• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Qarabağ məsələsində Türkiyə ilə Rusiya razılaşa bilər”

“Qarabağ məsələsində Türkiyə ilə Rusiya razılaşa bilər”

Bu barədə Publika.Az-a açıqlamasında “Atlas” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib: “Hazırda Azərbaycan üçün ən önəmli məsələ Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsidir. Son günlərdə ATƏT-in Minsk Qrupunun səmərəsiz fəaliyyətinin 20-ci ildönümü tamamlandıqdan sonra iki maraqlı məqam diqqəti çəkdi. Əvvəla, Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında ATƏT-in Minsk Qrupunda Fransanı Avropa Birliyinin (AB) əvəz etməsini nəzərdə tutan sənəd qəbul olundu. Avropa Parlamenti və AB-nin digər üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, fikrimcə, Minsk Qrupunun fəaliyyətində də dönüş yarada bilər. Digər məqam isə Türkiyənin fəallaşmasıdır. Türkiyənin Avropa məsələləri üzrə naziri Egemen Bağış bir açıqlama vermişdi ki, Minsk Qrupu 20 ildir fəaliyyət göstərir və bir nəticə yoxdur, qoy çəkilsinlər kənara, bu işi başqaları görsün”.


Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə Qarabağla bağlı fikir mübadiləsinə də toxunan politoloq Türkiyə tərəfinin müvafiq təşəbbüslə çıxış etməsini müsbət dəyərləndirib: “Türkiyə Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyişlərə nail ola bilər və ABŞ-ın da bu təşəbbüsü dəstəkləyəcəyi gözləniləndir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, onun irəli sürəcəyi təkliflər Azərbaycanın maraqlarına uyğun gələ bilər. Təbii ki, Azərbaycan üçün öndə duran məsələ problemin ərazi bütövlüyü çərçivəsində həllidir. Eyni zamanda nəzərə alsaq ki, dünyadakı erməni diasporu 2015-ci ildə “erməni soyqırımı”nın 100 illiyini qeyd etməyə hazırlaşır və Türkiyəyə təzyiqləri artırmağa çalışır, Türkiyənin İsveçrə protokoluna uyğun addımlar atacağını düşünürəm. Lakin Ermənistanla yaxınlaşma, sərhədlərin açılması, bəyan edildiyi kimi, Qarabağın işğaldan azad olunmasından sonra baş verə bilər. Bu, Azərbaycan üçün də mühümdür ki, Ermənistan Rusiyanın cəngindən qurtularaq, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmağa səy göstərəcək”.

Elxan Şahinoğlu Rusiyanın bu məsələdə radikal mövqe tutmayacağını da deyib: “Rusiyada yeni hakimiyyətin başı daxili siyasi proseslərə və son zamanlar meydana çıxan Dağıstan münaqişəsinə qarışıb, bir müddət regional məsələlərə çox sərt müdaxilə edəcəyini düşünmürəm. Həmçinin Rusiya-Türkiyə əlaqələrinin son illərdə gücləndiyini nəzərə alsaq fikrimcə, bu iki dövlət ortaq məxrəcə gələ biləcəklər”.

Rüfət Əhmədzadə
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR