“Kamal Abdullanın əsəri üçün müraciət etməmişik“
Bizi izləyin

Qırmızı.az

“Kamal Abdullanın əsəri üçün müraciət etməmişik“

Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın "Nobel" mükafatına namizədliyinin qeydiyyata alınması üçün müraciəti Beynəlxalq Nobel İnformasiya Mərkəzinin Qafqaz və Orta Asıya ölkələri üzrə Azərbaycandakı səlahiyyətli nümayəndəliyi etməyib.


Publika.Az-a açıqlamasında Beynəlxalq Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü, Qafqaz və Orta Asıya ölkələri üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov Kamal Abdullanın əsərinin namizədliyinin qeydə alınması xəbərini ilk dəfə bizdən eşitdiyini, buna sevindiyini bildirdi: "Mənim bundan xəbərim yoxdur. Çünki Kamal Abdullanın əsərinin "Nobel" mükafatına namizədliyinin qeydə alınması üçün müraciəti biz etməmişik. Çox güman ki, bu müraciəti Orxan Pamuk edib. Onun Nobel mükafatçısı kimi bu müraciətə səlahiyyəti çatır. Amma bu təqdimat "Nobel" Komissiyasına bizim tərəfdən də edilə bilərdi. Bunun üçün isə gərək bizə bu barədə ədəbiyyatcılar müraciət edərdi".

Bəybala Ələsgərov deyir ki, Azərbaycandan Nobel Komissiyasına müraciət etməzdən əvvəl onların özünə müraciət olmalıdır: "Bizə hər hansı əsər, alim barədə müraciət ediləndə biz onun əsərlərini həmin sahə üzrə ekspertlərə göndəririk. Onlar onun Nobelə namizədliyini dəstəkləyirlərsə müsbət rəy veririlər. Həmin rəydən sonra göndərəcəyimiz əsəri, alimin elmi məqaləsini rus, ingilis dillərinə tərcümə edərək kəşflərini də həmin materiallara tikib Nobel Komissiyasına göndəririk. Əgər namizədliyi qeydə alınırsa bu barədə bizə məktub gəlir".

Kamal Abdulla Publika.Az-a acıqlamasında bildirmişdi ki, Azərbaycandan indiyədək nüfuzlu ödüllə bağlı 5 müxtəlif müraciət edilib..

Bəybala Ələsgərov təmsil etdiyi nümayəndəliyin indiyədək ədəbiyyat sahəsində Nobel Komissiyasına müraciət göndərmədiyini bildirdi: "Biz fizika, bir də fizioloji biologiya sahəsində Nobel Komissiyasına müraciətlər göndərmişik. Onlar Ülvi Axundov, Telman Əliyev, Nemət Qasımov, Ofelya Bakarovanın işləri olub. Amma ədəbiyyat sahəsindən müraciət etməmişik. Başqa ünvandan müraciət olunubsa bundan xəbərim yoxdur".

Bu günlərdə tanınmış yazıçı Kamal Abdullanın Nobel Komissiyasına təqdim edilən trilogiya tipli "Sehrbazlar dərəsi", "Yarımçıq əlyazma" və "Unutmağa kimsə yox" əsərləri "Nobel" mükafatına namizəd kimi qeydə alınıb.

Zülfiyyə Telmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm