• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Həbsdə olan sabiq bələdiyyə sədrinin oğlu xuliqanlığa görə tutuldu

Həbsdə olan sabiq bələdiyyə sədrinin oğlu xuliqanlığa görə tutuldu

“Atlant” istirahət mərkəzində xuliqanlıq etmiş şəxslər həbs edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, 1 avqust 2014-cü il tarixdə saat 24 radələrində Xaçmaz rayonunda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, o cümlədən sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetirməsində, habelə Z.Əliyevin onun qərəzli hərəkətlərinə dəstək verərək gəzdirdiyi “Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyi ilə müşayiət edilən xuliqanlıq hərəkətləri törətmələrində əsaslı şübhələr olduğundan faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilib və onlara CM-in 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbail rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.


Qeyd edək ki, Z.Əliyev hazırda həbsdə olan Quba bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR