Elman Nəsirov: “Avropa Birliyinin haqqı var ki…“ - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Elman Nəsirov: “Avropa Birliyinin haqqı var ki…“ - MÜSAHİBƏ

- Elman müəllim, martın 24-də Ermənistan-Azərbayacan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun yaradılmasından 20 il ötür. Qurumun keçən dövr ərzindəki fəaliyyətini necə qiymətləndirirsiniz?


- ATƏT-in Minsk Qrupunun 20 illik fəaliyyəti keyfiyyət baxımından fəaliyyətsizlik kimi qiymətləndirilə bilər. Onun vasitəçiliyi ilə intensiv danışıqlar aparılsa da, nəticə sıfra bərabərdir. Mövqeyimi əsaslandırmaq istərdim. Yarandığı 1992-ci ildən sonrakı ilk iki il ərzində onun fəaliyyəti 2 hadisə ilə yadda qalıb. Bunlardan biri BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 822, 853 və 874 nömrəli qətnamələrin yerinə yetirilməsi ilə bağlı "Təxirəsalınmaz tədbirlərin dəqiqləşdirilmiş cədvəli"ni hazırlaması olub. Ermənistan məlum qətnamələri qulaqardına vurduğu kimi, bu cədvələ də eyni münasibət bəsləyib.
İkinci hadisə qurumun 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilənin imzalanmasında oynadığı roldur.

- Keçən əsrin 90-cı illərində ATƏT-in Minsk Qrupu nəticəsi olmasa da hər halda bir neçə konkret təkliflə çıxış edib...

- Münaqişənin tənzimlənməsi ilə bağlı 1995-1998-ci illərdə ATƏT-in Misk Qrupunun fəaliyyətində keyfiyyət dəyişikliyinə gətirib çıxarmayan intensivlik müşahidə olunurdu. Belə ki, 1994-cü ilin dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən sammitində "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi" haqqında qərar qəbul edildi. Eyni zamanda bu sammitdə həmsədrlik institutu yaradıldı, Rusiya və Finlandiya həmsədr oldular.

1996-cı ilin dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən zirvə toplantısında isə qurumun o dövrdə sədri olan İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından qəbul edilən bəyanatda münaqişənin həlli ilə bağlı məlum 3 prinsip öz əksini tapdı. Ermənistandan savayı, təşkilata üzv olan 53 dövlət bu sənədin lehinə mövqe bildirdi.

Bu sammitdən sonra münaqişənin həlli ilə bağlı həmsədrlərin tərkibində və sayında dəyişilklik baş verdi, Rusiya, ABŞ və Fransa həmsədr dövlətlər oldular.

1997-1998-ci illərdə isə ATƏT-in Minsk qrupu 3 təkliflə çıxış etdi. Həmsədrlərin 1997-ci ilin iyun ayında münaqişə tərəflərinə təqdim etdikləri ilk təklif "Paket variantı", 1997-ci ilin sentyabr ayında irəli sürdükləri ikinci təklif isə "Mərhələli həll variantı" adlanırdı. Sonuncu plana görə, münaqişə 2 mərhələdə həll olunmalı idi. Birinci mərhələdə Azərbaycanın zəbt olunmuş 6 rayonun, ikinci mərhələdə isə 2 rayonun - Laçın və Şuşanın azad edilməsi nəzərdə tutulurdu.

Münaqişənin mərhələlərlə həlli ilə bağlı mövqe oxşarlığını həm Azərbaycan prezidenti Heydər Əliyev, həm də Ermənistan prezidenti Levon-Ter Petrosyan 1997-ci il oktyabrın 10-da Strasburqda imzaladıqları birgə bəyanatda da ifadə etmişdilər. Təəssüf ki, həmişə olduğu kmi, bu dəfə də erməni tərəfinin tutdugu qeyri-konstruktiv mövqe ucbatından razılaşmanı son nəticədə reallaşdırmaq mümkün olmadı.

Bundan sonra 1998-ci ilin noyabr ayında həmsədrlər münaqişə tərəflərinə "Ümumi dövlət" adlanan sayca 3-cü təkliflərini təqdim etdilər. Bu təklif faktiki olaraq Dağlıq Qarabağın Azərbaycandan ayrılması və müstəqil dövlətə çevrilməsi ideyasını özündə ehtiva edirdi. Başqa sözlə, ikinci erməni dövlətinin yaradılmasına "yaşıl işıq" yandırırdı. Azərbaycan bu təklifi rədd etdi. Əslində "ümumi dövlət" ideyası ATƏT-in Minsk Qrupunun fəaliyyətini dalan dirədi.
Bundan sonra 1999-cu il aprelin 26-da ATƏT-in Minsk Qrupu çərçivəsində ABŞ-ın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında yeni formatda danışıqların əsası qoyuldu. İndiyədək danışıqlar bu formatda gedir.

- 2004-cü ildən indiyədək ATƏT-in Minsk Qrupu danışıqları "Praqa prosesi" çərçivəsində aparır. Bu haqda da fikirlərinizi oxucularımızla bölüşməyiniz maraqlı olardı.

- Azərbaycan münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupunun 2004-cü il aprelin 16-da start verdiyi "Praqa prosesinə" sadiqdir. Bu proses çərçivəsində münaqişənin "mərhələli həll" yolu ilə tənzimlənməsi nəzərdə tutulur. Həmin prosesin davamı olaraq 2007-ci ilin noyabr ayında ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı "Madrid prinsipləri" ilə çıxış etdi. Azərbaycan və Ermənistan tərəfləri bu prinsiplərlə bağlı bir neçə dəfə təkliflərini irəli sürüb və son nəticədə sənədin yeni variantı 2009-cu ilin dekabr ayında hazırlanaraq münaqişə tərəflərinə təqdim olunub.

Sənədə əsasən, münaqişənin tənzimlənməsi prosesinin birinci mərhələsində Dağlıq Qarabağın hüdudlarından kənarda işğal altında olan 7 Azərbaycan rayonunun (Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın) "5+2" formatında azad olunması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılması, bölgədə beynəlxalq sülhməramlıların yerləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, kommunikasiyaların bərpası və iki xalqın təhlükəsizlik şəraitində yaşamasını təmin edən digər addımların atılması nəzərdə tutulur. Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsinə yalnız növbəti mərhələdə baxılacaq.

Azərbaycan tərəfi yenilənmiş "Madrid prinsipləri"nin bir sıra nüanslarından narazı qalsa da, münaqişənin həlli naminə prinsip etibarilə sənədi qəbul etməyə hazır olduğunu bəyan edib. Azərbaycanın bu mövqeyi Ermənistanı çıxılmaz vəziyyətə salıb. Rəsmi Yerevan problemin yenidən mürəkkəbləşdirilməsi ilə bağlı ssenarilər üzərində baş sındırır. Məqsəd permanent danışıqlar yolu ilə status-kvonu-Azərbaycan torpaqlarının işğal altında saxlanılması vəziyyətini qoruyub saxlamaqdan ibarətdir.

- Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında ATƏT-in Minsk Qrupunda Fransanı Avropa Birliyinin (AB) əvəz etməsini nəzərdə tutan sənəd qəbul olunub. Sizcə, bununla nə dəyişəcək?

- Düşünürəm ki, həmsədrlərin ikisi - ABŞ və Rusiya konkret güç mərkəzləri olaraq münaqişənin tənzimlənməsində iştirak edirdisə, Fransa haqqında eyni fikri söyləmək olmaz. Avropa Birliyi müasir beynəlxalq koordinatlar sistemində növbəti güc mərkəzidir və bu baxımdan mürəkkəb münaqişələrin həllində məhz onun vasitəçi kimi çıxış etməyə daha çox haqqı var.
Fransanın timsalında Avropa Birliyinin əlahiddə olaraq bir üzvünün sanki bütün təşkilatın adından ATƏT-in Minsk qrupunda təmsil olunmasının özü ədalətsizlikdir.


Rüfət Əhmədzadə

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm