• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

MTN-dən yeni əməliyyat: İrandan gələn qrup zərərsizləşdirildi

MTN-dən yeni əməliyyat: İrandan gələn qrup zərərsizləşdirildi

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən bir qrup şəxs tutulub.

MTN-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu cinayət başında yaxalanıblar. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd «Makarov» tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd «Naqan» tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr – heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı prosesində yeni xüsusatlar üzə çıxdığından, eləcə də Aftandil Mehdiyev, Zaur Mehdiyev, Rauf Mirzəyev və Namiq Həsənovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığını ehtimal etməyə imkan verən kifayət qədər əsaslar olduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş vətəndaşlardan MTN-nin ərazi orqanlarına müraciət etmələri xahiş olunur: Əlaqə telefonu: 405-99-99.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR