• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Zərdüşt Əlizadə: “ABŞ-ın Türkiyəni itirməyə hazır olduğunu düşünmürəm” - MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “ABŞ-ın Türkiyəni itirməyə hazır olduğunu düşünmürəm” - MÜSAHİBƏ

- ABŞ İrandan neft almağa davam etdiyi üçün iqtisadi embarqo qoyacağı ölkələrin siyahısını açıqladı və 12 ölkənin olduğu siyahıda Türkiyə də var. Bu məqamı necə şərh edərdiniz?


- Dünyada bir oyun gedir və bu oyunun mahiyyətini ariflər anlayır. Amerika hələ də özünə tabe edə bilmədiyi 4 ölkədən ən güclüsünü – İranı sındırmağa çalışır. Məqsədinə çatmaq üçün onun apardığı informasiya müharibəsində qarayaxma, böhtan, yalan ən güclü və təsirli vasitələrdəndir. ABŞ vaxtilə İraq prezidenti Səddam Hüseyni nüvə silahı istehsalı ittihamları ilə qaraladığı kimi indi də İrana qarşı bu yanaşmanı tətbiq edir.

O zaman İraqda kütləvi qırğın silahını çox axtardılar, tapa bilmədilər, günümüzdə də İranı hədələməklə İran hakimiyyətinin, İran xalqının iradəsini sındırmağa çalışırlar. Təbii ki, bu istiqamətdə ABŞ tədqiqatlar aparır, uğurlar da var, çünki ABŞ çox güclü siyasi sistemə sahib və Qərbi öz arxasınca aparan dövlətdir.
Amma məsələ ondadır ki, ABŞ-ın sözünə görə öz ölkəsinin mənafeyindən keçmək istəməyənlər də tapılır. Onlardan biri də Türkiyə.

Baxmayaraq ki, Türkiyənin özünün karbohidrogen ehtiyatları yoxdur, amma neft-qaz boru siyasəti nəticəsində regionun ən mühüm energetika dövlətinə çevrilib. Bu sahədə Türkiyənin böyük uğurları göz qabağındadır. İraq neftinin bir hissəsi, Azərbaycan və Orta Asiya ölkələrinin ixrac etdiyi neft, eləcə də İran nefti və qazı bu ölkənin əraziləri vasitəsi ilə nəql olunur.

Belə baxdıqda Türkiyə özünün uzunmüddətli strateji maraqlarını ABŞ-ın ötəri maraqlarına qurban verən deyil. Hesab edirəm ki, o, haqsız və ədalətsiz embarqoya qoşulmayacaq və heç bir qadağaya tabe olmayacaq. Türkiyə hökuməti təhlillər aparmağa qadirdir və bu təhlillərdən belə nəticə çıxmaya bilməz ki, İranla münasibətləri kəssə Türkiyə daha çox itirə bilər.
Bu qonşu dövlətlə münasibətlər Türkiyə üçün ABŞ-dan da vacibdir.

- Türkiyə Qərb ölkələrinin kənd təsərrüfatı məhsulları ilə, xüsusən fındır və zeytunla təminatında önəmli ölkələrdən biridir. ABŞ-ın iqtisadi embarqo qoyacağı halda, Türkiyə iqtisadiyyatını təhdid gözləyirmi?

- ABŞ Türkiyəyə qarşı nə sanksiyalar tətbiq edə bilər? Özünün NATO-dakı tərəfdaşına silah satmayacaq? Yoxsa Türkiyə istehsalı olan ərzaq məhsullarını almamaqla və ya ona nəsə satmamaqla Türkiyə iqtisadiyyatına güclü təsir göstərə biləcək? Düşünmürəm...

Türkiyə öz məhsullarına başqa ölkələrdə bazar tapa bilər. Bu cür tərəfdaşın itirilməsinə görə isə ABŞ narahat olmalıdır. Hesab etmirəm ki, ABŞ Türkiyəyə bu istiqamətdə böyük təsir göstərəcək.

- ABŞ tərəfindən Türkiyəyə qarşı "soyqırım şantajları" təkrarlana bilərmi?

- ABŞ davamlı olaraq "erməni soyqırımı" məsələsini ortaya atmaqla Türkiyəyə təzyiq göstərməyə çalışır. Amma təsəvvür edək ki, ABŞ "soyqırım"ı tanıdı. Bəs sonra nə olacaq? Türkiyə xalqının axırı çatmayacaq ki? Bu, həmin dövlətin öz maraqlarına zərbə olar.

Doğrusu, ABŞ-ın Türkiyəni itirməyə hazır olduğunu düşünmürəm. Bu, nə ABŞ-a, nə də digər Qərb dövlətlərinə sərf edər...

Təbii ki, Türkiyə də sərt mövqe ortaya qoymayacaq. Yada salsaq, İraq məsələsində də Türkiyə inadcıl mövqe göstərmişdi. Onda Türkiyə, Fransa və Almaniya ABŞ-a qoşulmamışdılar.
İndi də İrana sanksiyaların tətbiq edilməsi məsələsində hərənin öz mövqeyi var.

- Əgər Türkiyə İrandan neft almaqdan imtina etməli olsa, yaranan boşluğu Azərbaycan doldura bilərmi?

- Düşünmürəm. Azərbaycanın ixrac etdiyi neftin əsas hissəsi ABƏŞ-in (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti – red.)nəzarətindədir və hara nə qədər neft nəql olunacağı Azərbaycandan asılı deyil. Azərbaycan Türkiyə ilə əməkdaşlığını yalnız Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ- red.) imkanları hesabına artıra bilər, bu imkanlar da məhduddur.
ARDNŞ-in neft hasilatı getdikcə zəifləyir və Türkiyəyə ancaq həmişəkindən 1-2 milyon ton artıq neft verə bilər. Bu əməkdaşlıq nə İranla əlaqələr kəsiləndən sonra yaranan boşluğu doldura bilər, nə də uzunmüddətli ola bilər. Azərbaycan Türkiyə üçün sadəcə bir neçə neft təchizatçısından biridir.

- Deməli, siz düşünürsünüz ki, ABŞ-ın hədələri yersizdir...

- Bu cür embarqo və sanksiya hədələri sadəcə təzyiq göstərmək, hansısa siyasi dividentlər əldə etmək vasitəsidir. Zənnimcə, bu məsələ ABŞ və Türkiyə hökumətləri arasında balansın bərpasına rəvac verəcək, bütün problemlər danışıq yolu ilə həll olunacaq.

Hər halda, nə ABŞ, nə də Türkiyədən çox sərt mövqe gözləyirəm. Hesab edirəm ki, ABŞ Türkiyənin İranla neft ticarətinə göz yummağa, onun da maraqlarını qəbul etməyə məcbur qalacaq.

Rüfət Əhmədzadə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR