Gəmi kapitanı: “Ötən il bir qız özünü gəmidən dənizə atmışdı...” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Gəmi kapitanı: “Ötən il bir qız özünü gəmidən dənizə atmışdı...” - MÜSAHİBƏ

Nədənsə, həmişə mənə elə gəlib ki, dənizçilər torpağı bizdən daha artıq sevirlər... Dənizdə ətraf yalnız mavi sulardan ibarətdir. Qarşıda nə bir ada, nə də sahil görünür. Bax o zaman bilirsən yerin, torpağın qədrini. Bir dənizçi üçün dünyada ən gözəl duyğu səni çox-çox uzaqdasahildə gözləyən kimsənin olmasıdır. Bunların hamısını bugünkü gəmi kapitanı ilə müsahibədə öyrəndim. Dənizlə bağlı bizim bilmədiyimiz bir çox şeyləri bizə 15 ildir dənizdə olan “Mirvari” gəmisinin kapitanı Pərviz Qəniyev anlatdı. Kapitanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Pərviz müəllim, neçə ildir gəmi kapitanısınız?

- 3 ildir gəmi kapitanıyam. Amma 2000-ci ildən - 15 ilə yaxındır ki, dənizdəyəm. Bu 15 ildə müxtəlif gəmilərdə işləmişəm. Bu illər ərzində bir çox xarici ölkələrdə - Avropa, MDB, Qara dəniz ətrafı, Aralıq dənizi ölkələrində olmuşam.

- İndi idarə etdiyiniz gəmidə nə qədər sərnişin olur?

- Təxminən 650-yə yaxın. Bu gəmi ancaq gəzinti üçündür. Bayraq meydanı ətrafında səyahət edir.

- Gündə neçə dəfə reys olur?

- Bu, mövsümdən asılıdır. Mən bir nəfər kapitanla növbəli işləyirəm. Yay mövsümündə olur ki, 7-8 reys gedə bilirik.

- Eyni işi görməkdən yorulmursunuz?

- Yox, bütün işlərdə yorğunluq olur. İşimiz budur, bu sənəti seçmişiksə, gərək işləyək.

- Necə oldu bu sənəti seçdiniz?

- Dəniz elədir ki, burada işləyənlərin əksəriyyətinin hər hansı bir qohumu, yaxını dənizdə işləyir. Mənim də əmim dənizçi idi, gəmi kapitanıdır. Bu sənətə gəlməyimdə onun rolu olub. Əlbəttə, özümün də həvəsim olub, o da məsləhət gördü.

- Dənizdə işə başlayanda heç qorxu hiss eləmisinizmi?

-Yox, mən heç vaxt dənizdən qorxmamışam.

- Kapitan olmağın hansı çətinlikləri var?

- Ümumiyyətlə, bu peşə doğurdan da, çətin peşədir. Birincisi, ailəni qoyub bəzən aylarla dənizdə olursan. Bu müqavilədən asılı olaraq 6-7 ay çəkə bilir. İkincisi isə, açıq dənizə çıxırsan, qarşıda, heç bir quru və ya ada yoxdur. Dənizin ortasında qalırsan və sahil də görünmür. Bir tərəfdən də, külək, fırtına... Günlərlə suyun içərisində yellənə-yellənə gedirsən. Bu, əlbəttə ki, sinirlərə də təsir edir. O baxımdan çətindir. Amma dəniz çox gözəldir, yaxşı sənətdir və işləməyə dəyər.

- Xarici reyslərdə də olmusunuz. Əcnəbi səyahətçilərlə bizimkilərin fərqi nədir?

- Fərq var. Avropa ölkələrində belə gəmilər çoxdur, bu tip səyahət gəmisi ilk dəfədir Azərbaycana gətirilib. Xarici ölkələrdə baxırsan ki, yaşlı insanlar, pensiyaçılar səyahətə çıxırlar. Bizdə isə belə az olur. İnsanların özünü aparmağının, davranışının fərqi var. Bizdə indiki səyahətçilər 10 il əvvəlkindən çox fərqlənir. Get-gedə dəyişirlər. Sözsüz ki, bizdə də mədəniyyət var, amma elə şeylər var ki, bu, onlarda bizdən daha güclüdür.

- Bütün heyət sizin qərarınızı gözləyir, siz ən çətin anda necə qərar verirsiniz, çətin məqamda nədən güc alırsınız?

- Küləkli, fırtınalı havada üzəndə bütün heyət üzvləri sənə baxır. Hər şey sənin özünü necə aparmağından asılıdır. Əgər özünü sakitləşdirə bilmədinsə, təşvişə düşdünsə, bütün heyət də özünü elə aparacaq. Əgər özünə güvənirsənsə, heyət üzvü də sənə inanacaq və onları sağ-salamat çatdıracaqlarına ümid bağlayacaqlar. Əlbəttə ki, heyət üzvləri də kapitanın qərarını vaxtında yerinə yetirməlidir. Bunlar bir-birinə bağlı şeylərdir, təkcə kapitanla iş bitmir.

- Kapitan olmaq üçün hansı keyfiyyətlər lazımdır?

- Birincisi, Dənizçilik Akademiyasını bitirib nəzəriyyəni öyrənmək lazımdır. Oxuduğun müddətdə hər kəsi kursda bir neçə aylıq təcrübəyə göndərirlər. Bitirəndən sonra isə işə matros kimi başlayırsan. Təcrübə topladıqdan sonra sənə müsbət xarakteristika verilərsə, imtahan verirsən və kapitan köməkçisi olursan. Bundan sonra kapitan işləmək mümkündür.

- Bəs kapitanda hansı qabiliyyətlər olmalıdır?

- Nəzəriyyə öz yerində, bundan əlavə təcrübə də olmalıdır. Özünə güvən olmalıdır ki, heyət üzvləri də ona güvənsin. Kapitanın həm də belə bir qabiliyyəti olmalıdır ki, sözü bir dəfə deyəndə ona əməl olunsun. Gəmi fırtınaya da düşə bilər, bəzən olur aylarla açıq havada, dənizdə qalırsan, yəni dənizdə hər cür hallarda gəmini idarə etməyi bacarmalısan. Bütün heyət üzvləri sənə tabedir. Hamı öz işini görür, amma fövqəladə hal olanda hamı sənin qərarını gözləyir. Hər şey sənin verdiyin komandadan asılıdır. Bir sözlə, kapitan vaxtında düzgün qərar verməyi bacarmalı, təşvişə düşməməlidir.

- Dəniz kapitanın dostudur, yoxsa düşməni?

- Əgər o kapitan öz işini bilirsə, dəniz kapitanın dostudur. Dəniz zarafatı sevmir, onunla zarafat etmək olmaz. Bizdə tez-tez kapitan da daxil olmaqla heyət üzvləri üçün təlimlər keçirilir. Gəmi batarkən onu necə tərk eləmək lazımdır, yanğın zamanı hansı işləri görmək lazımdır. Heyət üzvləri bilməlidir ki, neçə qısa, neçə uzun siqnal nə deməkdir, bu siqnallar veriləndə hansı işləri görmək olar.

Həm də gəmidə hər kəsin öz öhdəliyi var, kapitanın da, gəmi heyətinin hər bir üzvünün də. Bir də hər bir heyət üzvü gəmini yaxından tanımalıdır.

- Dəniz səyahətlərində ən çox yadda qalan nə olub?

- Maraqlı hadisələr çox olur. Bəzən fövqəladə hallar da olur. Bir dəfə Atlantik okeanında, Aralıq dənizində güclü fırtınaya düşmüşük. Biz həmişə fırtınadan qabaq fırtına ilə bağlı hava xəbərdarlığını alırıq. Ona uyğun da komanda verilir. Göstəriş verdim ki, gəmidə bütün açıq yerlər bağlansın. Buna baxmayaraq, külək, dalğalar elə olur ki, ülgüc kimi kəsir. Çıxıb tufan əleyhinə bərkitmə işləri apardıq, hər şey yaxşı qurtardı. Bir dəfə də Rostov-Don çayında başımıza bir hadisə gəlib. Bütün səth buz bağlamışdı. Orada şimal küləyi güclü olur, su çəkilir. Bir dəfə su çəkilmişdi, gəmi ilişib qaldı. Birtəhər çətinliklə gəmini oradan çıxara bildik.

- Heç özünü dənizə atmaq istəyənlər olub?

- Olub. Ötən il bir qız özünü dənizə atdı. Biz onu vaxtında xilas edə bildik. Ailəsi ilə bağlı nəsə problemi var idi.

- Dənizlərlə bağlı əfsanələrə inanırsınız?

- (Gülür)Yox, mən belə şeylərə inanmıram.

- Dəniz özündə çoxlu sirləri gizlədir. Dənizdə sirli zonalar var, məsələn, Bermud üçbucağı. Siz hər hansı sirli zonada olmusunuzmu?

- Bəli, belə yerlər var. İçərisində maqnitə meyilli olan yerlər var. Gəminin istiqamətini də ona uyğun götürürlər. Amma Bermud üçbucağı başqadır. Biz onu görməmişik. Ümumiyyətlə, bütün gəmilərin, o cümlədən okeanda olan gəmilərin hərəkəti tənzimlənir, haradan gəldi getmək olmaz. Dalğa böyük olan, külək olan yerlərdə kənardan gəmini müşayiət edirlər.

- Kapitan olmaq sizə həyatda nə öyrədib?

- Tək kapitan yox, ümumiyyətlə, dənizdə olmaq mənə çox şey öyrədib. Dənizdə daha məsuliyyətli olursan. Matros olarkən o qədər də məsuliyyət daşımırsan, sənə verilən tapşırıqları yerinə yetirirsən. Yuxarı qalxdıqca məsuliyyətin artır. İstər-istəməz insanın daxilində özünə qarşı da məsuliyyəti artır. Ailənə qarşı da məsuliyyətli olursan. Özümdə bu dəyişikliyi hiss edirəm.

- Uşaqlarınız var?

-Var

- İstəyərdiniz dənizçi olsunlar?

- Açığı, istəməzdim. Amma bu baxır onların seçiminə. İstəsələr, etiraz eləmərəm. Bu sənət həm çətindir, həm də insan ailədən aylarla kənarda qalmalı olur. İnsan ömrünü dənizə verir. O baxımdan istəməzdim.

- Halı pis olan sərnişinə görə gəmini geri qaytardığınız hal olub?

- Hə, çox olub. Ürəyi gedən, dili qatlanan olub, dava salan, sərxoş olan olur. Elə olub ki, sahilə qayıtmışıq və təcili yardım çağırmışıq. Düzdür, biz gəmiyə içkili adam buraxmırıq, amma elə adamlar olur ki, hiss olunmur, keçirlər və gəmidə dirəklərə dırmaşırlar. Məcbur olub mühafizəçiləri çağırırıq və gəmini geri qaytarıb həmin şəxsi düşürdürük.

Elə adamlar var ki, gəmi bir az yellənən kimi onu tutur. Sərnişinlər, adətən, gülə-gülə gəlirlər, sahildən aralanan kimi qorxuya düşüb ağlamağa başlayırlar. Biz heyət üzvlərindən daha dilli, ünsiyyətcil olanı göndərib insanları çətin vəziyyətdən çıxarmağa çalışırıq. Bəzən olur ki, yuxarıdakı kameradan baxıb görürük ki, bir nəfər gəminin bir küncündə dayanıb ağlayır. Artıq başa düşürük ki, bu adamın problemi var və özünü dənizə ata bilər. Tez heyət üzvlərindən birini göndəririk ki, onunla söhbət eləsin, çay, kofe versin, başını qatsın. Belə hallara nəzarət edirik. Uşaqlar qorxunu başa düşmədiklərinə görə çox vaxt böyüklərdən ürəkli olurlar. Bəzən olur ki, valideyn oturur aşağıda, uşaq isə yuxarıda gəzir. Bəzən olur ki, valideynlər gəmiyə bilet alıb daxil olanda soruşurlar ki, mənim uşağıma kim nəzarət edəcək? Başa düşmürlər ki, biz gəmini idarə edirik, uşağa baxmırıq. Bəzən də valideyn uşağını unudub çıxıb gedir, sonra qayıdır ki, “burada uşaq qalmayıb?” Cürbəcür insanlar var.

- Ən çox neçə gün dənizdə qalmısınız?

- Təxminən iki aya yaxın. La-Manş körfəzindən üzü Biskay körfəzinə doğru orada gəmidə nasazlıq oldu. Yenidən qayıdıb lövbərə durduq, nasazlığı tam olmasa da, qismən aradan qaldırdıq, sonra az sürətlə, yavaş-yavaş Biskay körfəzinə - ən çox fırtına olan yerdir, çatdırdıq. İspaniya sahillərində bir də lövbərə durduq, belə bir-iki sutka gedib lövbərə dururduq, beləcə Cəbəllüttariq körfəzini keçib girdik İspaniya sahillərinə. Artıq ərzaq və suyumuz qurtarmışdı. Oradan lazım olan şeyləri alıb yenidən davam elədik və Türkiyəyə gəlib gəmini zavoda təmirə verdik.

- Yarıyolda ərzağınızın tükəndiyi vaxt olub?

- Adətən, ərzağı qabaqcadan götürürük, bir aylıq. Bura, əsasən, ət məsulları, un məmulatları, əgər qısamüddətli reyslər olursa, daha çox süd məhsulları və tərəvəz götürürük.

- Hansı gəmiləri sürmək daha çətindir?

- Əslində çətinlik yoxdur, çünki indiki gəmilərin hamısı avtomatlaşdırılmış gəmilərdir. Yanaşma və körpüdən çıxma zamanı kapitana kömək lazım olur.

Gülnar Əliyeva

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm