Azərbaycan-İsrail münasibətləri: düşmənimin düşməni dostumdur...
Bizi izləyin

Qırmızı.az

Azərbaycan-İsrail münasibətləri: düşmənimin düşməni dostumdur...

İsrailin "Polosa" nəşri "Kimin əleyhinə dostluq eləyək?" sərlövhəli məqalə yayınlayıb. Vladimir Yankeleviç imzalı müəllif Azərbaycanın İsrailin beynəlxalq aləmdən təcridi barədə təsəvvürləri pozduğunu isbat etməyə çalışıb. Burada İsraillə Azərbaycanın pozitiv münasibətləri, buna qısqanclıqla yanaşanların hədələri faktlarla göstərilib. Yazının azərbaycanlı oxucu üçün də maraqlı olacağını nəzərə alaraq, onu ixtisarla dərc edirik:


"Bir neçə il əvvəl bir jurnalist "nəyi informasiya saymaq olar" sualının cavabını mənə izah edirdi: "Məsələn, əgər körpü tikilibsə, bu, informasiya deyil. Amma əgər tikiləndən sonra körpü uçubsa, bu, əsl informasiyadır". Bəlkə ona görə "İsrailin beynəlxalq aləmdən təcridi" məsələsi indi bu ölkədə bu qədər populyardır? Bu barədə danışmaq asandır, çünki reallıqda pessimist iddialar üçün müəyyən əsaslar var. Misir və Türkiyə İsraillə münasibətləri korlayıb, İordaniya da nəsə çəp-çəp baxır, xüsusən də ərəblərin guya, yaratmaq istədikləri Fələstin dövlətinin elə İordaniya olduğunu yada salanda. Lakin İsrailin "beynəlxalq təcrid" mənzərəsini Azərbaycan korlayır. Söhbət nədən gedir? Əlbəttə ki, Azərbaycanda həmişə yəhudilərə dostcasına yanaşılmasını, respublikada heç vaxt antisemitizm olmamasını Bakıda doğulub-böyümüş bir adam kimi, dəqiq bilirəm. Lakin hər şey bununla məhdudlaşmır. Azərbaycan İsrail kimi, Avropayla Asiyanın kəsişməsindədir və eynilə yaxın qonşuları tərəfindən təzyiqə məruz qalır. Cənubda bu, Türkiyəylə İran, Şərqdə düşmən Ermənistan, şimalda Rusiyadır. Lakin məhz Azərbaycanın coğrafi vəziyyəti İsrailin onunla əməkdaşlıq üçün strateji marağını formalaşdırır. İsrail Azərbaycanı İranla qarşıdurmada əsas dövlətlərdən biri sayır. Burda söhbət təkcə 600 kilometrlik İran-Azərbaycan sərhədindən yox, həmçinin, İranda 30 milyon azərbaycanlının yaşamasından gedir.

İsrail-Azərbaycan əlaqələrinin başlanğıcında hərbi aspektlər yox idi. Məsələn, 2003-cü ildə İsrail tərəfindən Bakıda "Maşav" proqramı çərçivəsində yoxsul vətəndaşlara oftalmoloji yardım göstərilməsi həyata keçirildi. İki həftə ərzində İsrailli cərrahlar 19 əməliyyat və 150 konsultasiya keçirdilər. Yardım çadır şəhərciyində yaşayan qaçqın və məcburi köçkünlərə də göstərildi. Xeyriyyə əməliyyatlarının və konsultasiyalarının keçirildiyi "Caspian Compassion Project" oftalmoloji klinikasına İsrailli həkimlər 10 min dollar həcmində tibbi avadanlıq və dərman verdilər. Lakin bu gün təəssüf ki, İsrail-Azərbaycan əlaqələri daha çox İran təhlükəsi ilə müəyyən olunur. Azərbaycanın iri müdafiə ehtiyacları əsasən ödənilməyib, ölkənin müasir hərbi texnologiyalara və ordusunun müasirləşdirilməsinə ehtiyacı var. Bu problem Dağlıq Qarabağ münaqişəsinə görə silah-sursat alınmasına qoyulmuş məhdudiyyətlərlə bağlıdır. Bu məhdudiyyətlər təkcə ABŞ və Avropa ölkələri yox, həmçinin Rusiya, Belarus və Ukrayna tərəfindən də tətbiq olunur. Yüksək səviyyəli hərbi sənayeyə malik İsrail ideal tərəfdaşdır. Bu tərəfdaşlıq sayəsində Azərbaycan yeni səviyyəli silahlara çıxış əldə edib. Hərbi əməkdaşlığın əsası 2004-cü ildə qoyulub. O vaxt Azərbaycan Türkiyədə istehsal olunmuş İsrail silahlarını almağa başlayıb. 2008-ci ilin sentyabrında "Soltam" şirkəti Azərbaycan ordusuna minomyot və sursat satmaq üçün müqavilə imzalayıb. Hərbi təyinatla elektron aparatura istehsal edən "Tadiran Communications" Azərbaycana rabitə qurğuları, silah sistemləri, sursat və raket istehsal edən "Israel Military Industries" (IMI) isə geniş spektrdə raket və hədəfi müəyyən etmə sistemləri satmağa başladılar. Bu müqavilənin qiymətli yüz milyonlarla dollarla ölçülür. Azərbaycan artıq IMI-dən 122-300 mm-lik raketlərlə atəş açan "Lynx" müasir reaktiv yaylım atəşi sistemini alıb. 2011-ci ilin yazında Azərbaycan Müdafiə Nazirliyi və İsrailin "Aeronautics Defense Systems" şirkətinin birgə "Azad Systems" şirkəti Azərbaycanda "Aerostar" və "Orbiter" pilotsuz

təyyarələrini istehsal etməyə başlayıb və 2012-ci ilin sonunadək Azərbaycan silahlı qüvvələrinə 60 pilotsuz təyyarə verəcək. Azərbaycan İsraildən əvvəllər də bu tipli təyyarələr alıb. Azərbaycan təbii ki, İsraildən alınmış yüksək texnologiyanın əsasında özünün silah sənayesini yaratmaqda maraqlıdır. Belə ki, 2009-cu ildə Azərbaycan və İsrailin "Elbit Systems" şirkəti müştərək "Elbit Systems of Azerbaijan" şirkətini yaradıb. Şirkətdə Azərbaycanın payı 51 %-dir. "Elta Systems Ltd" şirkəti isə Azərbaycanla peyklər sisteminin yaradılması sahəsində əməkdaşlıq edəcək.

2012-ci il fevralın 26-da "The Washington Post" "Israel Aerospace Industries"in Azərbaycanla 1,6 milyard dollarlıq müqavilə imzaladığını yazıb. İsrail şirkəti Azərbaycana müasir silahlar və hərbi texnologiya satacaq. Bunların arasında pilotsuz təyyarələr, peyk sistemləri və yüksək dəqiq raket sistemləri var. Lakin İsrail üçün işin ən maraqlı tərəfi İranla sərhəddə "Oren Yarok" radarlarının yerləşdirilməsi olacaq. Bu müqavilənin İranın raket sistemlərinin izlənməsi üçün nə dərəcədə qiymətli olduğunu demək yersizdir. Bu yaxınlarda Azərbaycan İsraildən POMİNS-2 uzaqdan minanın zərərsizləşdirilməsi sistemlərini alıb. Sistem ərazini istənilən tipli piyada əleyhinə minalardan, həmçinin, simli maneələrdən təmizləyir. Sadalanan nümunələr hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığın bütün aspektlərini əhatə etmir, lakin bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini güman etməyə imkan verir. "London Times" 2012-ci il fevralın 11-də dərc olunmuş "Casus casusa qarşı" məqaləsində yazır ki, "bu günkü Bakı Birinci dünya müharibəsindəki Norveçə və ya İkinci dünya müharibəsindəki Kasablankaya bənzəyir. Bəli, məhz elə bura casusluğun mərkəzidir". Bu, Azərbaycan əhalisinin 16%-nin İranda qohumlarının olması ilə bağlıdır. Onlar vizasız rejimdən istifadə edərək sərbəst surətdə İrana və əks istiqamətə keçirlər. Bu axına nəzarət etmək praktiki olaraq mümkün deyil, lakin "London Times"ın məlumatına görə, onlar külli miqdarda kəşfiyyat xarakterli məlumat daşıyırlar. Azərbaycanın iri hərbi aksiyaların keçirilməsi üçün istifadə olunacağı ehtimalı azdır, lakin ölkənin kəşfiyyat xarakterli məlumatın toplanmasındakı rolu əvəzedilməz ola bilər. Bakı özü də İran barəsində müstəqil preventiv tədbirlər görür. Fevral ayında Bakının islam mühafizəkarlığı ilə məşhur olan Nardaran qəsəbəsində, hüquq-mühafizə orqanları Bakının İsraillə əlaqələrini tənqid edən yeganə siyasi təşkilat olan İslam partiyasının 15-dən çox üzvü həbs olunub. Bu həbslər onu göstərir ki, prezident İlham Əliyevin hökuməti İranın Azərbaycandakı təsir mənbələrini neytrallaşdırır.

İranın Bakıdakı səfirliyi son həbsləri qınayıb və bu addımların Tehranla münasibətləri korlaya biləcəyini bəyan edib. Lakin çox çətin vəziyyətdə olan Azərbaycan çoxdan öz diplomatik kartlarından ehtiyatla istifadə etməyi öyrənib. İsraillə 1,6 milyardlıq müqavilə barədə məlumatı Tehran çox narahatlıqla qəbul edib. Azərbaycanın Tehrandakı səfiri izahat üçün İran XİN-ə çağırılıb. Onun silahın İrana qarşı istifadə olunmayacağı barədə bəyanatı İranı inandırmayıb. Martın 12-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Tehrana dəvət olunub. Nazir bir daha İran tərəfini inandırmağa çalışıb: "Azərbaycan heç vaxt dost və qardaş ölkəmiz olan İrana zərbə endirmək üçün hansısa ölkəyə özünün quru və hava ərazisindən istifadə etməyə imkan verməz". Əhmədinecat isə qeyd edib ki, düşmənlərin iki ölkənin əlaqələrinə təsir etməsinə imkan verməmək üçün ehtiyatlı olmaq lazımdır: "Əlbəttə, həll oluna biləcək kiçik problemlər var, ondan sonra ikitərəfli əlaqələrin səviyyəsi yaxşılaşacaq". Daha öncə fevralın 12-də Azərbaycanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona iranlı nüvə aliminin qətlinə Azərbaycanın da dəxli olması barədə etiraz notası təqdim olunub. "Son aylarda Tehranda nüvə alimlərini qətlə yetirən terrorçular Azərbaycandan platsdarm kimi istifadə edirlər. "Mossad" əməkdaşları Azərbaycanda iranlı nüvə alimlərinin aradan götürülməsi planlarını hazırlayırlar". Bu cümlələr həmin notada yer alıb. Bundan əlavə notada Azərbaycan KİV-də sistematik antiiran təbliğatının aparılması və İran təşkilatlarının Azərbaycanda rastlaşdığı problemlərdən söz açılır. Bakı bu iddiaları təkzib edib, onları yalan, şər və böhtan adlandırıb. 2012-ci ilin əvvəlində Bakı və Tehran bir-birinə 3 etiraz notası təqdim edib və bir-birlərini müxtəlif qeyri-dost hərəkətlərində günahlandırıb. Bütün bunlar Azərbaycan-İran münasibətlərinin mənfi dinamikasını göstərir. Fevralın 21-də Tehran deyəsən, va-bank gedib: Bakının bəyanatına görə, Astara şəhəri istiqamətində İran helikopteri Azərbaycanın hava sərhədini pozub.

Tehran son illərdə Bakını İsraillə əlaqələrə görə daima tənqid edir. "Hizbullah"ın Təbrizdəki lideri Ruhulla Becani İsraillə əməkdaşlığın davam etdirəcəyi təqdirdə Tehrandakı Azərbaycan səfirliyini Britaniya səfirliyinin aqibətinin gözlədiyini bəyan edib. "İlk addım baş nazir Netanyahunun casus idarəsinə çevrilmiş Azərbaycanın Təbrizdəki baş konsulluğuna qarşı atılacaq" deyə Becani bildirib. İsrailli iranşünas doktor Vladimir Mesamed qeyd edir ki, İranla Azərbaycanın münasibətləri həmişə gərgin olub, sadəcə, əvvəllər bu barədə heç nə demirdilər. İki ölkə arasında köhnə ərazi mübahisəsi var, hər iki ölkə "öz torpağını" qaytarmaq istəyir. Bakı Tehranın ölkədəki azərbaycanlılara münasibətindən narazıdır, xüsusən də onların mədəniyyət və dil baxımından sıxışdırılmasından. Tehran isə islam inqilabını ixrac etmək istədiyi Azərbaycanın dünyəviliyindən. Molla rejimi milyonlarla azərbaycanlının məcburi assimilyasiyası siyasətini həyata keçirir, Azərbaycan ərazisindəki islamçıları fəal surətdə dəstəkləyir, Azərbaycanın düşməni Ermənistanla sıx əməkdaşlıq edir.

Tehran Azərbaycanla daha sıx münasibətlərdə olan Türkiyəni də "səfərbər" etməyə məcbur olub. Ərdoğanın antiisrail bəyanatlarını nəzərə alsaq, bu barədə ayrıca danışmaq lazımdır. İlk növbədə qeyd etmək lazımdır ki, Türkiyə və Azərbaycanın keçmiş dost münasibətlərindən çox şey qalmayıb, Ankara və Bakının münasibətləri xeyli soyuyub. Səbəblərdən biri Türkiyə rəhbərliyinin antiisrail mövqeyidir. Maraqlıdır ki, İlham Əliyev prezident kimi Türkiyəyə ilk səfərini yalnız Qərbi Avropa və MDB-yə səfərlərdən sonra edib. Türkiyə ilə münasibətlərə mənfi təsir göstərən faktorlardan biri Ermənistan-Türkiyə sərhədinin açılması məsələsidir. Ankara üçün də Azərbaycan-İsrail münasibətləri əlavə narahatlıq amilidir. Buna baxmayaraq, Türkiyə Azərbaycan üçün NATO ilə münasibətlərdə vacib ölkə olaraq qalır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə əməkdaşlığa dair xeyli sənəd imzalanıb. Ankara və Bakını Bakı – Tiflis – Ceyhan və Bakı–Tiflis–Ərzurum boru kəmərləri layihələrinin həyata keçirilməsi ilə bağlı uzunmüddətli geosiyasi planlar da bağlayır. Azərbaycan və İsrail arasındakı iqtisadi və hərbi əlaqələr hər iki ölkə üçün o dərəcədə əhəmiyyətlidir ki, bu əlaqələri uzunmüddətli regional faktor saymaq üçün bütün əsaslar var".

Ülkər Abdullayeva
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm