• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Zərdüşt Əlizadə: “Bu, Allahlıq eləmək üçün yürüdülən siyasətdir“

Zərdüşt Əlizadə: “Bu, Allahlıq eləmək üçün yürüdülən siyasətdir“

"ABŞ-ın Asiya və Yaxın Şərqdə yeni raketdən müdafiə sistemləri yaratmaq barədə qərarı bu ölkələrə hərbi təsir imkanlarını artırmaq məqsədi güdür".


Bu fikirləri Publika.Az-a politoloq Zərdüşt Əlizadə söyləyib:

"ABŞ kimdən müdafiə olunacaq? Rusiyadanmı? Rusiyanın Ermənistanda rəsmi bazası var, Abxaziya və Cənubi Osetiyada, eləcə də Dnestryanıda qeyri-rəsmi bazaları var. Qırğızıstan və Tacikistandakı bazalarını da saysaq, Rusiya Federasiyasının 6, ABŞ-ın isə 67 ölkədə bazası var. Amerikanın hərbi xərcləri istənilən dövlətin hərbi xərclərindən çoxdur. Hətta Çinin xərcləri belə ABŞ-ınkından 10 dəfə azdır. ABŞ kimdən müdafiə olunacaq, anlamıram".

Zərdüşt Əlizadənin sözlərinə görə, bu, sadəcə o deməkdir ki, ABŞ öz təsir dayaqlarını uydurma “raketdən müdafiə sistemləri” bəhanəsi ilə bütün Asiya ölkələrində yaymaq istəyir: "Əgər raket hücumu təhlükəsini azaltmaq istəyirlərsə, gərginlik azaldılmalıdır, gərginliyi doğuran və mübahisə yaradan məsələləri həll etmək lazımdır. Regionda kasıblığı, yoxsulluğu, ədalətsizliyi azaltmaq lazımdır".

Politoloq nüvə təhlükəsizliyi ilə bağlı Koreyada sammitin keçirilməsi məsələsinə də toxunub:

"Bu sammit İrana qarşı aparılan təbliğat müharibəsində atılan növbəti addımdır. Onun əməli nəticələri sıfıra bərabərdir, amma informasiya müharibəsində İranı qaralamaq üçün mühüm addım sayıla bilər. İctimaiyyətdə belə bir təsəvvür yaradılır ki, guya doğrudan da bir nüvə təhlükəsi var".

O vurğulayıb ki, ABŞ-ın xarici siyasətinin strategiyası gün kimi aydındır:

"SSRİ dağıldıqdan sonra, ABŞ öz siyasətini rahat həyata keçirmək üçün münasib mexanizm yaratmağa çalışır. Onun təkliyini qəbul etməyən İran, Kuba və Venesuela kimi ölkələrə təzyiqlər göstərməyə, siyasi sistem və rejimlərə dəyişdirməyə çalışmaqla, ABŞ özünün dünyadakı hegemonluğunu təmin etmək niyyətindədir. Bu, dünyada Allahlıq etmək üçün yeridilən siyasətdir. Həmçinin ABŞ, Rusiya və digər ölkələrdə Qərb şirkətlərinin əngəlsiz fəaliyyətinin təminatçısı kimi çıxış edir".

Rüfət Əhmədzadə
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR