Siyavuş Novruzovdan müxalifətə sərt tənqid - MÖVQE
Bizi izləyin

Qırmızı.az

Siyavuş Novruzovdan müxalifətə sərt tənqid - MÖVQE

“Biz əvvəlcədən də bəyan etmişdik ki, müxalifətin Azərbaycan xalqı arasında heç bir nüfuzu, sosial bazası yoxdur. Onlar artıq belə demək mümkündürsə, Azərbaycanda siyasətlə məşğul olmurlar, sadəcə, bütün etdikləri qazanc məqsədilə atılan addımlardır”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov partiyanın saytına müsahibəsində deyib.

Siyavuş Novruzov İctimai Palatanın son aksiyasına da münasibət bildirib. Aprelin 8-də keçirilən aksiyanı mitinq yox, piket adlandıran YAP funksioneri bunun xalqın müxalifətə göstərdiyi etimadsızlığın bariz nümunəsi adlandırıb.

Özünün də əvvəldən axıra qədər həmin piketi müşahidə etdiyini dilə gətirən millət vəkili aksiyaya çıxanların əksəriyyətinin muzdla tutulan insanlar olduğunu söyləyib: “Pulları verilmədiyi üçün onlar da həmin meydanı yarımçıq və əsəbi şəkildə tərk etdilər. Biz baş verən bu hadisələrin hamısını müşahidə edirdik. Yəni mitinqin sonuna qədər iştirakçıların az bir hissəsi qaldı ki, onlar da müxalifət rəhbərlərinin qohum-əqrəbası, dost-tanışı, mətbuat orqanlarının nümayəndələri və həmin partiyaların aparatında çalışan insanlar idilər.

Bununla bağlı çox sayda sübutlarım var. Piketdə çıxış edən insanları dinləyərkən onların hələ də 1990-cı ilin təfəkküründə olduğu görünür. Yəni cəmiyyət dəyişir, həyat dəyişir, təfəkkür dəyişir, amma Azərbaycanın bu müxalifəti dəyişmir, elə olduğu kimi qalıbdır”.

Siyavuş Novruzov İctimai Palata Koordinasiya Şurasının üzvü Pənah Hüseyn, Müsavat Partiyası başqanı İsa Qənbər və AXCP-nin sədri Əli Kərimli barədə də maraqlı fikirlər səsləndirib: “Pənah Hüseyn Azərbaycanın ləl-cəvahirat fonduna süpürgə çəkərək qaçıb gizlənmişdi hansısa ot tayasının altında, biz neçə ildən sonra onu güclə tapıb gətirdik. İndi də demokratiyadan danışır. Əli Kərimli isə Kələkidə qaçıb gizlənmişdi, hansı ki, həmin vaxt dövlət katibi vəzifəsini daşıyırdı.

İsa Qəmbər hansı dərədə gedib gizlənmişdi bəlli deyildi. Biz Azərbaycanda ictimai-siyasi sabitlik, demokratik mühit yaradandan sonra ortaya çıxdılar. Yəni qoyub qaçmaq onların ənənəsidir və Azərbaycanın taleyüklü məsələləri zamanı həmişə qaçıblar. Bütün bunlar Azərbaycan xalqına bəllidir. Pənah Hüseyn yalan danışır və yalan danışanda heç olmasa üzünə bir ələk tutardı ki, camaat görməsin. Deyir, mitinqdə 10 min adam vardı. Azərbaycan cəmiyyəti görmür ki, sən yalan danışırsan? Təbii ki, bu yalanların hamısını xarici mühit üçün danışırlar, amma Pənah Hüseyn görmədi ki, xaricilər xüsusi aparatla oranı çəkirdilər və həmin aparat da sayı göstərir.

Yeni informasiya texnologiyaları var ki, Pənah Hüseynin dediyi sayı deyil, reallığı göstərir. Bir neçə xarici səfirliyin, diplomatik korpusun nümayəndələri çəkiliş aparırdı. Müxalifət rəhbərlərinin isə iştirakçıların sayını artırmaqda məqsədi var. Bu da ondan ibarətdir ki, bu sayı artıq deməklə xaricdən aldıqları vəsaitin miqdarını artırmaq istəyirlər. Lakin bu cəhdləri iflasa uğradı. Mən orada da dedim ki, bu «mitinqi» təşkil edənlərin hərəsinə bir kəndir lazımdır ki, getsinlər özlərini assınlar. Yəni bu səviyyə ilə, bu cür şişirtmə ilə deyirlər ki, guya aksiyada 10 min adam vardı. Orada heç min adam yox idi”.

Partiyası (YAP) İcra katibinin müavinin sözlərinə görə İsa Qəmbər çıxışında təkrar edirdi ki, gələn dəfə hər kəs özü ilə beş nəfər gətirsin: “Bu, bazardan toyuq almaqdır, qarpız almaqdırmı? İsa Qəmbər bir tərəfdən deyir ki, Müsavatın minlərlə üzvləri var, digər tərəfdən yalvarır, ilan dili çıxarır ki, söz verirsinizmi ki, gələn dəfə gələndə hərəniz beş nəfər də gətirəcəksiniz? Yəni burada söhbət əsla əqidə, ideologiya məsələsindən gedə bilməz”.

Siyavuş Novruzov Azərbaycanda normal bir müxalifət olmasını istədiyini bildirib. Parlamentdə təmsil olunan müxalifətin konstruktiv mövqedən çıxış etdiyini deyən millət vəkili əlavə edib ki, onlar tənqidi fikirlərini deyirlər, amma görülən işləri də qiymətləndirirlər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm