• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Publika.az paytaxtda qanunsuz ağac kəsimi faktını aşkarladı - FOTOLAR

Publika.az paytaxtda qanunsuz ağac kəsimi faktını aşkarladı - FOTOLAR

Bu gün günorta saatlarında paytaxtın Binəqədi rayonu ərazisində ağaclar qanunsuz kəsilib. Naməlum şəxslər bir neçə ağacı kökündən kəsiblər. Bununla bağlı faktı Publika.az aşkarlayıb. Belə ki, əməkdaşımız Ayna Sultanova heykəlinin arxasındakı parkın ərazisində müşahidə apararaq yaşıllıqların məhv edilməsinin şahidi olub. Yaşıllıqların məhv edilməsi prosesi ilə yanaşı, parkdakı bəzi ağacların da budaqları kəsilərək yerə atılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Ərşad Rəcəbov departamentin müfəttişlərinin ərazidə yoxlamalar həyata keçirdiyini bildirdi: “Biz departamentin müfəttişlərini foto-faktlarla bağlı əraziyə göndərmişik. Hal-hazırda araşdırmalar aparılır və orada ağac kəsimi faktı var. Bununla bağlı qanunamüvafiq tədbir görüləcək. Düzdür, ərazidə abadlıq işləri aparılır. Lakin ekspertizanın rəyi olmalıdır. Əgər ekspertizanın rəyi olmadan ağac kəsilibsə, qanun çərçivəsində tədbir görəcəyik”.

Aşkarladığımız faktla əlaqədar ərazidə araşdırmalar aparan Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin məsləhətçi müfəttişi Rafael Quliyev parkda aşkarladığımız faktla bağlı araşdırmaların aparıldığını dedi: “Hazırda bu ərazidə ağacların budanması gedir. Bir sıra ağacların əyri qanadları kəsilib və doğranıb. Baş verənlər nəzarətimizdədir, araşdırırıq. Ağac kəsimi faktı müəyyənləşdirilsə, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binəqədi Rayon Şöbəsi tərəfimizdən cərimə ediləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etdiyimiz foto-faktlarla tanış olduğunu deyən Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin məsləhətçi müfəttişi bildirdi ki, bununla bağlı araşdırmalar aparılır: “Bununla bağlı araşdırmalara başlanılıb və həmin proses sabah da davam etdiriləcək. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək”.

Mövzu ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə yaratmaq istəsək də, səylərimiz nəticəsiz qaldı.

Mövzunu davam etdirəcəyik.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR