Pul üçün nələr edirmişlər...
Bizi izləyin

Qırmızı.az

Pul üçün nələr edirmişlər...

Məşhurluğa son dərəcə orijinal yolla çatan adamlar bütün dövrlərdə olub. Onlar qeyri-adi qəhrəmanlıqlar göstərməyib, əlçatmaz, ünyetməz zirvələrə bayraq sancmayıb, təzə Amerika açmayıblar. Heç hansısa elmi kəşfə də imza atmayıblar. Bu adamlarin işi yalnız insanları aldatmaq olub - elə ustalıq və bacarıq nümayiş etdiriblər ki, adları tarixə düşüb.

Onlar kimdir onlar və hansı hoqqalardan çıxıblar?

"Eyfel qülləsini satıram"

Viktor Lüstiqin adı Ginnesin rekordlar kitabına bütün dövrlərin və xalqların ən məşhur fırıldaqçısı kimi yazılıb. O, Eyfel qülləsini... bir neçə nəfərə satmağa nail olub.

Lüstiq Çexiyanın Bogema şəhərində doğulmuşdu. Hələ 20 yaşında ikən qəlp pul buraxan aqreqat icad eləmişdi. Qurğu o qədər ləng işləyirdi ki, 100 dollarlıq bir əsginasın hazırlanmasına 6 saat vaxt gedirdi. Lüstiq aqreqatı satmaq qərarına gəlir və dərhal müştəri tapır. Alıcı aparatdan çıxan qəlp pulla əsl dolların heç bir fərqi olmadığını görəndə tərəddüd etmədən qurğuya 30 min dollar sayır.

6 saat sonra aqreqatdan dollar əvəzinə sadəcə ağ kağız çıxdığını görəndə isə gözləri bərəlir və aldadıldığını anlayır. Lakin nə fayda, Lüstiq artıq çox uzaqlarda idi.

1925-ci ilin mayında Viktor Lüstiq macəra axtara-axtara gəlib Parisə çıxır. Qəzetlərin birində oxuyur ki, məşhur Eyfel qülləsi yaxın vaxtlarda təmirə dayandırılacaq. Fırıldaqçı dərhal işə başlayır. Əvvəlcə özünə poçt və teleqraf nazirinin müavini kimi saxta sənəd düzəldir. Sonra Fransada təkrar metal emalı ilə məşğul olan 6 tanınmış biznesmenə rəsmi məktub göndərir ki, guya qüllə çəkilən xərcləri doğrultmadığına görə sökülür və dövlət onu qara metal kimi qapalı hərraca çıxarır.

"Poçt və teleqraf nazirinin müavini" məktubda bir məqamı xüsusi vurğulayır ki, ictimaiyyətin etirazlarının qarşısını almaq üçün bu sirr mütləq gizli qalmalıdır. Tezliklə o, qüllənin sökülməsi hüququnu biznesmen Andre Puassona satir və pulla dolu çamadanları da götürüb Vyanaya qaçır.

Puasson öz maymaqlığından xəcalət çəkə-çəkə bu faktı açıb-ağartmır. Elə Lüstiqə də bu lazım idi. O, yenidən Parisə qayıdır və Eyfel qülləsini eyni sxemlə başqa bir biznesmenə sırıyır. Lakin bu dəfə bəxti gətirmir - aldadılmış alıcı polisə xəbər verir. Lüstiq ABŞ-a qaçmağa məcbur olur.

1934-cü ildə Viktor Lüstiq pul saxtalaşdırılamsına görə ABŞ-da həbs olunur. Məhkəməyə bir gün qalmış o, Nyu-Yorkun federal həbsxanasından qaça bilir. Lakin bir ay sonra onu Pitsburqda yaxalayırlar.

Məhkəmədə Lüstiq bütün günahlarını etiraf etsə də, ona 20 il iş kəsilir və cəzasını Kaliforniya ştatındakı Alkatras həbsxanasında çəkəsi olur. O, 1947-ci ilin martında Sprinqfild şəhərindəki məhbəs xəstəxanasında ağ ciyərin iltihabından dünyasını dəyişir.

"Bu oğlan əsl sehrbazdı..."

Fırıldaqçılığın daha bir nümayəndəsinin əməlləri adamı bu gün də heyrətə salır. Çarlz Ponzi hələ "MMC"-lər mövcud olmamışdan xeyli qabaq dünyada ilk maliyyə piramidası yaradan kəs olub (Azərbaycanda "Vahidbank" təcürəbəsi 190 il sonra ortaya çıxdı – M.Z.).

1903-cü ildə paroxodla İtaliyadan Amerikanın Boston şəhərinə gələndə onun cibində cəmi 2 dolları vardı. Düşünürdü ki, zəngin sərvətlərə malik bu ölkədə böyük kapitala yiyələnmək elə də çətin olmayacaq. Lakin ilk vaxtlar bir neçə sahəyə baş vursa da varlanmaq niyyəti reallaşmır.

Bir gün Beynəlxalq Poçt İttifaqından Ponziyə məktub gəlir. Zərfin içinə poçt markasına dəyişmək üçün kupon da əlavə edilmişdi ki, cavab məktubunu pulsuz göndərmək mümkün olsun. Markanı görəndə sevincdən Çarlzın gözləri işıqlanır və dərhal hesablamağa başlayır. Məsələn, İtaliyada alınan marka valyutalardakı fərqə görə Amerikada altı dəfə çox gəlir gətirə bilər.

Əgər müxtəlif ölkələrdən on minlərlə belə məktub göndərilsə, nə baş verər? Onda çox qısa vaxt ərzində əsl milyonçuya çevrilmək olar ki!..

Amma Çarlzın sonrakı hesablamaları göstərdi ki, məktubların göndərilməsinə çəkilən xərclər gəliri büsbütün udur.
Ponzi bu reallığı bütün çılpaqlığı ilə dərk eləsə də, açıb-ağartmadı. İdeyasını yaymaq üçün cani-dildən işə başladı. 1919-cu il dekabrın 26-da Boston qəzetlərinin birində belə bir elan dərc olundu: "Poçt kuponları ilə əməliyyat. Gəliriniz 45 gündən sonra 50 faiz artacaq. Çarlz Ponzi".

Çarlz öz ideyasını reallaşdırmaqla pulu necə qazanacağını hamıdan yaxşı bilirdi. O, marka satmayacaqdı, lakin adamların "pulu necə qazanırsan" sorğusunu cavablandırmaq üçün "poçt kuponları ilə əməliyyatdan" deməsi bəs edəcəkdi.
İşə 200 dollar borc götürməklə başlayır. Ofis kirayələdikdən sonra tanışları arasında kompaniyasının güclü reklamını qurur və qısa müddətdə ilk əmanətçilərini də tora salmağa nail olur. Ponzi yenə də kupon satmaqla milyonçuya necə çevrilməyin mümkünlüyü haqda suallardan ustalıqla yayınır, "bu ciddi kommersiya sirridir" deməklə canını qurtarırdı.

45 gündən sonra Ponzi ilk əmanətçiyə, söz verdiyi kimi, qoyduğu vəsaitin 150 faizi həcmində pul ödəyir. Düzdür, bu məbləğ vəd olunduğu kimi poçt kuponlarının satışından əldə edilməmişdi. Bu, sadəcə sonrakı müştərilərin kompaniyaya yatırdığı vəsaitdən ödənirdi. Bunu isə Ponzidən başqa heç kim bilmirdi.

Başqalarının bildiyi bir yalançı həqiqət vardı - Ponzi dahi biznesmendir və əmanətçilərinin pulunu qısa vaxtda dəfələrlə artıra bilir.

Selin qabağı açılmışdı-kompaniyaya pul yatırıb tezliklə milyonçu olmaq istəyənlərin sayı-hesabı bilinmirdi. Ponzi əmanətçilərin sayının çoxluğunu nəzərə alıb onların qeydiyyatını dəqiq aparmaq üçün kompaniyaya əlavə işçilər götürür.
Elə həmin dövrdə "Nyu-York ivninq uorld" qəzetində dərc olunan məqalə Ponzinin əl-qolunu daha da açdı: "Bəli, bu oğlan əsl sehrbazdı. Pulunuzu ona etibar edin və bu dahi 45 gün ərzində sizi böyük sərvət sahibinə çevirsin. Ponzi poçt markalarının ticarətindən qazandığı milyonları arzu edənlərin hamısı ilə bölüşməyə hazırdır".

Əmanətçilərin böyük əksəriyyəti faizlərini götürən kimi heç fikirləşmədən onu təzədən kompaniyaya yatırırdı. Hakimiyyətdəkilər isə başlarını itirmişdi-onların əlində belə fəaliyyətin qarşısını almaq üçün heç bir qanun yox idi.
Maliyyə piramidasının mövcudluq şərtlərindən biri də yeni-yeni əmanətçilərin şəbəkəyə fasiləsiz qoşulmasıdır. Lakin Ponzidə işin bu tərəfi yaxşı qurulmamışdı. O, bu tip fırıldaqçılığın ilk cığıraçanı olsa da, bu məqamı diqqətdən qaçırmışdı.

1920-ci ilin yayında Ponzinin keçmiş əməkdaşlarından biri "Boston post" qəzetində çıxış edərək onun fəaliyyətini bütün çılpaqlığı ilə açıb ortaya qoydu. Elə həmin vaxt polis də vəziyyət aydınlaşana qədər Ponzinin yeni əmanətlər qəbul etməsinə qadağa qoydu. Bundan sonra isə köhnə əmanətçilər pullarını geri almaq ümidi ilə kompaniyaya axışmağa başladılar.

Ponzi başını itirmişdi. Lakin kompaniyanın vəsaiti tam tükənəndə və əmanətçilərin pulunu ödəməyin mümkün olmadığıni bütün detalları ilə anlayanda belə o, ölkədən qaçmadı. Beləcə, milyonlar hansı sürətlə toplanmışdısa, həmin sürətlə də əldən çıxdı.

Çarlz Ponzinin həyatının sonrakı mərhələsi həbslər və azadlıqlarla zəngin olub. O, bir ara hətta Benito Mussolininin müşaviri kimi də fəaliyyət göstərib. Lakin bu, uzun çəkməyib-diktator onu tanıyan kimi işdən qovub.

Keçmiş milyonçu həyatının qalan hissəsini Braziliyada ingilis dilindən dərs deməklə keçirib, ömrünü çox ciddi ehtiyac və məhrumiyyətlər içərisində başa vurub...

Mətin Zöhrabbəyli
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm