Alternativ enerji erası başlayır-AKTUAL
Bizi izləyin

Qırmızı.az

Alternativ enerji erası başlayır-AKTUAL

Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti:"Azərbaycan karbohidrogen

ehtiyatlarına arxayınlaşmayıb alternativ enerji ilə bağlı iri layihələr həyata keçirməlidir"

Dünyada neft-qaz kimi ənənəvi enerji mənbələri tükənmək üzrə olduğundan hazırda bütün inkişaf etmiş dövlətlər bu mənbələrdən asılılığı tədricən azaltmaq və gələcəkdə ondan imtina etmək istiqamətində fəaliyyətlərini gücləndiriblər. Fukusimadakı"2-cı Çernobıl"dan sonra atom enerjisinin taleyi də şübhə altına düşüb. Alternativ enerji mənbələrindən istifadəni artırmaq məsələsi bəşəriyyətin qarşısında qlobal bir problem kimi dayanır.

Alternativ enerji potensialı nə qədərdir?

Konkret sərhədləri və konkret bərpa olunmayan ehtiyatlar limiti olan Yer planetinin təbii resursları amansızcasına və sürətlə istismar olunur. Hesablamalara görə, əsrin sonlarına doğru neft-qaz və kömür yataqları tükənməyə başlayacaq. O vaxtadək alternativ enerjiyə keçilməsə, bəşəriyyəti ağır günlər gözləyir.
Ənənəvi enerji növlərinin ekologiyaya da ciddi zərər vurması əlavə problemlər yaradır. Təbii enerji isə tükənməzlik və bərpaolunma xüsusiyyəti, həmçinin ekoloji baxımdan təmizliyi ilə fərqlənir. Ekoloqların və fiziklərin hesablamalarına görə, alternativ enerji mənbələri bütün bəşəriyyəti istənilən qədər enerji ilə təmin etmək qüdrətindədir.
Azərbaycanın irihəcmli neft-qaz ehtiyatları olsa da, hesablamalara görə, yeni yataqlar kəşf olunmazsa, uzağı 2050-ci ildən sonra bu ehtiyatlar tükənməyə başlayacaq. Bu isə ölkənin alternativ enerji mənbələrinə keçid hazırlıqlarını sürətləndirməsini zəruri edir.
Artıq bir neçə ildir ki, ölkəmizdə külək və Günəş enerjisindən istifadəyə başlanıb. Lakin hələlik bu çox zəif haldadır. Halbuki Azərbaycanın alternativ enerji imkanları daha çoxdur.

Külək enerjisi hansı perspektiv vəd edir?

Hesab edilir ki, ilk külək mühərrikləri hələ 2 min il öncə Çində, Yaponiyada və Tibetdə quraşdırılıb. Bizim eramızdan öncəki dövrlərdə külək mühərrikləri Misirdə, Yaxın Şərqdə, o cümlədən Azərbaycanda da mövcud olub.
Dünyada ilk 100 kVt gücündə külək elektrik stansiyası keçmiş Sovet İttifaqında (Krımda) istismar olunub. İndi müxtəlif gücdə və fərqli konstruksiyalarda olan külək mühərrikləri dünyanın bir çox yerlərində və hətta daim küləkli dəniz və okeanlarda da quraşdırılaraq istismar olunur.
Təcrübə göstərir ki, Azərbaycanın bir çox rayonlarında külək enerjisi qurğularının tətbiqinin böyük perspektivi var. Hesablamalara görə, Azərbaycan 800 MVt-a yaxın illik külək enerjisi ehtiyatına malikdir. Bu ehtiyat ildə təxminən 2,5 milyard kVt/saat elektrik enerjisi deməkdir.
Bu isə öz növbəsində ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir. Üstəlik, öz maya dəyərinə görə külək enerjisi digər alternativ enerji mənbələri ilə müqayisədə daha ucuz başa gəlir.

Günəşli respublikanın Günəş enerjisi potensialı

Hələ 1600-cı ildə Fransada suyun ötürülməsi üçün istifadə edilən və qızdırılmış hava ilə işləyən ilk Günəş mühərriki yaradılmışdı. XVII əsrin axırında görkəmli fransız kimyagəri A.Lavuazye ilk Günəş sobasını yaratdı.
Sonrakı dövrlərdə bu sahədə zəif də olsa, irəliləyiş baş verdi və indi dünyada nəhəng həcmli Günəş batareyalarının qurulduğu stansiyalar var. Artıq bir çox ölkələrdə Günəş enerjisi ilə işləyən təyyarələr, gəmilər, avtomobillər, ev əşyaları var, hətta müxtəlif qurğular və binalar da bu enerji ilə təmin olunur.
Azərbaycanda günəşli saatların miqdarı il ərzində 2400-3200 saatdır. İl ərzində 1 m2 Yer səthinə düşən Günəş enerjisinin miqdarına görə Azərbaycan (1500-2000 kVt/saat) ABŞ, Rusiya, Fransa, Çin kimi ölkələrdən öndədir ki, bu da Günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər.
Ölkəmizdə günəşli günlərin sayı 300-dən çoxdur. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər. Artıq ölkəmizdə bununla bağlı müəyyən pilot layihələr həyata keçirilir. Bəzi binaların damında Günəş batareyaları qurulub və enerji təminatı tamamilə bundan alınır.

Su elektrik stansiyaları ekoloji təmiz texnologiyadır

Azərbaycanın ümumi enerji sistemində su elektrik stansiyalarının istehsal gücünün xüsusi çəkisi hazırda 18 faiz təşkil edir. Ölkədə indiyə qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının mənimsənilməsi üçün geniş imkanlar var.
Bu istiqamətdə aparılmış tədqiqat işləri nəticəsində Azərbaycandakı çayların tam hidroenerji potensialının 40 mlrd. kVt/saat, texniki cəhətdən əlverişli potensialının isə 16 mlrd. kVt/saat olduğu müəyyən edilib ki, bunun da 5 mlrd kVt/saatı kiçik SES-lərin payına düşür.
SES-lərin tikintisi sel sularının tənzimlənməsi, ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsalı və yeni suvarma sistemlərinin yaradılması kimi önəmli məsələlərin həllində də mühüm rol oynayır.
Azərbaycanda çaylar üzərində və su təsərrüfatı obyektlərində onlarla kiçik SES yerləşdirmək olar ki, onların da istehsal etdiyi elektrik enerjisi ildə azı 3 mlrd kVt/saat təşkil edə bilər.
Qeyd edək ki, hökumət yaxın perspektivdə 60-dan artıq kiçik SES-in tikintisini məqsədəuyğun hesab edir.

Geotermal və biokütlə enerjisi potensialı

Yer təkinin istiliyi bir çox ölkələrdə sənaye, kənd təsərrüfatı, məişət və kommunal sahələrdə və təbabətdə geniş istifadə olunur. Enerji istehsalında və istehlakında geotermal enerji mənbələrindən istifadənin üstünlüyü ondan ibarətdir ki, onların tətbiqi iri həcmli maliyyə vəsaiti tələb etmir.
Ekoloq Cəmşid Quliyevin sözlərinə görə, Azərbaycanda sənaye, kənd təsərrüfatı və sosial xidmət sahələrinin sürətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar açır. Ölkədə biomaddələrin böyük mənbələri mövcuddur.
“Hər il tullantıların zərərsizləşdirilməsi poliqonlarına 2 milyon tondan çox bərk məişət və istehsalat tullantıları atılır. Bakı və ölkənin iri sənaye şəhərlərində bərk məişət və istehsalat tullantılarının utilizasiya olunması ictimai binaların qızdırılmasındakı çətinliklərin qismən aradan qaldırılmasını təmin etmiş olardı", - deyə ekoloq"Gündəlik Teleqraf"a bidirib.
Ekspert deyir ki, bioqaz qurğularından kənd təsərrüfatında və ya böyük heyvandarlıq fermalarında istifadə səmərəlidir:"Artıq bəzi vətəndaşlarımız peyindən istifadə edərək bu qurğularda qaz və gübrə istehsal edir. Bu tamamilə zərərsiz, faydalı bir texnologiyadır".

Azərbaycan post-petrol erasına indidən hazırlaşmalıdır

Beynəlxalq Ekoenergetika Akademiyasının (BEA) prezidenti Fəqan Əliyev deyir ki, Azərbaycan təbii ehtiyatlarına arxayınlaşmayıb alternativ enerji ilə bağlı iri layihələr həyata keçirməlidir.
Ekspertin fikrincə, özəl sektorun bu sahəyə stimullaşdırılması lazımdır:"Belə stimullaşdırıcı tədbirlərdən biri də sahə ilə bağlı ölkəyə gətirilən avadanlıqların rüsumdan azad olunması ola bilər. Həmçinin, bu sahədə çalışan şirkətlərin sırf sahə ilə bağlı fəaliyyətinə vergi güzəştləri tətbiq edilməlidir".
BEA prezidentinin"Gündəlik Teleqraf"a bildirdiyinə görə, Azərbaycanda bu sahədə ciddi kadr problemi var və onun ən qısa müddətdə aradan qaldırılması üçün hökumət səviyyəsində tədbirlərin görülməsi zəruridir. Bu sahədə kadrlar yetişdirməli və elmi araşdırmaları dəstəkləməliyik.
Xatırladaq ki, 2010-cu il iyulun 16-da ölkə Prezidenti Sənaye və Energetika Nazirliyinin yanında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması haqda fərman imzalayıb.
Agentliyin yaradılmasında məqsəd Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrini istismara cəlb etməklə ölkənin enerji resurslarından istifadənin səmərəliliyini yüksəltməkdir.
Azərbaycan enerji ölkəsidir, bu torpağın altı da, üstü də enerji mənbəyidir. Hər halda, tükənən yeraltı enerjilərimizin əvəzinə tükənməz yerüstü enerji ehtiyatlarımızdan yararlansaq daha doğru olar. Çünki bu, daha təhlükəsiz, daha sağlam və ən əsası tükənməz enerjidir...

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm