Millət vəkili: “Televiziyalarda senzuraya gərək yoxdur“
Bizi izləyin

Qırmızı.az

Millət vəkili: “Televiziyalarda senzuraya gərək yoxdur“

"Televiziyaların səviyyəsinin yaxşılaşdırılması və veriliş siyasətinin formalaşması üçün senzura və ya digər oxşar mexanizmin tətbiqi gərəkli deyil”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.

Komitə sədri hesab edir ki, televiziya rəhbərləri özləri tədbir görməli, davamlı olaraq səsləndirilən tənqidlərdən nəticə çıxarmalıdırlar: “Telekanallar özlərinin veriliş siyasətini müəyyən edərkən cəmiyyətin, peşəkarların və ziyalıların fikirlərini nəzərə almalıdırlar”.

Millət vəkili vurğulayıb ki, televiziyaların normal fəaliyyət göstərməsi üçün dövlət səviyyəsində işlər görülür, indi növbə televiziyalarındır:

“Televiziyalara təzyiq göstərib “onu vermə-bunu ver” demək də olmur, amma televiziya rəhbərləri cəmiyyəti düşünərək öz proqramlarını tənzimləməlidirlər”.

Televiziya eksperti Qulu Məhərrəmli də senzura xarakterli hər hansı mexanizmin tətbiqi məqsədəuyğun saymır:

“Bu, televiziyaları daha da ağır duruma salar. Milli Teleradio Şurasının vəzifəsi onda ibarətdir ki, televiziyaların qanundan kənara çıxıb-çıxmamasına nəzarət etsin. Eyni zamanda qurum müəyyən tövsiyələr verə bilər. Amma gərək telekanallar özləri məsələyə məsuliyyətlə yanaşsınlar. Kommersiya xatirinə ucuz şou proqramları ilə efirə doldurmağın mənası yoxdur”.

Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm