“Anar vəzifəyə görə dözür...”
Bizi izləyin

Qırmızı.az

“Anar vəzifəyə görə dözür...”

“525-ci qəzet”-in şənbə sayında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, dostu və müavini, xalq şairi Fikrət Qocaya ithafla yazdığı “Daşlama” adlı həcvi çap olunub.

Publika.Az xəbər verir ki, xalq yazıçısı bu yazısında AYB-ni tənqid edən gənc yazarları, xüsusi ilə Seymur Baycanla Elnur Astanbəyli sərt tənqid edib. Anar şeirində ad çəkməsə də, özlərinə, yazılarına, barəsində dedikləri fikirlərə işarə vuraraq, onları hədəfə alıb. Anar:

“Heyvərə Sirkə Badımcan,

Unutmasın bunu ancaq,

Sirkə çox tünd olan zaman,

Öz qabını çatladacaq” -

misraları ilə Seymur Baycanı,

“Qaraçı ləçərlər kimi,

Həyasız və tərbiyəsiz,

Cızma-qaraları yazar.

Yazısında hər sözü də,

Elə murdardır ki, murdar”

misraları ilə Elnur Astanbəylini həcv edib.

Xalq yazıçısı mətbuata açıqlamasında həcvin yazılma səbəbini açıqlayıb. Anar bildirib ki, həcv bu günə qədər ona qarşı aparılan kampaniyaya cavabdır: “Xuliqan, həyasız, məhkəməyə veriləsi yazılara cavabdır. Onlar ad çəkirlər. Mən heç onların adını da çəkmək istəmirəm”.

Xalq yazıçısının “Heyvərə Sirkə Badımcan” adlandırdığı yazıçı Seymur Baycan bu həcvi Anarın növbəti məğlubiyyəti adlandırıb: “Biz onları bacardığımız qədər ifşa etdik. 24 ildir Yazıçılar Birliyinin sədri vəzifəsində oturan Anar Rzayevin bu qədər vəzifə düşkünü olduğunu heç kim bilməzdi. Anar Rzayev oturduğu kresloya o qədər vurulub ki, özünü hər cür təhqirlərin hədəfinə çevirməyə razı olub.

24 ildir məmur-yazıçı həyatı yaşayan Anar Rzayev vəzifəyə olan yanğısı ucbatından hər cür təhqirlərə dözüb. Onu böyük yazıçı hesab edənlər bu zəif mətndən sonra yəqin ki, səhvlərini anlayacaqlar. Onun müəyyən istedadı olmasını danmıram. Bəli, Anar qadın söhbətlərini, natamam obrazları və qeybəti çox yaxşı formada ədəbiyyata gətirə bilir.

Proseslər göstərdi ki, o, yazı adamı deyilmiş. Onun əlində imkan olsa məmnuniyyətlə bizləri həbs etdirər. Sadəcə, dövr bir az başqadır. Anar nəyi bacarmasa da, "donos" yazmağı gözəl bacarır. Çünki güclü məktəb keçib.

Bir daha bildirmək istəyirəm ki, xalq yazıçısının bu şəkildə biabır olmasında Rəşad Məcidin xüsusi rolu var. Çünki Rəşad Məcid Yazıçılar Birliyinin sədri olmaq istəyir, ona görə də Anarın biabır olmasında, məhvə sürüklənməsində, belə gülünc vəziyyətə düşməsində maraqlıdı...”

Rəşad Məcid Seymur Baycan da sərt şəkildə tənqid edib: “Mən Anar müəllimi çox sevirəm və onu Azərbaycanın böyük ziyalısı hesab edirəm. Bir neçə nəsil Azərbaycan ziyalısının yetişməsində də onun böyük rolu olub. Mən nə vəzifə, nə pul hərisiyəm. Hər şeyi görmüşəm, indinin özündə də heç bir vəzifəyə iddiam yoxdur.

Seymur Baycan hər şeyi öz arşınıyla ölçür, hamını özüylə müqayisə edir. Seymur Baycan 200 dollara dinini dəyişən adamdır. Seymur Baycan zir-zibilin içindədir. Mən bir neçə dəfə onu zir-zibilin içindən çıxarmaq istəmişəm. Axırda görmüşəm ki, özü-özünü bu zibilin içərisindən çıxarmaq istəmir. Çünki onun mahiyyəti ordadır. O müqəddəs hisslərdən tamam məhrumdur. Bir insan ki, öz dininə, valideynlərinə, vətəninə qarşı belə bir mövqe tuta, ondan hansı bir sədaqət, müqəddəs hiss gözləmək olar?”

Cəlil Cavanşir

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm