Qırmızı.az
“Onlar getməsəydi, problemlər çıxacaqdı” - Azərbaycan “Krım”ı, yaxud Xraxobadan FOTOREPORAJ
Onlar bura 60 il öncə soyuq qış səhərində dağlardan gəlmişdilər. Yazı gözləyirdilər, qayıdacaqdılar. Yaz gəldi, onlarsa getmədi, qış səhərində özlərinə məskən etdikləri bu torpaqları son mənzilə çevirdilər. Bu torpaqlarda onlara heç kim güldən ağır söz demədi, süfrələrin başına dəvət edildilər və hər şey düz 56 il beləcə davam etdi. Çoxları bu torpaqlarda son mənzilə yola salındı, çoxları buralarda doğuldu və yarım əsr sonra öz istəkləri ilə gəldikləri yerə döndülər.
Mən 60 il sonra bu torpaqlara ayaq basanda qış deyildi, amma
səhərin soyuğu insanın iliyinə qədər işləyirdi. Sovetlərdən qalma
evlər artıq istifadə müddətini başa vurmaqda idi, bir neçəsi
yenidən bərpa olunmuşdu, daha doğrusu buna cəhd edilmişdi. Lakin
burda daha heç kim yaşamır, Sovet arxitekturasının son qalıqları
tərk edilib. Hər şey sanki yenidən 60 il öncəyə qayıdıb...
... 60 il öncə, 1954-cü il: Dövrün ən böyük diktatoru İosif Stalinin ili yenicə çıxmışdı. Nikita Xruşov üçün “dahi rəhbərinin” matəmi heç də maraqlı deyildi. O, Əlinin papağını Vəlinin, Vəlininkini Əlinin başına qoymaqla məşğul idi. Beləliklə, 60 il öncə Azərbaycan üçün XXI əsrdə yarana biləcək problemin əsası qoyuldu. Bu, həmin il idi ki, Xruşov Krımı Ukraynaya verdi və illər sonra az qala bütün dünyanı yerindən oynadan münaqişəyə səbəb oldu.
Həmin il SSRİ Nazirlər Kabineti Azərbaycanın tərkibindəki
Xraxoba kəndini Dağıstana otlaq sahəsi olaraq icarəyə verdi.
Sovetlər Birliyi üçün bu o qədər də təəccüblü deyildi. Hər kəs
“qardaş” deyildimi?
Azərbaycanın “papağı” başqasının başına qoyuldu və gələcəkdə ölkə
daxilində başqa dövlətin “anklav” zonasının yaradılmasına zəmin
hazırlandı.
... Xaçmazın 10 kilometrliyində yerləşən keçmiş “Xraxoba”
kəndinin girişində bizi ilk qarşılayan Palıdlı yazılan plakat idi.
Ötən ilin dekabrında Milli Məclisin qərarı ilə kəndin adı
dəyişdirilmişdi. Kəndin içinə doğru irəlilədikcə burda təkcə adın
deyil, çox şeyin özümüzəməxsus formada qurulduğunun şahidi olurduq.
Səliqəli şəkildə sıra ilə düzülmüş göy mansardlı, qırmızı fasadlı
evlər, bölgədə ən müasir məktəb binası kiçik şəhərciyi
xatırladır.
“Gələcəkdə gördüyünüz bu ərazilərdə eyni formalı evlər tikiləcək və
kiçik şəhərcik salınacaq”, - deyə bizi qarşılayan kəndin ağsaqqalı
Mahir Quliyev deyir.
Onun sözlərinə görə, yeni salınmış kənddə 26 ev var: “Onlardan
23-ü doludur və əsasən gənc ailələr yaşayır. Burda ölkənin müxtəlif
yerlərindən – Tovuz, Quba, Qusar, Naxçıvan Muxtar Respublikasının
Culfa, Şərur rayonlarından olan gənc ailələr yaşayırlar.
Əksəriyyəti bu evlərin tikilməsində birbaşa iştirak edən
insanlardır”.
M. Quliyev kənd üçün bütün şəraitin yaradıldığını deyir və
bir-bir göstərir. Bura qaz, su xətti çəkilib, evlərə istilik
sistemi quraşdırılıb.
“İnzibati binada poçt, sahə polisi, tibbi məntəqə, digər iaşə
obyektləri üçün yer ayrılıb. Qarşıdakı dönəmdə uşaq bağçası, eyni
zamanda, iş yerləri açılacaq. Bu ərazilərin hamısı yenidən tikilib
qurulacaq”, - deyə o bildirib.
Kəndin məktəbi də öz xüsusiliyi ilə seçilir. Heydər Əliyev
Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində
inşa olunan ikimərtəbəli binada kompüter otağı, fənn kabinələri,
kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və
dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb.
Təhsil ocağını istilik və elektrik enerjisi ilə təmin etmək üçün
qazanxana və transformator yarımstansiyası qurulub. Məktəbdə
Palıdlı kəndinin şagirdləri ilə yanaşı, ətrafda yerləşən 5 kəndin
də şagirdləri təhsil alır. Ətraf kəndlərdən şagirdlərin məktəbə
rahat şəkildə gəlməsi üçün Heydər Əliyev Fondu tərəfindən
mikroavtobus da verilib.
Kənd sakini Zamin Həsənoğlu ümumi yaşayışından razılığını
bildirir. Onun sözlərinə görə, bu kənddə yaşamaq üçün bütün şərait
yaradılıb.
“Bu evlər dövlət tərəfindən tikilərək gənc ailələrə pulsuz
olaraq verildi. Rusiya vətəndaşlarının boş qalmış evlərinin yerində
də eyni tipli evlər tikərək əlavə məskunlaşdırmalar olacaq”, - deyə
Mahir Quliyev bildirir.
O, “ruslar çox şey itirdi, amma getmələri yaxşı oldu.
Qalsaydılar, çox problemlər çıxacaqdı” deyə qeyd edir.
M. Quliyevin sözlərinə görə, Azərbaycan vətəndaşlığını qəbul
etməyən Xraxobanın keçmiş sakinlərinin evləri dövlət tərəfindən
yüksək məbləğə qanuni şəkildə satın alınıb: “O evlərin çoxunun
istifadə müddəti bitib. Lakin dövlət gedənlərin razı qalması üçün
hər birinə 50-60 min manat arası pul ödəyərək notarial qaydada
satın aldı”.
Bu ərazilərin 60 il öncə Dağıstana icarəyə verilməsi müddəti
2004-cü ildə başa çatdı. Bura köçən ruslar yaşadıqları müddətdə
Rusiya qanunlarına tabe olur, öz dillərində təhsil alırdılar.
Azərbaycan dövləti onlar üçün çox yaxşı şərait yaratmışdı. 2004-cü
ildə isə Azərbaycan vətəndaşlığını qəbul etmələri üçün təklif irəli
sürüldü. Lakin razılaşmadılar. Getmək də istəmirdilər. Rusiya
vətəndaşı olaraq bu torpaqlarda yaşayır və buranı öz əraziləri
hesab edirdilər.
Xraxobanın keçmiş sakinləri ilə aparılan danışıqlarda ictimai
təşkilat nümayəndəsi olaraq iştirak edən Müqəddəs Mehtiyev hesab
edir ki, Prezident İlham Əliyev bu problemi məharətlə həll etdi.
Onun sözlərinə görə, Xraxobanın keçmiş sakinləri onlara edilən
təklifləri qəbul etmədi: “Onlar nə vətəndaşlığı qəbul edirdilər, nə
də 3 aydan bir sərhədi keçib geri dönməyi. Azərbaycanın Xaçmaz
rayonunun kiçik bir hissəsində başqa dövlətin bayrağının
dalğalanması beynəlxalq hüquq baxımından da normal
qarşılanmamılıdır. Mən onlarla danışıqda iştirak etmişəm.
Azərbaycanın yüksək səviyyəli rəsmiləri bu görüşlərdə iştirak edib.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də iki dəfə orda
olub. Rəsmi Bakı onlara vətəndaşlıq təklif edirdi. Sosial
problemlərin tezliklə həll olunacağı vəd edilirdi. Lakin onlar
razılaşmadılar. İndi Palıdlıda yaradılan şərait onlar üçün
yaradılacaqdı”.
Xraxoba sakinləri getməyi seçdilər. Lakin onlar gedərkən geridə
qoyduqlarına, onlara 56 il qucaq açmış bir ölkəyə münasibətdə heç
də xoş davranmadılar. Bu gün Dağıstanda “Xraxoba Birliyi” adlı
ictimai təşkilat yaradıblar və Azərbaycandan deportasiya
olunduqlarını iddia edirlər.
“Onlara dəstək verən Rusiyada Federal Ləzgi Milli-Mədəni
Muxtariyyətinin rəhbəri Arif Kərimovdur. Onun vasitəsilə müxtəlif
beynəlxalq təşkilatlara Azərbaycandan deportasiya olunduqları
iddialarını çatdırmağa cəhdlər edirlər”, - deyə M. Mehtiyev
bildirir.
Arif Kərimov: Əslən Oğuzdan olan ləzgidir. Hazırda
Rusiyada Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəridir. O,
Azərbaycana qarşı daim ərazi iddiaları ilə çıxış edir. Bu
fəaliyyəti beynəlxalq təşkilatlarda da aparmağa cəhdlər
edib.
M. Mehtiyev xraxobalıların gedişinin maraqlı tərəflərinə
toxunub: “Vaxtilə bu kənddə Rusiyanın seçki məntəqəsinin
yaradılmasını istəyirdilər. Onda biz etiraz etdik və onları səs
vermək üçün Dağıstana qədər müşayiət edəcəyimizi dedik. Avtobuslar
təşkil etdik və sərhədə qədər apardıq. Bu işdə Rusiya nümayəndələri
də iştirak edirdi. Həmin vaxt sərhəddə onlardan istifadə edən
separatçıların hansı cəhdlər etdiklərinin şahidi olmuşam. Bu cür
informasiyaları mətbuata çıxarmağın tərəfdarı deyildik. Lakin indi
problem həll olunub və danışmaq olar. Onların gedişi də maraqlı
idi. Vətəndaşlıq təklif olunur, lakin evləri, torpaq sahələri,
qohumluq əlaqələri olmasına baxmayaraq, qəbul etmirdilər.
Dağıstandakı etnik separatçılar burada qarşıdurma yaratmaq
istəyirdilər. Həmçinin, kənar qüvvələr də bu kartdan istifadə edə
bilərdilər. Hər-halda buna cəhdlər olurdu”.
2010-cu il. Bu torpaqların xraxobalılara icarəyə verilmə
vaxtının bitməsindən 6 il keçirdi, lakin problem həll
olunmamışdı.
Nəhayət, həmin ilin sentyabr ayında Prezidenti İlham Əliyevlə
Rusiyanın o vaxt prezidenti Dmitri Medvedev arasında görüş
keçirildi və bu kənd, eləcə də Ulyanova kəndi Azərbaycanın ərazisi
olaraq qəbul edildi. Əhaliyə getmək və qalmaq arasında iki unikal
təklif olundu. Onlar getməyi seçdilər.
M. Mehtiyev İlham Əliyevin bu problemi məharətlə çözdüyünü
deyir. Onun sözlərinə görə, indiki vəziyyət, yaxud Rusiyanın indiki
rəhbərliyi olsaydı, bu mümkün olmayacaqdı: “Həmin vaxt Medvedev
prezident idi. Putin prezident olsaydı, bu, çətin olacaqdı.
Həmçinin Medvedevlə Putinin arasında incə toqquşmalar yaşanırdı.
İlham Əliyev situasiyadan məharətlə istifadə edərək problemi həll
etdi”.
Artıq problem geridə qalıb. Xroxobadan ayrılarkən ümumi mənzərə
fonunda gedənlərin çox şey itirdiyinin əyani şahidi oluruq. Lakin
Mahir Quliyevin “ruslar çox şey itirdi, amma getmələri yaxşı oldu.
Qalsaydılar, çox problemlər çıxacaqdı” sözləri qulaqlarımdadır. Bu
ağsaçlı kişinin siyasətdən uzaq, səmimi söylədiyi bu fikirlər
mənzərəni izah edir.
Və 60 il öncə Xruşovun təməlini atdığı problem Azərbaycan üçün
yaşanmamış bitdi. SSRİ-nin ayaqqabısı ilə dünyanı hədələyən bu
balaca qəhrəmanının (Xruşov BMT tribunasında ayaqqabısını çıxararaq
dabanı ilə tribunaya vuraraq, dünyanı hədələmişdi) incə ilmələrlə
toxuduğu Krım düyünü Azərbaycan üçün də yaşana bilərdi. Hər halda,
bunun yaşanmayacağına heç kim zəmanət verə bilməzdi. Lakin onlara
bu imkan verilmədi.
Asif Nərimanlı
Bakı – Palıdlı - Bakı
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."