Xəzər İbrahim: “Azərbaycan NATO-dan praktik yanaşma gözləyir” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Xəzər İbrahim: “Azərbaycan NATO-dan praktik yanaşma gözləyir” - MÜSAHİBƏ

- Mayın 21-22 isə Çikaqoda NATO-nun 25-ci sammiti keçiriləck. Azərbaycanın bu sammitdən gözləntisi nədir?

- NATO-nun 2010-cu ilin noyabr ayında keçirilmiş Zirvə Toplantısında NATO-nun mövcud tərəfdaşlıq mexanizmlərinin daha da təkmilləşdirilməsi qərara alınıb və bu məsələ NATO-nun bu ilin mayında keçirilməsi planlaşdırılan Zirvə Toplantısının gündəliyinin əsas bəndlərindən birini təşkil edir.

NATO hazırda daha məzmunlu və çevik tərəfdaşlıq münasibətlərinə əsaslanaraq öz tərəfdaşlıq şəbəkələrini genişləndirmək siyasəti üzərində işləyir. Bu isə tərəfdaş dövlətlər arasında bir növ daha çox rəqabətli yanaşmaya səbəb olacaq. Azərbaycan fəal tərəfdaşı kimi NATO-dan praktik yanaşmaya daha çox önəm verməyi gözləyir.

Digər tərəfdən, NATO-nun dəyərlər və prinsiplərə əsaslanan qurum kimi regional məsələlər üzrə beynəlxalq hüquqa söykəli mövqeyini əvvəlki Zirvə Toplantılarında olduğu kimi Çikaqoda da vurğulaması əhəmiyyətlidir. Həmçinin Zirvə Toplantısında Əfqanıstana dair tam aydın strategiyanın ortaya qoyulması gözləntilərimizdəndir.

- Hazırda təşkilatla Azərbaycan arasında ilk sırada dayanan məsələlər hansılardır?

- NATO Baş Katibinin də qeyd etdiyi kimi, Azərbaycan NATO ilə bir çox ümumi təhlükəsizlik maraqları və siyasi prioritetlərə malikdir. Bu səbəbdən NATO ilə tərəfdaşlığımız geniş spektrli sahələri əhatə edir.

Hazırda Azərbaycanın NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatlarında iştirak və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş miqyaslı işlər üzrə praktik əməkdaşlıqdan ibarətdir. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində Avro-Atlantika məkanda təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik, Əfqanıstan məsələsi, enerji təhlükəsizliyi kimi aktual problemlər müzakirə olunur.

Münasibətlərin digər mühüm istiqaməti praktik əməkdaşlıqdır. NATO apardığı qiymətləndirmələr əsasında ölkəmizin Ceyrançöl ərazisində mina və partlamamış hərbi sursatlar probleminin həlli məqsədilə yeni bir yeni layihə həyata keçirməyə razılıq verib. Bu yaxınlarda NATO-nun Maddi-Texniki Təminat və Təchizat Agentliyi (NAMSA) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında layihənin icrası üzrə saziş imzalanıb və yaxın vaxtlarda layihənin rəsmi açılışının təşkili planlaşdırılır.

Praktik əməkdaşlığın digər əsas istiqamətlərini mülki fövqəladə planlaşdırma, ictimai diplomatiya, sərhəd təhlükəsizliyi, terrorçuluqla mübarizə, elm və ətraf mühit və digər aidiyyəti sahələr təşkil edir.

- Azərbaycan FTƏP proqramını üçüncü dəfə təkrarlayır. Bunu necə qiymətləndirirsiniz?

- Məlum olduğu kimi, Azərbaycan və NATO tərəfindən təsdiq edilən və iki illik dövr üçün nəzərdə tutulan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) NATO ilə tərəfdaşlıq çərçivəsində ölkəmizin prioritetləri nəzərə alınaraq həyata keçirilməsi planlaşdırılan əməkdaşlıq məqsədlərini və bu məqsədlərə uyğun tətbiq edilən mexanizmləri əks etdirir. FTƏP-in ümumi məqsədi ölkəmizin müdafiə və təhlükəsizlik sektorunun islahatlar və NATO standartlarına yaxınlaşdırılması yolu ilə qısa və orta perspektivdə daha da gücləndirilməsidir.

Qeyd etmək lazımdır ki, FTƏP tərəfdaş dövlətlə NATO-nun əlaqələrini sistemləşdirmək məqsədilə müxtəlif mexanizmləri özündə birləşdirir. Azərbaycanın milli maraqları nəzərə alınaraq tərtib olunan bu planda əksini tapmış tədbirlər siyasi və təhlükəsizlik, müdafiə və hərbi, ictimai məlumatlandırma, mülki fövqəladə planlaşdırma, elm və ətraf mühit məsələləri, eləcə də inzibati məsələlər, məlumatların təhlükəsizliyi, resurslar və hüquqi məsələləri əhatə edən bölmələrdən ibarətdir.

Planda hər bir tədbir üzrə icra müddətləri müəyyən olunur. Bu bölmələr bütün FTƏP sənədləri üçün ümumidir, lakin onların irəliyə aparılması üçün nəzərdə tutulan məqsədlər (spesifik tədbirlər) zamanın tələblərinə uyğun olaraq daim yenilənir və yeni icra müddətləri müəyyən olunur.

Bu səbəbdən FTƏP-i yalnız bir sənəd kimi deyil, proses kimi nəzərdən keçirmək və yeni imzalanan sənədə təkrarlanma yox, mərhələ kimi baxmaq lazımdır. Bu, başqa FTƏP iştirakçısı olan dövlətlər üçün də eynidir. Məlumat üçün bildirək ki, hazırda biz FTƏP-in üçüncü mərhələsindəyik. Bu mərhələdəki məqsədlərin icrasının öyrənilməsi məqsədilə bu yaxınlarda milli səviyyədə qiymətləndirmə aparıldı. Qiymətləndirmə FTƏP-də göstərilən məqsədlərə nail olunmasında mühüm nailiyyətlərin əldə edildiyi nəticəsinə gəldi.

Bu günlərdə FTƏP-in icrasının NATO ekspertləri tərəfindən qiymətləndirilməsi həyata keçirilir. Onu da qeyd etmək lazımdır ki, əksər hallarda milli qiymətləndirmənin gəldiyi nəticələr ilə NATO ekspertlərinin qiymətləndirmələri üst-üstə düşür.

- Ekspertlər NATO ilə Azərbaycan arasında islahatlar məsələsində da 1 saylı problem kimi Müdafiə Nazirliyi sisteminin mülkiləşdirilməsini göstərirlər.

- Azərbaycan Silahlı Qüvvələrə mülki-demokratik nəzarət tədbirlərinin daim təkmilləşdirilməsinə xüsusi önəm verir. Bu tədbirlərə müdafiə və hərbi sektorun büdcə sisteminin parlamentdə təsdiqi, müdafiə təchizatı və satınalmalar sahəsində tenderlərin Nazirlər Kabineti tərəfindən həyata keçirilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutu (Ombudsman), parlament üzvləri, vətəndaş cəmiyyəti və media nümayəndələri tərəfindən Silahlı Qüvvələrdə insan hüquqlarının təmini vəziyyətinə nəzarət, ordu prosesləri barədə ictimaiyyətin mütəmadi məlumatlandırılması, millət vəkillərinin hərbi hissələrə səfərləri və digər addımlar daxildir.

- Əfqanıstanda təhlükəsizlik qüvvələrinin maliyyələşdirilməsində Azərbaycanın NATO-ya yardım göstərəcəyi deyilir...

- Azərbaycan NATO-nun Əfqanıstanda Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatının fəal tərəfdaşıdır və ölkəmiz ISAF əməliyyatının əsas vəzifələrindən biri sayılan Əfqanıstan təhlükəsizlik qüvvələrinin imkanlarının gücləndirilməsinə bu dövlətdə davamlı sülh və sabitliyin bərqərar olunmasının mühüm elementi kimi baxır.

Bu baxımdan, Azərbaycan həm birbaşa maliyyə yardımı, həm də müxtəlif təlim və maarifləndirmə vasitələri ilə bu səylərə töhfə verir. Cənab Prezident İlham Əliyevin NATO-ya səfəri zamanı qeyd etdiyi kimi, bu yaxınlarda Azərbaycanın Əfqan Ordusu üzrə Etimad Fonduna köçürdüyü vəsait də bizim bu niyyətimizin göstəricisidir.

Əfqan ordusuna maliyyə dəstəyi NATO-nun əsas prioritetlərindən biridir. Bu və Əfqanıstandakı Azərbaycan hərbçilərinin xidmətlərindən savayı, Azərbaycan Əfqanıstana qeyri-hərbi dəstəyini davam etdirir. 2009-cu ildən bəri ANAMA-nın Əfqanıstan mütəxəssislərinin peşəkarlığının artırılması üçün həyata keçirdiyi layihələr, Azərbaycan Diplomatik Akademiyasının əfqan nümayəndələri üçün keçirdiyi kurslar, ötən il Əfqanıstan nümayəndəsinin də iştirakı ilə Bakıda keçirilmiş “Sərhəd təhlükəsizliyi və narkotik vasitələrin yayılmasına qarşı mübarizə” mövzusunda regional seminar bu fəaliyyətimizin bir neçə nümunəsidir.

Əfqanıstan hökumətinin yüksək səviyyəli rəsmiləri ölkəmizin bu səylərinin yüksək qiymətləndirib və onların davamını xahiş edib. Məhz bu səbəbdən bu cür tədbirlərin davam etdirilməsi nəzərdən keçirilir.

- Eyni zamanda Prezident deyib ki, Azərbaycan Əfqanıstana yüklərin daşınması sahəsində əməkdaşlığı genişləndirməyə dair NATO-nun yeni təkliflərini nəzərdən keçirir. Söhbət hansı təkliflərdən gedir və bu sahədə işlər nə yerdədir?

- Prezidentin də qeyd etdiyi kimi, Azərbaycan NATO-nun tərəfdaşı kimi daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verir. NATO üçün daşımaların dörddə-bir hissəsindən çoxu Azərbaycan vasitəsilə həyata keçirilir. Bu, ilk növbədə bizim məramımızı nümayiş etdirir, ikincisi isə Azərbaycanla Avro-Atlantik təsisatları arasında münasibətlərin göstəricisidir. Bu çərçivədə NATO tərəfindən təkliflər olduğu halda onu nəzərdən keçirməyə hazırıq.

Bəkir Nərimanoğlu

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm