Mətbuat Şurasına yeni səlahiyyətlər verilsin – Təklif
Bizi izləyin

Qırmızı.az

Mətbuat Şurasına yeni səlahiyyətlər verilsin – Təklif

“Diffamasiya haqqında qanun”un qəbulundan gözləntilərim böyükdür”. Bunu Publika.Az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Zerkalo” qəzetinin baş redaktoru Elçın Şıxlı Mətbuat Şurasının sədri Əflatun Amaşovun ilin sonunadək Diffamasiya haqqında qanun”un qəbul oluncağına dair fikirlərini şərh edərkən bildirib.

“Eurovison-2012” müsabiqəsilə bağlı keçirilən dəyirmi masadakı çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov “Diffamasiya haqqında qanun layihəsi”nin 2012-ci ilin sonunadək parlamentin müzakirəsinə çıxarılıb qəbul olunacağına əminliyini vurğulayıb.

AJB sədrinin “ Diffamasiya haqqında qanun”un qəbulundan gözləntiləri böyükdür: “Əslinə qalsa, bu məsələ yeni deyil. Bununla bağlı müzakirələr hələ 2004-cü ilin yayından gündəmə gəlib. Qanun Milli Məclisə təqdim edilsə də, qəbulu uzanır. Bunun bir çox səbəbləri var. Birinci səbəb odur ki, Azərbaycanda hələ də jurnalistikaya aid olmayan mətbuat orqanları fəaliyyət göstərir. Yəqin ki, onlar qanunun qəbulundan çirkin məqsədləri üçün faydalana bilərlər. Digər səbəb bəzi məmurların bu qanunun qəbuluna etinasız yanaşması və buna maneə törətməsi ilə bağlıdır. İstənilən halda “ Diffamasiya haqqında qanun” nəhayət qəbul olunmalıdır”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli təklif edir ki, “ Diffamasiya haqqında qanun” qəbul olunarsa, Mətbuat Şurasının səlahiyyətləri artırılmalıdır: “Əlbəttə, jurnalistlərin hər hansı yazısına görə həbsə atılmasını əngəlləyən qanunun qəbulu labüddür. Amma gərək tənqidçi jurnalistlər özləri də başa düşsünlər ki, hansısa məmurun və ya vəzifəli şəxsin şərəf və ləyaqətini təhqir etmək olmaz.

Digər tərəfdən Azərbaycanda “reketçiliklə” məşğul olan yüzlərlə qəzet fəaliyyət göstərir. Təhdid yolu ilə insanları hissiyatı ilə oynayan bu cür mətbu orqanlar da “ Diffamasiya haqqında qanun”un qəbulundan ustalıqla yararlanacaqlar. Buna görə də, elə mexanizm işlənib hazırlanmalıdır ki, “reket” nəşrlər bundan faydalana bilməsinlər.

Yaxşı olardı ki, qanunun qəbulu ilə paralel Mətbuat Şurasının səlahiyyətləri artırılsın. Misal üçün, Milli Teleradio Şurasının səlahiyyəti var ki, telekanallarda bəzi verilişlərin yayımını dayandırsın. İstənilən halda Mətbuat Şurasının da inzibati təsir imkanları olsaydı, bu halda qanunun qəbulundan sui-istifadə halları da meydana çıxmazdı”.

“Qafqazinfo” saytının baş redaktoru Elbrus Ərudun qənaəti ondan ibarətdir ki, “Diffamasiya haqqında qanun”un qəbulu ciddi nəticələrə gətirib çıxarmayacaq: “Yəqin ki, bu qanunun da taleyi digərləri kimi olacaq. Yəni qanun qəbul ediləcək, işləmə mexanizmləri olmayacaq. Bu baxımdan “Diffamasiya haqqında qanun”dan gözləntilərim böyük deyil”.

Azər Niftiyev

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm