Rəsul Quliyev iş adamlarına "atıb"?
Bizi izləyin

Qırmızı.az

Rəsul Quliyev iş adamlarına "atıb"?

Bu barədə Publika.Az-ın elektron ünvanına göndərilmiş bir məktubda deyilir.

Məktubu göndərən Zakir Əliyev adlı şəxsin müraciətini oxucuların diqqətinə çatdırırıq:

"Rəsul Quliyev öz blokunda (Demokratiya Uğrunda Müqavimət Hərəkatı – red.) demokratiyaya yardım fondu yaradıb. Son bir neçə ayda həmən hesab nömrəsinə 7 milyon dollardan artıq pul daxil olub. Bu pulların əksəriyyəti Rusiyada yaşayan bəzi iş adamları tərəfindən ödənilib. Həmin pulların müqabilində də R.Quliyev aprel ayının əvvəllərində Bakıda 100 minlik mitinq keçirəcəyinə söz verib. O, verdiyi sözü tutmadığına görə, iş adamlarından bəziləri pullarını geri istəyirlər".

Mənbənin yazdığına görə, pis durumda qalan R.Quliyev bu pulların çox hissəsini ona dəstək olan xaricdəki lobbiçilərə verdiyini bildirsə də, bu "sponsor"ları qane etmir. Çətin vəziyyətdə qalan R.Quliyev Rusiyada Vaqif Kərimova zəng vurub Moskvadakı iş adamlarını sakitləşdirməyi xahiş edib:

"O eyni xahişlə Ramiz Rzayevə də zəng vurub. İş adamlarinin dediklərinə görə, yığılan pulların əksəriyyətini Rəsul Quliyevin özü mənimsəyib.Bunun üçün o, ailə üzvlərinin hamısının adlarını yardım fondunda yüksək maaşlı işçilər kimi yazıb".

Məsələyə münasibət bildirən Açıq Cəmiyyət Partiyasının sədri Vaqif Mahmudov isə deyib ki, nə Zakir Əliyev adlı şəxsi tanıyır, nə də məktubda qeyd olunan məqamlar həqiqətə uyğundur:

"Heç bir fond yoxdur və 7 milyon məsələsi də uydurmadır. Rəsul Quliyev heç kimə mitinq keçirmək üçün söz verməyib. Aprel ayında 100 minlik mitinq keçirməklə bağlı isə deyim ki, ümumiyyətlə Rəsul Quliyev mitinq keçirməyi təklif etmişdi, amma biz bu məsələni hərəkat olaraq təxirə saldıq. Bunu da dəfələrlə mətbuata açıqlamışıq. Kiminsə qarşısında öhdəliyimizdən də söz gedə bilməz".

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm