“Bizi Brejnev və onun siyasəti narkoman elədi“
Bizi izləyin

Qırmızı.az

“Bizi Brejnev və onun siyasəti narkoman elədi“

Mənə deyiləndə ki, nə vaxtsa narkotikə qurşanıb həyatını puç eləmiş və sonradan peşman olaraq bu yoldan çəkinmiş bir adam haqda yazı yazmalıyam, ümidsizləşdim. İlk ağlıma gələn bir qadın narkoman tapıb danışdırmaq oldu. Düşündüm ki, yəqin kişilər öz sirlərini mənə deməzlər. Düzü, heç qadınların da mənimlə bu mövzuda danışacaqlarına inanmırdım. Nə isə... çox fikirləşdim, axırda köhnə tanışlarımdan biri yadıma düşdü. Bilirdim ki, o, rayonumuzun adamlarını hamıdan yaxşı tanıyır.


Zəng edib fikrimi ona bildirdim. Dostum narkotik istifadəçilərinin bir neçəsini tanıdığını söylədi. Amma hər ehtimala qarşı söhbətə razılaşacaq birisini tapmaq üçün vaxt istədi...
Çox gözləmədim. Elə ertəsi gün axşamüstü zəng vurub məni sevindirdi. Mənə lazım olan parametrləri özündə birləşdirən bir nəfəri tapdığını bildirdi...
Daha bir gün keçdi və mən qəhrəmanımla, necə deyərlər, əldən-ayaqdan uzaq kafelərdən birinin əvvəlcədən nəzərdə tutduğum qapalı otağında açıq söhbətə başladıq. Ucaboylu, arıq, beli azca bükülmüş bir kişiydi. Xırıltılı səslə danışırdı. 50-55 yaşı olardı. Qarşımıza pürrəngi çay gəldikdən sonra ona birinci sualım belə oldu:
-Narkotiki ilk dəfə haçan dadmısınız?
Gözünü çay stəkanına zilləyib xeyli fikrə getdi. Nəhayət, bir neçə dəfə öskürüb söhbətə başladı:
- 1981-1983-cü illərdə Sovet Ordusu sıralarında Əfqanıstanın Pəncşər vilayətində qulluq eləmişəm. Siz jurnalistsiniz, məndən yaxşı bilərsiniz, 1978-ci ildə Əfqanıstanda hakimiyyət dəyişikliyi oldu. Ölkənin daxilində müxtəlif silahlı qruplaşmalar olduğuna görə hakimiyyətə gələn Amin SSRİ-nin rəhbəri Leonid İliç Brejnevdən Əfqanıstana qoşun yeritməsini xahiş etdi. Bir tərəfdən də Amerika ora xırda-xırda qoşun yeridirdi. Biz əsasən Əfqanıstan mücahidləri ilə vuruşurduq. Onları Amerika silahlandırırdı. Ruslar onları "duşman" adlandırırdı. Onlar partizanlar kimi gecələr bizə qəfildən basqın edir, sonra da aradan çıxırdılar. Nə isə, bu ayrı söhbətdi. Biz əsgərlər spirtli içki tapmadığımıza görə nəşə və tiryəkdən istifadə edirdik. Sovet qoşununu özünə xilaskar bilən yerli sakinlər bizə hörmətlə yanaşır, hərdən bizə plov da göndərirdilər. Biz kişilərdən nəşə alırdıq. Tiryəki isə pul və gülləyə dəyişirdik. Əsgərlərimizin demək olar ki, hamısı nəşəyə qurşanmışdı. Zabitlərin özləri də gizlində nəşə çəkirdilər. Onlar həm də hardansa spirtli içkilər əldə edirdilər. Amma bizə narkotikdən istifadə etməyi qəti qadağan eləmişdilər. Çünki ordakı nəşələr adamı halsız edirdi. Zabitlər qorxurdular ki, "duşman"lar qəfil hücum etsə, biz süst qalar, müqavimət göstərə bilmərik...
Sonra əsgərlikdən vətənə qayıtdıq. İlk aylar tiryək tapanda dostlarımla bir yerə yığışır, xəlvətcə çəkirdik. Sonralar mən əsasən araq içməyə başladım. Araq içəndən sonra hərdən ürəyimizdən "dartmaq" keçirdi və biz tapanda yenə çəkirdik.
-Bəs nəşəni hardan alırdınız?
-Nə bilim, o vaxtlar satanlar çox olurdu. Rayonda tapmayanda pul yığıb uşaqları Bakıya, "Kubinka" adlanan yerə göndərirdik. O zəhirmarın arxası ilə Lənkərana da çox getmişik. Hər yan bizim kimi xəstələrlə dolu idi. Bir dostumuz vardı, indi rəhmətə gedib, pul olmayanda maşınların içindən maqnitofon oğurlayıb gətirirdi. Biz də onları ya satır, ya da nəşəyə dəyişirdik...
Həmsöhbətim danışır ki, əsgərlikdən sonra Əfqanıstanda birgə xidmət etdiyi ruslarla məktublaşırmış:
-Onlar məni öz yanlarına çağırırdılar. 1985-ci ildə Sverdlovskda yaşayan Oleq adlı əsgər yoldaşım məni öz şəhərlərinə çağırdı. Mən İnşaat İnstitutunu qiyabi bitirmişdim. Amma rayonda özümə adi fəhlə işi də tapa bilmirdim. Oleq isə yazırdı ki, "burda sizinkilər bazarda alver edib yaxşı pul qazanırlar, bura gəlsən, sənə hər cür şərait yaradacam". Düzü, evdən məni Rusiyaya buraxmaq istəmirdilər. Çünki həmin ərəfədə məni həm evləndirmək istəyirdilər, həm də bilirdilər ki, əsəblərim yerində deyil. Nə isə... Bir gün yolpulu düzəldib evdən xəbərsiz qatara minib Sverdlovskiyə getdim. Oleq məni yaxşı qarşıladı. Onların şəhərdən çox da uzaq olmayan bağ evləri vardı. Mən əsasən orda qalırdım. Bağ evindən şəhərə elektrik qatarı ilə 20 dəqiqəlik yoldu. Bazarda meyvə alveri ilə məşğul olurdum. Oleq artıq, necə deyərlər, iynəyə oturmuşdu. Qazandığı pulun hamısını narkotikə verirdi. O, hər dəfə bağ evinə mənim yanıma bir kampaniya ilə gəlir və hamısı bir yerdə iynələnirdilər. Yavaş-yavaş mən də iynə vurmağa başladım. Oleq hərdən əsgərlik illərimizi xatırlayıb peşmançılıq keçirdiyini bildirirdi. Deyirdi ki, öldürdüyü mücahidlərin ruhu onu rahat buraxmır. Həmişə Brejnevi söyürdü, "hallanan" kimi deyinirdi ki, "gül kimi oğlanlar idik, aparıb əlimizi qana batırdılar, gedib yazıqları öz vətənlərində qırırdıq".
Sonralar onun sözlərinin təsirinə düşüb mən də yavaş-yavaş anlamağa başlayırdım ki, həqiqətən biz böyük günahlar işlətmişik. Elə narkoman olmağımızın səbəbini də günahsız öldürdüyümüz adamların qarğışının əvəzi sayıram...
Müsahibim arada nəfəsini dərir, nələrisə xatırlamağa çalışır və davam edirdi:

-Evə məktub göndərib, işlərimin qaydasında olduğunu yazırdım. Hərdən milis, "OMON" bazarda "oblava" edib alver edən azərbaycanlılardan sənəd tələb edəndə və ya hansısa səbəbdən onları incidəndə Oleqə görə mənə dəymirdilər. Hətta bəzən elə olurdu ki, milislər özləri də gəlib bağ evində bizimlə iynələnir, gətirdikləri qızlarla deyib-gülür, əylənirdilər... Evə tez-tez pul göndərirdim. Cavab məktubunda yazırdılar ki, göndərdiyim pulları toyum üçün saxlayırlar...
Üç il Sverdlovskda yaşadım. Arada evə gələndə valideynlərim məni uzaq qohumumuz olan bir qızla nişanladılar. Nişanlanandan sonra Rusiyaya qayıdıb özümə maşın almaq üçün yenidən alverə girişdim. Getdikcə hansı bəlaya düçar olduğumu anlamağa başlayırdım. Hər dəfə iynələnəndə Oleqə deyirdim ki, artıq bu mənim sonuncu iynəmdi, artıq bu yoldan geri qayıdacam. Oleq də əvvəlcə istehza ilə gülümsünüb "hara qayıtmaq istəyirsən" deyə soruşur, sonra da doluxsunub, ümidsiz halda "qayıtmağa yerimiz yoxdu, elə beləcə də ölüb gedəcəyik" deyirdi. Düzü, mən artıq narkotiksiz yaşaya bilmirdim. Hər dəfə evə, anamgilə məktub yazıb bir bəhanə ilə nişanı qaytartdırmaq istəyirdim. Çünki artıq, necə deyərlər, pozulduğumu bilirdim, özümlə birlikdə qohum qızını da bədbəxt etmək istəmirdim. Öz-özümə fikirləşirdim ki, evə dönsəm, bəlkə də təmiz yola qayıda bilərəm. Ancaq heç evlənmək istəmirdim.
Bir gün Oleqə bildirdim ki, qəti qərara gəlmişəm və vətənə qayıtmaq istəyirəm. O da mənə dedi ki, onu tək qoysam, darıxmaqdan öləcək.
Qısası, özümdə güc toplayıb iynəni yavaş-yavaş azaltdım və Vətənə qayıtdım. Özümə bir "Jiquli" aldım. Sonra da toy edib evləndim. Oleq mənə yazırdı ki, yoldaşını da götür, gəl Sverdlovskiyə. Mən onu aldadırdım, yazırdım ki, yaxınlarda gələcəyəm.
-Həyat yoldaşınız narkoman olduğunuzu bilirdi?
-Yox, uzun müddət bilmədi. Ancaq atam nəşə çəkdiyimi bilirdi. Bir dəfə ona söz verdim ki, "sənin canın üçün, bir də dilimə vurmayacam". Ancaq dözə bilmədim, çox keçmədən andımı pozdum. İynəni onsuz da az-az tapa bilirdim. Nəşəni də çox xəlvət çəkirdim. Birinci uşağımızın, oğlumun üç yaşı olardı, yoldaşım ikinci uşağa hamilə idi. Bir gün evdə gizlətdiyim bir büküm nəşə təsadüfən yoldaşımın əlinə keçibmiş. O da mənə bildirmədən şübhələndiyi bu otu öz qardaşına göstərib. Qardaşı da bunun nəşə olduğunu deyib. Həyat yoldaşım məndən gizlin atamı, qayınanamı, (qayınatam rəhmətə getmişdi)
qaynımı çağırıb bizə yığmışdı. Onların hansı məqsədlə yığışdıqlarını bilmirdim. Atam məni çağırıb abrımı verdi ki, "ay hər şey sənə haram olsun, bəs mənim canıma and içmişdin, nooldu?!" Həyat yoldaşım bunu eşidəndə daş atıb-başını tutdu, qışqır-bağır saldı ki, "deməli, sən bunun nəşə çəkdiyini bilirsənmiş?!" Atamın qarşısında şərt qoydu ki, "ya oğlun hamının yanında söz verib bu yoldan qayıdacaq, ya da mən boşanacam". Çox əsəbiləşdim, acıqca hamısının yanında dedim ki, "nəşə nədi, mən hətta iynə də vururam". Yoldaşım özündən gedib yıxıldı, onu birtəhər ayıltdılar. Özünə gələn kimi anasına dedi ki, "məni evimizə apar, mən bundan çoxdan şübhələnmişdim, mən narkomanla yaşaya bilmərəm...". Atam onların yanında mənə bir şillə vurdu. Qayınanam üç yaşlı oğlumu və gözüyaşlı hamilə yoldaşımı götürüb öz evlərinə apardı... Mən öz evimdə təkcə yaşayırdım. Nəşəxor dostlarımla hərdən görüşüb yenə "hallanırdıq".
-Bəs ailənin axırı necə oldu?
-İki aydan sonra mənə dedilər ki, qızım olub. O arada tək olanda oğlumun evdə qalmış paltarlarını iyləyib ağlayırdım. Atam, anam yanıma gəlmirdilər. Yalnız maşınımı xaltura eləmək üçün verdiyim kiçik qardaşım mənə baş çəkməyə gəlirdi. O da hərdən. Qadasını alım, o mənə həmişə qayğı göstərir, bədbəxt, xəstə və yazıq bir adam kimi yanaşır, ürək-dirək verib ailəmlə barışdırmaq istəyirdi. Mən də tərsliyimə salıb deyirdim ki, qayınanam necə aparıb ha, eləcə gətirməsə, onlarla barışmayacam. Sonra atam rəhmətə getdi. Yoldaşım yas yerinə gəlmişdi. Oğlum üstümə qaçdı. Mən onu qucaqlayıb öpdüm, ürəyimdə özümə söz verdim ki, bir də o "sənətə" qayıtmayacam...
Həmin gün axşam evə qayıdanda ət baltası ilə kötüyü yatdığım çarpayının altına qoydum. Özümə söz verdim ki, bir də narkotikdən istifadə etsəm, əlimin birini kəsəcəm. Gecələr yuxuda iynə vurub, nəşə çəkirdim. Uşaqlara dedim ki, mən bir də bu yola qayıtmayacağam. Çəksəydim, vursaydım, əlimi həqiqətən kəsəcəkdim...
-Demək, canınızı bu yolla qurtarmısınız...
-Bəli, iradəmi toplayıb o cəhənnəm əzabından birtəhər qurtuldum.
-Bəs sonralar heç ürəyiniz istəmədi?
-İki il sərasər özümlə mübarizə aparmışam. Sonra yavaş-yavaş istəklərimin şiddəti azaldı. Bir neçə dostumuz dozadan öldü. Eşitdim ki, Oleq də mən vətənə gələndən iki il sonra ölüb...
-Bəs indi ailədə vəziyyət necədir?
-Yoldaşım məni bağışlamadı. Mən yenidən evlənmədim, o da ərə getmədi. Əvvəllər mənim yardımımı istəmirdi. Yalnız mən bu zəhrimarın daşını atandan sonra qəbul elədi. Qızımın toyunda oldum. Oğlum hələ evlənməyib, hərdən yanıma gəlir. Ən böyük təskinliyim budur ki, uşaqlarım mənə nifrət eləmirlər...
-Açıq söhbətə görə təşəkkür edirəm, bir də, narahat olmayın, adınız anonim gedəcək.
-İndən belə nədən narahat olmalıyam ki?! Belə həyatı düşmənimə də arzulamıram...

Şəlalə Göytürk

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm