• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ziya Bünyadovun qatilindən tükürpədici etiraflar

Ziya Bünyadovun qatilindən tükürpədici etiraflar

"Türmə xatirələri" layihəsində

Zaman keçdikcə yaddaşımın təmiz qatında qalan dustaq həyatını yenidən yaşamalı oluram. Birlikdə caza çəkdiyim həbsxana yoldaşlarımla ilk görüş, tanış olmam, onlarla etdiyim söhbətlər gözlərimin qarşısında canlanır. Və başa düşürəm ki, bura həyatımın daha çox qazandığım və itirdiyim günlərin toplusudur.

Həmişə xatırlayacağım dustaq yoldaşlarımdan biri də “Xaqan” deyə çağırdığımız keçmiş döyüşçü idi.

Xaqanla – əsl adı Xəqani idi – ilk dəfə Bayılda, 3-cü korpusun 105-ci hücrəsində qarşılaşdıq. İçəri ilk girişimdə hər kəslə adbaad tanış olmuşduq. Kubinkalı Elnur (Sadıqov) bu tanışlıqda xüsusi canfəşanlıq etmişdi. İmkan tapıb içərinin qanunlarını diqtə etmiş, mənim səbirlə qulaq asdığımı gördükdə isə “daxili qanunlara riayət etmək hər kəsin borcudur”, demişdi. Onun təqdimatından və məsləhətindən sonra demişdim:

- Bu kamera Bayıl təcridxanasında yerləşdiyim 4-cü kameramdır...

Anlatmışdım, işarə etmişdim ki, qaydaları bilirəm.

Böyük qardaş, avtoritet

Yadımdan çıxmır, Elnur cavabımdan pərt olmuşdu:

- Yenə də olsun. Dedim ki, biləsən. Bura “qardaşlıq xatasıdır”.

Bu sözü bütün hücrələrdə, ilk tanışlıq zamanı deyirlər.

...Sonra ayaqlarını ayaqlarının üstünə qoyub fikirli halda siqaret çəkən hündürboy, təxminən 45-50 yaş arasında olan yaraşıqlı adamı göstərdi:

- Xəqani böyük qardaşdır. Avtoritetdir. Buranın və korpusun ağsaqqalıdır, - dedi.

- Çox gözəl, - dedim, keçib stolun arxasında oturdum.

Qısaca tanışlıqdan sonra çay süfrəsinin tədarükü görüldü. Söz-sözü çəkdi, hər kəs özünün tarixçəsini qısaca nağıl elədi.

Hücrədə ilk günümü illərin tanışı kimi başladım. Söhbətin maraqlı yerində “Deputat” ləqəbli dustaq, Masallının Alvadı kəndindən olan Elçin Quliyev Xəqaniyə işarə ilə:

- Dağlar oğlu az danışandır, ona fikir vermə, - dedi...

O, keçmişi haqda danışmağı sevməzdi

Xəqani kəlbəcərli idi, rayon işğal olunandan sonra ailəsi ilə Tərtərdə məskunlaşmışdı. Ailə deyəndə, qoca anası və bir də qızı vardı.

- Xaqanın həyat yoldaşı, qızı körpə olanda, onu tərk edib, - bunu Elnur mənə dedi.

Özü isə bu haqda heç danışmazdı. Ümumiyyətlə, o, keçmişi haqda danışmağı sevməzdi, yalnız anasından və qızından bəhs edərdi. Bir qardaşının olduğunu, onun da kasıb vəziyyətdə yaşadığını deyərdi. O, içəridən qardaşına və anasına dolanışıq üçün pul göndərərdi. Xaqana döyüşçü dostları və kriminal aləmdə nüfuz sahibi olanlar çox böyük dəstək olurdu.

Xaqan sakit adam idi. Günün çox hissəsi qaşları düyünlü olardı. Oturuşunda, duruşunda, siqaret çəkməsində xüsusi bir əda hiss olunsa da, əslində, bu onun xarakterindən irəli gəlirdi. Fərqlənmək, seçilmək üçün bəzilərinin etdikləri jest yox idi onda. Təbii idi... Hücrədəkilər onun hörmətini saxlayır, ondan məsləhət alır, onunla hesablaşırdılar.

Ölümün gözünün içinə düz baxan

Çox vaxt dustaqlar domino oynayar, Xəqani isə çarpayının üst qatında uzanıb yuxarıdan oyunu izləyərdi.

Onunla tez isinişdik. Mənim maraqlarıma rəğmən heç nəyi gizlətmir və soruşduğum, öyrənmək istədiyim çox şeylərə aydınlıq gətirirdi. Ağır döyüş yolu keçmişdi və ölümün gözünün içinə düz baxmışdı.

Bir dəfə gəzinti zamanı Salyanlı Vüqar çəliyinin bir tayını saz kimi sinəsinə basıb aşıqsayağı gəzişmələr etdi. (Vüqara istintaq vaxtı işgəncələr verib qabırğasını və qıçlarını sındırmışdılar deyə, çəlikdə gəzirdi). Kefimiz kök idi. Və birdən Xəqani Bəhmən Vətənoğlunun dillər əzbəri olam “Lev çayının sahilində” şerini oxumağa başladı. İki bənddən sonra üzünü mənə tutdu:

- Şair, ardını gətir.

Və mən bədahətən deməyə başladım:

İmkan tapıb etsəz söhbət,
Tanıyarsız məni əlbət,
Hamınızı aşkar-xəlvət
Lev çayının sahilində...

Xəqani sanki dəyişmişdi, ürəkdən şənlənirdi. Gəzinti vaxtımız bitdikdə qapını açan nəzarətçinin ovcuna bir əlliminlik (indiki 10 manat, o zaman böyük pul sayılırdı) basdı:

- Uşaqlarla işin olmasın, qoy havalarını dəyişsinlər.

Bir saat da artıq qaldıq gəzinti odasında. Şeir isə hər kəsin xoşuna gəldi. Xəqanidən başqa hamı elə düşündü ki şeirin müəllifi doğrudan da belə yazıb. Amma müxtəlif bəndlərdə dostların adını çəkməyim onları duyuq saldı:

Bizim Vüqar meyid kimi
Elnur barsız söyüd kimi
Tutub sizi Seyid kimi
Lev çayının sahilində...

Seyidin günahı qarşı tərəfin razılığı ilə azyaşlı qadınla əlaqə qurmaq olmuşdi...

Çıxandan sonra canandan-zaddan yazacaq

Xəqani bu hadisədən sonra mənimlə dost olacaq qədər yaxınlaşdı. Domino oynayarkən ikimiz bir olardıq. “Komabat” ləqəbli Mikayıl adlı hərbiçi, “Deputat” ləqəbli Elçin Quliyev və digərləri bizi udmaq üçün çox çalışırdılar. Amma bu, heç də mümkün olmurdu. Hücrəmizdə mənim yazı adamı olmağıma da xüsusi hörmət vardı. Dustaq yoldaşlarım “haqqımızda yazarsanmı” soruşanda, “əlbəttə” deyərdim. Təkcə Elnur inanmazdı:

- Şair sözdür də deyir, çıxandan sonra canandan-zaddan yazacaq, biz heç yada da düşməyəcəyik.

Elnurun dediklərini heç kəs ciddiyə almırdı. Xəqani deyirdi:

- Elnur narkomandır, onun ətrafında həmişə pis niyyətli adamlar olub və yalan danışmaq da o tip insanların peşəsidir. Bu baxımdan da o sənə inanmır.

Belə hallarda Elnur incik halda:

- Qədeş, bu olmadı ki, mən səni çox istəyirəm və yalan danışmaram.

Sən Allaha “paçka” gəlirsən

Xəqani bir dəfə Elnura acıqla dedi:

- Ay yazıq, sən Allaha “paçka” gəlirsən, onu aldadırsan. Dərmandan atıb uyursan, namaz qılanda canamazın üstündə yuxu basır səni.

Elnur utanırmış kimi başını aşağa saldı.

- Utanmağın da yalandandır, - dedi Xəqani.

Bir neçə dəfə Elnur namaz zamanı alnı möhürdə yuxuya getmişdi. Uşaqlar hay-küy salıb oyatmaq istəyəndə Xəqani imkan verməmişdi:

- Dustağı yuxudan oyatmazlar, fikirli olarkən fikrini dağıtmazlar, bəlkə də o indi yuxuda, yaxud fikirli olarkən bayırda, doğmalarının yanındadır.

Mənim çoxlu lətifə bilməyim də dustaq yoldaşlarıma xoş idi. Uzun gecələri səhərə ancaq belə daşıyırdıq. Hər kəs özünün həyatını, macərasını danışardı həm də. Xəqanidən başqa. O, hər kəsin həyat hekayətinə qulaq asar və qısaca:

- Yaxşı qurtarıbsan, - deyərdi.

Bizim hücrədə olan Elnur və Vüqardan başqa hamı şərlənərək həbs olunduğuna inanırdı.

Peyinə görə həbs

Məsələn, batalyon komandiri mayor Mikayıl əsgərlərə qışa hazırlıq üçün peyindən gərmə hazırlatdırdığına görə bir valideynin şikayəti əsasında həbs olunmuşdu. Acınacaqlısı da o idi ki, peyini Vaqif Cabbarovun mal fermasından götürdüyünə görə daha bir cinayət işi əlavə olunmuşdu...

Xəqanin həbsinin səbəblərini isə heç kəs bilmirdi. Təkcə onu bilirdik ki, bu, onun ikinci həbsidir. O, bir dəfə həbs olunub və azadlığa çıxıb. Əslində, onun azadlığa çıxması qanuna zidd imiş. Bu haqda bir az sonra..

Bir dəfə girəvə tapıb ondan günahın nə olmasını soruşdum:

- Niyə tutulmusan?

Eləcə üzümə baxdı. Və dərindən köks ötürüb dedi:

- Hansını danışım? Birdir, ikidir?

Sonra da domino daşlarını stolun üstünə tökdü, qarışdırıb:

- Gəl oynayaq, vaxt tapıb danışarıq, - dedi.

Ziya Bünyadovun gorunu o qədər söymüşdüm ki...

Axşam yeməyindən sonra birdən üzümə baxıb dedi:

- Şair, Sən Ziya Bünyadovu tanıyırdın?

Deputat dilləndi:

- Xaqan, onu tanımayan var ki?

- Mən tanımırdım. Adını da eşitməmişdim. Onun gorunu o qədər söymüşdüm ki!

Hamı təəccübləndi. Elə bil üstümüzə su çiləndi. Mən:

- Xaqan, o Sovet İttifaqı Qəhrəmanı olub. Çox böyük tarixçi, akademik idi. Ermənilərə onun kimi tutarlı cavab verən hələ olmayıb. Heç kəsdən də qorxmurdu, həqiqəti deyərdi həmişə...

- Hə, çox sonralar bildim ki, o, yaxşı kişi olub. Bilirsən, məni onun ölümündə günahkar bildilər. Hər gün işgəncə verdilər ki, qətli boynuma alım, deyim, onu mən öldürmüşəm...

Diri də gətirmişəm, ölü də...

Sonra stəkana qaynar su töküb içdi. Xəqani heç zaman çay içməzdi, qaynadılmış dağ su içərdi. Suyu içib boğazını təmizlədi:

- Düzdür, mən adam öldürmüşəm, amma dinc adama güllə atmamışam. Mən düşmən öldürmüşəm. “Boz qurd” idim. İpə-sapa yatmamışam, gecəni durmuşam, iki nəfər yaxşı oğlan götürmüşəm, dağı aşmışam, səhərə qədər 2-3 ermənini diri, 3-4-nün başını, qulağını gətirmişəm. Amma yenə də mülkü ermənini yox, döyüşçüsünü, yaraqlısını. Şair, bilməzsən, mənə nələr yaşatdılar bizimkilər... Sonra da dedilər ki, guya Şəmsi Rəhimovun, Ziya Bünyadovun, daha nə bilim, kimin ölümündə əlim olub. Vicdansızlar... - dedi qaşlarını bir az da çatdı. - Nə oldu? Təsdiq edə bilmədilər, boynuma qoya bilmədilər.

Xaqani o gün səhərə qədər nağıl danışırmış kimi bizə öz hekayətini danışdı:

- Kəlbəcəri müdafiə edirdik. Vuruşurduq kişi kimi. “Kamaz” maşınım vardı, satdım, verdim silah-sursata, gecəmiz-gündüzümüz olmadı. Silahımız-sursatımız tükənəndə keçdim o tərəfə, bir dənə də “Kamaz” keçirtdim bu üzə, satdıq, verdik patrona. Məni bunda günahlandırdılar, şair, dedilər, oğurluq etmişəm...

Mənimlə olun: qızıma, gəlinimə dəyməyin

Bir dəfə gəldim bir evə, gördüm bizim döyüşçülər sərxoş halda evin gəlinini, qızını, bir də arvadını küncdə durmağa məcbur ediblər. Sataşmaq istəyirlər. O zaman dustaqları buraxmışdılar ki, gedin döyüşün, günahınızı yuyun. Bunlar da əsgər deyildi, həmin dustaqlardan idilər. Dəli oldum, dedim, siz nə edirsiz? Mənə məhəl qoymadılar. “Biz evimizdən, eşiyimizdən olmuşuq, bunları qoruyuruq, bunlar bizə halaldır”, - dedilər. Biri mənə dedi ki, çox danışma, yoxsa səni də...

Ana isə yalvarırdı ki, hər üçünüz mənimlə olun, qızıma, gəlinimə dəyməyin.

Dözmədim, şair, avtomatın bütün gülləsini boşaltdım bunların sinəsinə. Gecəynən də basdırdım. Mənim atışıma dostlarım gəldi, “bu nə atəş idi”, soruşdular. Dedim ki, mən filankəsləri öldürdüm.

Killer olmağı təklif etdilər

Yenə də susdu və siqaretini təzələdi:

- Mənim həbsimin bir səbəbi də budur. Şair, deyirsən, günahım nədir? Günahım o idi ki, yaxşı gün-güzəran qura bilərdim özümə, övladıma. Qurmadım. Sənin kimi şairlər demiş, öncə Vətən dedim. Pulum, varım, dövlətim olardı.. Olmadı. Rusiyadan qazandığım hər şeyi gülləyə dəyişdim, erməniyə atdım, qorxmadım. Mənə atəşkəs dövründə killer olmağı təklif etdilər. Bilirsən kimlər? Çiyinlərində ən azı polkovnik rütbəsinin ulduzlarını gəzdirənlər, nə bilim kimlər. Adını deyim? Demərəm, yazıqsan. Danışarsan, yazarsan, məhv edərlər səni. Razı olmadım, “yox” dedim. Dedim, mənə icazə verin, aşım dağları, keçim erməni tərəfə, kəsim doğrayım, öldürüm, partladım, amma öz millətimə güllə atmayım. Bax onda məni həbs elədilər.

Türmədə sevgi macərası

Xəqani sonra türmə həyatından danışdı:

- Pentensiar xidmətin rəisi vardı. General idi. Onun zamanında məni azadlığa buraxdılar. Adım isə türmədə gedirdi. Deyəcəksən, bu necə oldu? Danışım: Mənim bir yerlim vardı. Cavan oğlan idi, həbs olunmuşdu. Onu himayə etdim. Qoymadım toxunsunlar, incitsinlər. Zonda hər kəs mənimlə hesablaşırdı. O, anasına haqqımda danışmışdı. Anası mənə minnətdarlıq etmək üçün oğlu ilə görüşə gələndə məni də çağırtdırdı. Gözü düşmüşdü mənə. Qardaşları təsəvvür edə bilməyəcəyin vəzifənin və nüfuzun, var dövlətin sahibləri idi. Oğlunu çox keçmədi buraxdırdı. Sonra mənim üçün görüş aldı, mənə dərdini açdı, “sevirəm, mənim olmalısan”, dedi. Və beləcə məni günlərin bir günü azadlığa buraxdılar. Şəhərin ən böyük restoranlarından birini verdilər mənə, “işlət, dolan” dedilər. O qadın məni çox qısqanırdı. Evə gec gələndə şantaj etdirirdi, “tutduracam səni” deyirdi. Olurdu ki, qadınlara pul verirdi, göndərirdi yanıma. Məni yoxlayırdı. Qovurdum hamısını: müştəri kimi yeyib-içirdilər, görürdüm tamahları başqadır, rədd edirdim. Bilirdim ki, bunun işidir. Gəldim evə, basdım döydüm. Deyirdi, döy məni, vur, amma xəyanət eləmə. Mən isə doğurdan da onu dəyişmədim. Ancaq sonradan həmin məsələ təzədən qalxdı. Çox adamlar həbs olundu, məni də yenidən tutdular.

Balam necə qəşəng olmuşdu!

Şair, mən bilirsən özümə nəyi bağışlaya bilmirəm? İki ilə yaxın azadlıqda qaldım, Tərtərə gedib anamı, qızımı görmədim. Dedim, ev alaram, gətirərəm Bakıya. Qadın da qoymurdu gedəm. Həm də mənə xüsusi olaraq tapşırılmışdı ki, Bakını tərk etməyəm. Məhkəməmdə anamı gördüm, oturmuşdu. Qoca arvad, yanında da o qədər gözəl bir qız vardı ki! Ürəyim çırpındı, sinəmi parçaladı. Başını aşağı salmışdı. Birdən başını qaldırıb gözlərimə baxdı. Dizlərim qatlandı, titrədim, çökdüm yerə. Bu mənim qızım idi, İlahi, o nə qədər böyümüşdü! Düz 9 il idi görmürdüm onu. Mən tutulanda 6 yaşı vardı. Allah, balam necə qəşəng bala olmuşdu!

Xəqani danışmadı. Siqaret yandırdı. Tüstüsünü ciyərlərinə çəkdi. Xeyli susduq. Sonra yenə mənə üzünü tutdu:

- Şair, mən anama oğul, qızıma ata ola bilmədim. Amma çıxım burdan, onları xoşbəxt edəcəm. Şair, indi qızımın 19 yaşı var, heç istəmirəm mən içəridə olanda ərə getsin...

Faiq Balabəyli

axar.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR