• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Elnur Astanbəyli: “Mən daha Anar haqqında yazmayacam”

Elnur Astanbəyli: “Mən daha Anar haqqında yazmayacam”

“Bizim tənqidlərimizdən nəticə çıxarmaq əvəzinə “küçə uşaqları” deyə təhqir edənlər özlərini cəmiyyətə “küçə qocaları” kimi təqdim etdilər”. Bunu Publika.Az-a gənc yazar Elnur Astanbəyli özünün və Seymur Baycanın ünvanına Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın yazdığı həcvə münasibət bildirərkən deyib: “İllərdir özünü milli mənəvi dəyərlər və əxlaq müdafiəçisi kimi tanıdan yazıçı Anar öz həcvi ilə bu dəyərlərə necə sadiq olduğunu göstərdi. Mənim “Xalqsız xalq şairi” dediyim Anar mənim sözlərimə “tərbiyəsiz”, “nadan”, “murdar” və “küçə uşağı” ifadələri ilə cavab verdi. Əgər mən küçə uşağıyamsa, o zaman o özü kimdir? Artıq saytlarda və sosial şəbəkələrdə şərhlərə nəzər salanda görünür ki, hətta vaxtilə Anarı müdafiə edən oxucular da pəjmürdə olublar.

Bu şeir Anar və onun ətrafındakıların son sözü oldu. Onlar bu son sözlə bizim haqlı olduğumuzu sübut etdilər. Məsələ 60-cı illərin ədəbiyyatı ilə mübarizədə deyildi, biz yeniliyə yol açılmasını, Yazıçılar Birliyinin obyektiv olmasını istəyirdik. Amma onlar bizə düşmən kimi və yaşlı nəslə yaraşmayan şəkildə cavab verdilər. Anarın şeirini oxuyandan sonra Namiq Qaraçuxurlunun meyxanalarına qibtə hissi oyanır. Heç bir cəhətdən bu şeiri dəyərləndirmək mümkün deyil. Sovet dövründə xarici ölkələrin ədəbiyyatından nəsə çırpışdırıb xalqa sırıya bilirdilərsə, indi bu mümkün deyil. O vaxt senzura başbilənləri onların yazdıqlarının böyür-başını düzəldirdi, 90-cı illərdən sonra isə öz istedadlarının ümidlərinə qalıblar və hər şey göz qabağındadır”.

Yazar onu da əlavə edib ki, o, daha Anar haqqında yazmayacaq: “Mənim üçün bu mövzu artıq bağlandı. Hər şey açıq-aydın cəmiyyətə bəlli oldu və özü bizim qələbəmizi yazdığı həcvlə təsdiqləmiş oldu. Hesab edirəm ki, bundan sonra bu şəxs barədə yazmağa, fikir bildirməyə ehtiyac yoxdur”.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR