya qayıdanda necə olacaq. Çox darıxacağam.

Nərgiz

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm