Kosam bir oyun eylər...
Bizi izləyin

Qırmızı.az

Kosam bir oyun eylər...

Yaz - ən çox sevdiyim fəsildir. Bu fəsildə doğulduğum üçün deyil, bu fəsildə təbiətin oyanışı, havaların isinməsi bütün ovqatıma təsir edir. Yaxşı mənada.


Novruz bayramını isə yaş ötdükcə daha kövrək, uzaqlarda qalan doğma mərasim kimi qarşılayıram. Novruz uşaqlıq xatirələrimin bələdçisidir. Bayram ərəfəsində və bayram günlərində özümü bayram ovqatına kökləyə bilmirəm bu üzdən. Xatirələrim məni elə hey dartır dərinliklərə, itib-batmaqda olan çılğın uşaqlıq hisslərimin yanına...

Amma uşaqlıqdan bu yana Novruz mərasimlərinin atributu olan Kosa və Keçəlin geyimi və bunların hardan gəlməsi fikri beynimi məşğul etməkdədir. Doğrusu, deyim ki, heç vaxt bu yad ünsürləri sevməmişəm. Milad Bayramında bacadan girib uşaqlara sovqat qoyub, xəlvəti aradan çıxan, uzun qırmızı paltolu, hündürboylu, utancaq, qırmızıyanaq, sağlam, xoşbəxt görkəmli Şaxta Babadan fərqli olaraq, qapıdan içəri soxulub çiynindəki cırıq-cındır torbasını doldurmağı, sırtıqcasına tələb edən Kosa bizim bu qədimdən-qədim bayramımıza hardan gəlib çıxıb? İndi Yeni illə Novruz bayaramını qarşılayan azyaşlını müqayisə edək.

Sizcə, balacalar ona hədiyyə verən gülərüz Babanı, yoxsa qabağındakı şirniyyatı götürüb cırıq torbasına basan eybəcər məxluqu çox sevər?

- A kosa-kosa, gəlsənə!

Gəlib salam versənə!

Çömçəni doldursana!

Kosanı yola salsana!

- A uyruğu, uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun eylər,

Quzunu qoyun eylər.

Yığar bayram düyüsün,

Keçəlin toyun eylər...

Saqqalı it quyruğuna bənzəyən, kirli, acgöz Kosanın quzunu qoyuna çevirməsi də dəhşətlidir.

Görəsən, bu arsızı kim bayramımızın atributuna çevirib? Səməni bərəkət, onun belinə bağlanan qırmızı lent şənlik rəmzi olduğu halda, Kosayla Keçəl nəyin rəmzidir? Aclığın, yoxsulluğun pis nəticəsinin -abırsızlığınmı?..

Bayram tonqalının, müqəddəs bildiyimiz tonqalın başında əzizləyib, xurcununu min bir əziyyətlə, sevgiylə hazırladığımız şirniyyatlarla doldurduğumuz bu eybəcərləri bizdən başqa hansı ölkədə sevərlər?

Amalı xoş günümüzdə gəlib, başımızın üstünü kəsdirib dilənmək və yığdıqlarıyla ildə bir arvad almaq olan Kosanı, daha doğrusu, cadugəri ("Kosam bir oyun eylər, quzunu qoyun eylər") sevmək kimin ağlına gələrdi? Bəs Kosa hardan gəlir?

"Kosa, hardan gəlirsən?

- Dərbənddən.

- Nə gətirmisən?

- Alma.

- Almanı neylədin?

- Satdım.

- Pulunu neylədin?

- Öküz aldım.

- Öküzü neylədin?

- Vurdum öldü.

Başın sağ olsun kosa,

Ərşin uzun, bez qısa,

Kəfənsiz ölməz kosa".

Maraqlıdır. Həm də ona görə maraqlıdır ki, bayram şənliklərində oxunan bu mərasim nəğmələri də dərin məntiqə söykənən nəsnə deyil, sadəcə elə söz yığınıdır. Məsələn, yuxarıdakı nəğmədən bəlli olur ki, Kosa kəfənsiz ölməz. Kəfən isə müsəlmanlara aiddir. Belə çıxır ki, Zərdüşt Babanın Ocaq adətlərini hələ də özündə saxlayan Novruz bayramında dilənən və insanların canını boğazına yığan, məsxərə obyekti olan Kosa islamdan gəlib. Məncə, bu çox maraqlı məqamdır. Bizdə folklor da araşdırılmayan sahələrdəndir. Əgər folklorumuz dərindən araşdırılsaydı və Novruz bayarmının qaranlıq tərəflərinə işıq salınsaydı, o zaman

"Kimi və niyə sevirik" və ya "Kim sevdirir, niyə sevdirir?" suallarına veriləcək cavabın çox gecikdiyinin şahidi olarıq.

Bir sözlə, bu Novruz da xeyli kövrək xatirələriylə, xeyli cavabsız suallarıya gəlir...

Bütün suallarıyla, soyuqluğuyla, qayğılarıyla daha bir il gəlir ömürümüzə. Yeni ildən yeni, xoş ümidlər gözləyək. Xoş gəldin, Novruz, xoş gəldin, Yeni Gün!

Arzu Abdulla [email protected]

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm